Ermənistan Ordusunda Ruhani Xidmət: Ləğv, Yoxsa Siyasi Yenidənqurma?

2026/02/1770015602.jpg
Oxunub: 606     15:21     02 Fevral 2026    
Yanvarın 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan 2026-cı il iyulun 29-u tarixli əmrini yayıb. Həmin əmrə əsasən, 2000-ci ilin iyulunda Ermənistan müdafiə nazirinin verdiyi 728 nömrəli əmr qüvvədən düşmüş hesab edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Papikyanın seçdiyi yanlış taktika və zamanlama: Ruhani xidmət ləğv edilib, yoxsa sərfəli olmayan ruhanilərin fəaliyyəti dayandırılıb?” yazıb.

Nəşrə görə, sözügedən əmrə əsasən “Ermənistan Silahlı Qüvvələrində Erməni Apostol Kilsəsinin ruhani xidməti haqqında əsasnamə” qüvvəyə minməli idi.

“Suren Papikyanın əmrində, xüsusilə, qeyd olunur: “2026-cı il fevralın 1-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Ruhani Xidmətinin rəhbərinin və Erməni Apostol Kilsəsi tərəfindən təyin olunmuş ruhani xidmətçilərin Ermənistanın müdafiə sistemində fəaliyyəti dayandırılsın”.

Bundan sonra Baş Qərargah rəisinə tapşırılır ki, bu əmr qüvvəyə minənədək müddətli həqiqi hərbi xidmətə çağırılmış və Ermənistan Silahlı Qüvvələrində baş keşiş və ya keşiş hərbi vəzifəsinə təyin edilmiş şəxslər tərəfindən ruhani xidmətin həyata keçirilməsi Silahlı Qüvvələrin Baş Qərargahının mənəvi-psixoloji təminat idarəsinin ümumi koordinasiyası və xidmət yerindəki hərbi hissə komandirinin birbaşa tabeliyi altında təmin edilsin”, - deyə məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, bundan əlavə, Ermənistan Silahlı Qüvvələrində ruhani xidmətin həyata keçirilməsi funksiyaları ilə mayor rütbəsinə uyğun böyük zabit və kapitan rütbəsinə uyğun kiçik zabit kateqoriyasında müvafiq olaraq baş keşiş və keşiş üçün komandir olmayan vəzifələrin yaradılmasından bəhs olunur.

“Bu halda əsas şərt Erməni Apostol Kilsəsinin ruhani təhsilini almış olmaqdır.

2000-ci ilin sentyabrında təsdiq edilmiş əsasnamədə hansı müddəalar yer alırdı?

Məsələn, qeyd olunur ki, Ruhani Xidmətin rəhbəri bütün ermənilərin katolikosuna, Ermənistan müdafiə nazirinə və onun tərbiyə işləri üzrə müavininə hesabat verir. Ordu korpusları və hərbi hissələrin ruhani xidmətçiləri isə öz növbəsində Ruhani Xidmətin rəhbərinə və ordu korpusları ilə hərbi hissələrin komandirlərinə tabedirlər. Ruhani xidmətçilərin yol verdiyi pozuntular isə Erməni Apostol Kilsəsinin nizamnaməsinə uyğun müəyyən edilir.

Ermənistan Silahlı Qüvvələrində Ruhani Xidmətin ləğvinə gəldikdə isə, yuxarıda qeyd olunan əsasnaməyə əsasən, bu proses bütün ermənilərin katolikosunun xeyir-duası və müdafiə nazirinin əmri ilə həyata keçirilməlidir.

Ötən gündən etibarən mütəxəssislər bildirirlər ki, Suren Papikyan 2000-ci il əsasnaməsinin bu müddəasını pozub. Digər məsələ isə Ermənistan Müdafiə Nazirliyinin bunu necə izah etməsidir: bu, ləğvdir, yoxsa Silahlı Qüvvələrdə ruhani xidmətin təşkili və ya yenidən təşkili?”, - deyə KİV vurğulayıb.

Müəllifin sözlərinə görə, əgər hadisələr Nikol Paşinyanın kilsə və katolikos ətrafında başladığı “islahatçı” proseslərin fonunda baş verməsəydi, bütün bunlar yəqin ki, bu qədər kəskin qarşılanmazdı.

“Həmin proseslər nəticəsində Silahlı Qüvvələrdə və ordunun Ruhani Xidməti ətrafında da gərginlik yaranmışdı. Yəni Silahlı Qüvvələrdə ruhani xidmətin yenidən təşkili ideyası kilsə ilə Silahlı Qüvvələr və ya kilsə ilə Müdafiə Nazirliyi arasında dialoq və müzakirələr nəticəsində formalaşsaydı, vəziyyət fərqli ola bilərdi.

