Demoqrafik Göstəricilər və Siyasi Reallıq: Ermənistanda Əhali Axınının Təhlili

2026/02/1771835482.jpg
Oxunub: 614     16:21     24 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan adətən hökumətinin uğursuzluqları barədə danışmır. Amma haradasa cüzi bir irəliləyiş gördükdə, onu dərhal misilsiz və tarixi nailiyyət kimi təqdim etməyə tələsir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, bu yaxınlarda Paşinyan “məmnuniyyətlə qeyd edib” ki, guya 2025-ci il Ermənistana qayıdan ölkə vətəndaşlarının sayının ölkəni tərk edənlərdən 8.600 nəfər çox olduğu ilk il olub.

“Bu, faktiki olaraq o deməkdir ki, 2025-ci ilin nəticələrinə görə, miqrasiya axını müsbətə dəyişib”, - deyə Nikol Paşinyan tələsik nəticə çıxardı.

Müəllif yazıb ki, əvvəla, Ermənistana qayıdanların gedənlərdən çox olduğu ilk il deyil.

“Əvvəllər də belə illər olub və söhbət qətiyyən pandemiya dövründən getmir. Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi”ndən xeyli əvvəl də miqrasiyanın müsbət saldo verdiyi illər mövcud olub. Amma məsələ bu deyil. Keçən ilin nəticələrinə görə, qayıdanların sayının gedənlərdən 8.600 nəfər çox olmasını Paşinyan misilsiz uğur kimi təqdim etməyə çalışır, halbuki illərlə arxasında “kütləvi miqrasiya” buraxdığını dilə gətirmir.

Rəsmi statistikanın məlumatlarına əsasən, 2018-ci ildə Ermənistandan gedən və qayıtmayan vətəndaşların sayı qayıdanlardan 4.585 nəfər çox olub.

2019-cu ildə, Paşinyan böyük vədlərlə yeni hakimiyyətə gəldiyi və hələ xalq üçün hansı dağıdıcı siyasəti həyata keçirəcəyini tam göstərmədiyi dövrdə, gedənlərin sayı daha da çox olub. Həmin il çıxışlar girişləri 6.529 nəfər üstələyib”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, 2020-ci ildə girişlər çox olub, lakin bu, pandemiya ilə bağlı idi: geniş məhdudiyyətlər səbəbindən insanlar nə ölkədən çıxa bilirdilər, nə də xaricdə olanlar geri dönməyə məcbur qalmışdılar.

“2021-ci ildə baş verənlər isə bütün gözləntiləri aşdı. Həmin il kütləvi miqrasiya qeydə alındı və ölkəni tərk edənlərin sayı qayıdanları 73.571 nəfər üstələdi.

Paşinyan və “Vətəndaş Müqaviləsi”nin vətəndaşlara “gələcək var” vədi verdiyi sonrakı illərdə də miqrasiya meyli davam etdi. 2022-ci ildə çıxışlar girişləri 27.941 nəfər, 2023-cü ildə isə 36.512 nəfər üstələdi. 2024-cü ildə də mənfi fərq təxminən 15.000 təşkil etdi.

Bu illər ərzində ümumilikdə 164 mindən çox Ermənistan vətəndaşı ölkəni tərk edib və geri qayıtmayıb”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, bütün bunlardan sonra, ötən il qayıdanların bir neçə min nəfər çox olmasını “böyük nailiyyət” kimi təqdim etməyə çalışırlar.

“Əlbəttə, vətəndaşların hərəkət dinamikasının ötən il müsbət olması yaxşıdır, lakin bu meylin gələcəkdə nə dərəcədə qorunacağını zaman göstərəcək. Tək bir ilin müsbət dəyişimini görüb, ondan əvvəlki dövrün “itkilərini” görməzdən gəlmək göz boyamaqdır.

Nikol Paşinyanın baş nazirliyi illərində Ermənistandan gedənlərin sayı qayıdanlardan dəfələrlə çox olub və bu, rəsmi statistika ilə təsdiqlənmiş faktdır. İnsanlar gediblər, çünki burada gələcək görməyiblər, yaşamaq imkanı tapmayıblar, özlərinin və övladlarının gələcəyini Paşinyanla bağlamayıblar. O, “Böyük ölkəyə dönüş” vəd etsə də, on minlərlə vətəndaşın ölkəni tərk etməsinə səbəb olub.

Ötən il vətəndaşların hərəkət balansı müsbət qeydə alınıb, lakin bu, insanların artıq özlərinin və uşaqlarının gələcəyini Ermənistan və bugünkü hakimiyyətlə bağladıqları anlamına gəlmir. Seçkilər ərəfəsində Nikol Paşinyan bununla gətirdiyi “sülh” barədə miflər yaratmağa çalışır. Guya “sülh” artıq gəlib, Ermənistanda təhlükəsizlik var, insanlar məmnun və xoşbəxt yaşayır, gedənlər qayıdır və gələcəklərini yenidən Ermənistanla bağlayırlar. Amma reallıqda bunun nə dərəcədə belə olduğunu ölkənin demoqrafik vəziyyətini xarakterizə edən daha mühüm göstərici, doğulan uşaqların sayı göstərir”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, ötən il Ermənistanda əvvəlki illə müqayisədə daha az uşaq doğulub.

“Rəsmi məlumatlara görə, 2024-cü ildə 33.593, 2025-ci ildə isə 32.042 uşaq dünyaya gəlib.

Beləliklə, ötən il doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 1.551 nəfər və ya 4,6 faiz az olub. Halbuki həmin vaxt Paşinyanın gətirdiyi “sülh” hələ mövcud deyildi.

Əvvəlki illəri isə ümumiyyətlə xatırlatmırlar, çünki “olmayan sülh” şəraitində belə Ermənistanda daha çox uşaq doğulurdu.

Məsələn, 2017-ci ildə, Nikol Paşinyanın “təhlükəsiz və firavan” Ermənistandan danışmadığı dövrdə, ölkədə 37.700 uşaq doğulmuşdu. Ötən il isə cəmi 32.042 uşaq dünyaya gəlib.

Bu, Paşinyanın rəhbərliyi dövründə səkkiz il əvvəlki ilə nisbətən 5.658 uşaq az deməkdir.

Hələ onu da nəzərə almırıq ki, əvvəllər Qarabağda doğulan uşaqlar Paşinyanın “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) məhv edən siyasəti nəticəsində artıq üç ildir ki, Ermənistanda doğulurlar. Buna baxmayaraq, Ermənistanda doğulan uşaqların sayı illər əvvəlki dövrlə müqayisədə xeyli azdır, halbuki o vaxtlar uşaqlar təkcə Ermənistanda deyil, Qarabağda da doğulurdu.

Nikol Paşinyan belə bir gələcək gətirib. İndi isə səkkiz il ərzində “ilk dəfə” ötən il ölkəni tərk edənlərin sayının qayıdanlardan az olması ilə fəxr edir. Halbuki elə həmin ildə Ermənistanda 1.500-dən çox az uşaq doğulub. Çünki insanlar Paşinyanın gətirdiyi “sülh”ə inanmır və öz gələcək övladlarının taleyini bu cür Ermənistanda görməyə hazır deyillər”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin