Fevralın 24-ü Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsinin dördüncü ildönümünü, Moskvanın Ukrayna hökumətini “denasifikasiya etmək” məqsədilə başlatdığı “xüsusi hərbi əməliyyat”ın başlanğıcını qeyd edəcək. Üç gün davam etməsi planlaşdırılan həmin hərbi əməliyyat dörd il sonra da bitmək əlaməti göstərmir və nəticədə yaranan müharibə XXI əsrin ən mühüm hərbi münaqişəsinə çevrilib.
Ukrayna müharibəsi o qədər uzun çəkib ki, müasir müharibə ilə bağlı mühüm dərslər çıxarmaq mümkündür. Bu dərslərdən biri XXI əsrdə, kamikadze PUA-sı texnologiyalarındakı sürətli irəliləyişlərə baxmayaraq, artilleriyanın davamlı əhəmiyyəti ilə bağlıdır.
Ukrayna niyə kamikadze PUA-larına bu qədər arxalanır?
Artilleriya ehtimal ki, Ukraynada ən ölümcül silahdır, lakin PUA-lar sürətlə ona çatır. Bir istiqamətli hücum üçün nəzərdə tutulan pilotsuz uçuş sistemləri, həmçinin “gəzən sursat” və ya kamikadze PUA-ları kimi tanınan vasitələr döyüş meydanında itkilərin getdikcə daha böyük hissəsini təşkil edir.
Latviyanın kəşfiyyat xidmətlərinin məlumatına görə, kamikadze PUA-larının səbəb olduğu itkilər hazırda hər iki tərəf üçün 80 faizə qədər yüksəlib. Bundan əlavə, son beş ay ərzində Ukraynanın kamikadze PUA-ları 44 610 rus hərbçisini vurub, onlardan 24 731 nəfəri öldürülüb, 19 879 nəfəri isə yaralanıb. Bu məlumat Ukrayna ordusunun rəsmi statistikalarına əsaslanır.
Ukrayna ordusu kamikadze PUA-larına getdikcə daha çox güvənir, çünki onlar çox vaxt artilleriya mərmilərindən daha əlçatandır.
Bu tip pilotsuz sistemlərin artilleriya ilə müqayisədə müəyyən üstünlükləri var. Bacarıqlı PUA operatoru mərmi kimi istifadə olunan PUA-nı yüksək dəqiqliklə idarə edə, hətta düşmənin bütün səngər xətti boyunca hərəkət etdirərək içində əsgərlərin olduğu bunkeri tapana qədər davam edə bilər. Bundan əlavə, “atdım-unutdum” prinsipi ilə işləyən mərmidən fərqli olaraq, kamikadze PUA-ları dinamik tətbiq modeli təqdim edir və döyüş meydanındakı vəziyyətə reaksiya verə bilir. Əgər düşmən tankı meşə kənarına doğru geri çəkilərsə, kamikadze PUA-sı onu izləyə bilər. Əgər düşmən əsgərləri binada gizlənirsə, dolaşan sursat pəncərədən və ya yarıaçıq qapıdan içəri girərək dağıntı törədə bilər.
Kamikadze PUA-larının düşmən əsgərlərinə psixoloji təsiri də əhəmiyyətlidir. Yaxınlaşan artilleriya mərmisinin səsini eşitmək və zərbədən əvvəl sığınacaq tapmaq mümkündür. Kamikadze PUA-larını isə kiçik ölçüləri və çaşdırıcı vızıltı səsi səbəbindən müəyyənləşdirmək çətindir.
Artilleriyanın PUA-lar üzərində hələ də bəzi üstünlükləri var
Bununla belə, ümumilikdə artilleriya hələ də daha ölümcül, çox vaxt daha etibarlı və daha ucuzdur.
Eyni beş aylıq dövrdə Rusiya qüvvələrinin aylıq orta itkiləri öldürülən və yaralananlar birlikdə 30 000 nəfərdən çox olub. Bu rəqəmlər göstərir ki, kamikadze PUA-ları Rusiya qüvvələrinə ciddi itkilər versə və hər iki zərbədən birində bir rus hərbçisini öldürsə də, hazırda döyüş meydanında ən ölümcül silah deyil.
Qeyd etmək lazımdır ki, artilleriyanın ölümcüllüyü tərəflər arasında fərq qoymur. Böyük Britaniyanın hərbi analitik mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutu təxmin edir ki, Ukrayna itkilərinin təxminən 70 faizi artilleriya atəşi nəticəsində baş verir. Rusiya qüvvələri gündə orta hesabla 10 000 artilleriya mərmisi atır, bəzi günlərdə bu rəqəm 36 000-ə qədər yüksəlir. Ümumilikdə, müharibənin müxtəlif mərhələlərində artilleriya atəşindən yaranan itkilər döyüş meydanındakı ümumi itkilərin 80 faizinə qədər çatıb.
Kamikadze PUA-larının da döyüş meydanında zəif tərəfləri var. Onlar radioelektron vasitələrlə susdurula və ya müxtəlif üsullarla vurula bilər. Bundan əlavə, pilotsuz uçuş sistemləri əlverişsiz hava şəraitində effektiv fəaliyyət göstərə bilmir. Rusiya qüvvələri bəzən havadan öz xeyrinə istifadə edərək güclü yağış və ya qar zamanı daha çox hücum həyata keçirib, çünki belə hallarda Ukraynanın PUA əleyhinə tədbirləri məhdudlaşır. Artilleriya mərmilərinin isə belə problemləri yoxdur.
Bundan başqa, artilleriya mərmiləri PUA-lardan daha ucuzdur. Standart 155 millimetrlik mərmi daxil olmaqla artilleriya sursatının qiyməti adətən 3 000-5 000 dollar arasında dəyişir. Bir ədəd bir kamikadze sistemi isə bundan iki və ya üç dəfə baha ola bilər. Doğrudur, çox ucuz kamikadze PUA-ları da mövcuddur, lakin onların həm məsafə, həm də daşıma qabiliyyəti baxımından imkanları məhduddur.
Çəkiyə görə müqayisədə artilleriya mərmiləri PUA-lardan daha ölümcüldür. Artilleriyanın daha böyük atəş gücü və bu gücü cəmləşdirərək effektiv tətbiq etmək imkanı döyüş meydanında dağıdıcı nəticələr verir. Artilleriya zərbələri bütöv bir ərazini yerlə-yeksan edə və düşmənin müdafiə mövqelərini susdura bilər, bununla da əsas döyüş tanklarının və mexanikləşdirilmiş piyada bölmələrinin təhlükəsiz şəkildə irəliləməsinə şərait yaradar. PUA-lar hələlik bu effekti təkrarlaya bilmir.
Nəhayət, artilleriya kamkadze PUA-larından daha sadədir. Standart 155 millimetrlik haubitsa mərmisi nasazlıq yarada bilən mürəkkəb müasir proqram təminatına və elektronika sistemlərinə bağlı deyil. O, istənilən vaxt və istənilən şəraitdə, insan səhvi ehtimalı minimal olmaqla işləyəcək. Müharibənin xaosunda isə bu cür etibarlılıq müqayisəolunmazdır.
Dəyanət Ağalarlı
Ordu.az