Bu cür siyasi tələskənlik isə, 2026-cı ilin “cinayət submədəniyyətinə qarşı mübarizə ili” elan edildiyi bir dövrdə, ordunun mənəvi-psixoloji mühitinə əlavə zərər vura bilər.

Orduda belə bir qərar bu dərəcədə siyasi xarakter daşıya bilməzdi. Qeyd edək ki, 1997-ci ildə Üçmüədzin kilsəsi ilə Ermənistan Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdı. Həmin sənəddə ordunun ruhani xidmətçilərinin fəaliyyət sahəsi, strukturu, vəzifələri və məqsədləri razılaşdırılmış və dəqiqləşdirilmişdi.

Əgər məqsəd Ermənistan Silahlı Qüvvələrindən Ruhani Xidməti və ya Üçmüədzin kilsəsinin bu xidmətin təşkili, kadrların seçilməsi və təyinatındakı rolunu tamamilə istisna etmək idisə, onda bu memorandum da ayrıca bir əmrlə ləğv edilməli deyildimi?

Ümumiyyətlə, orduda Ruhani Xidmət həmişə, xüsusilə də hərbi paradlar dövründə müəyyən dairələrdə narazılıq doğurub. Bu tədbirlərdə keşişlərin dəstəsinin də iştirakı olurdu. Bu, həm də Azərbaycanın maraqlarına uyğun deyildi.

Bu kontekstdə xatırladaq ki, 2017-ci ildə o vaxtkı müdafiə naziri Vigen Sarkisyan parlamentə bir qanun layihəsi təqdim etmişdi və həmin layihəyə əsasən, hamı hərbi xidmət keçməli idi. Hamını orduya göndərmək ideyası “Yelk” fraksiyasının xoşuna gəlmirdi, halbuki xüsusi uğurlar əldə etmiş gənc alimlər üçün müəyyən istisnalar mümkün hesab edilirdi.

Parlament müzakirələrindən birində isə “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanı xüsusilə belə bir sual maraqlandırmışdı: “Niyə tarixçi olmaq istəyən adama deyirlər ki, əgər tarixçi olmaq istəyirsənsə, əvvəl xidmət et, amma insan ruhani olmaq istəyəndə ona möhlət verilir?”.

Vigen Sarkisyan Paşinyana cavab olaraq bildirmişdi ki, “ruhanilərin ordudan azad edilməsi ilə bağlı heç yerdə yazılmayıb, ruhanilər hökumət qərarı ilə möhlət alırlar. Sadə səbəbə görə ki, digər ali məktəblərdə bu var, niyə Gevorqyan seminariyasında olmasın?”. O əlavə etmişdi ki, katolikosla razılaşma var: əgər ali məktəblərdə möhlət hüququ ləğv edilərsə, ruhanilər də gedib xidmət etməlidirlər”, - deyə məqalədə vurğulanıb.

KİV yazıb ki, yəni Paşinyanın həm orduya, həm də kilsəyə yönəlmiş diqqəti yeni məsələ deyil.

“Qeyd edək ki, ruhanilər uzun müddətdir Rusiya Silahlı Qüvvələrində, NATO-ya üzv ölkələrdə, Ukraynada xidmət edirlər. Yəni kapellanlar üçün ayrıca ştatlar mövcuddur.

Bundan əlavə, yaxın günlərdə Ümumrusiya Patriarxı ölkənin qanunverici orqanını hərbi ruhaninin statusunu qanunvericiliklə müəyyən etməyə çağırıb. Çünki Rusiya tərəfindən həyata keçirilən Xüsusi Hərbi Əməliyyatlar zonasında təxminən 150 ruhani fəaliyyət göstərir, lakin onların hüquqi statusu dəqiq müəyyənləşdirilməyib və tənzimlənməyib.

Əlavə edək ki, 2020-ci ilin 44 günlük müharibəsində ruhanilər arasında da ölənlər və itkin düşənlər olub.

Ermənistan müdafiə naziri Suren Papikyanın siyasi baxımdan təhlükəli addımlarına gəldikdə isə, onun mənfi nəticələrini hələ görəcəyik. Bunun əsas səbəbi isə bu addımların hansı şəraitdə və necə atılmasıdır. Ordunun təhlükəli siyasi proseslərə cəlb edilməsinin məsuliyyəti isə yalnız Suren Papikyanın üzərində qalacaq. Amma necə deyərlər, bu onun seçimidir. Lakin bu, o demək deyil ki, bir gün Nikol Paşinyan “elə onun mövcud statusunun da ləğv edilməsi” barədə qərar verməyəcək. Əgər siyasi vəziyyət tələb edərsə, Paşinyan əsaslandırmalar tapmaqda çətinlik çəkməz.

P.S. Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələrinin ruhani rəhbəri Movses Sarkisyanın mesajı haqqında yazmışdıq. Lakin Suren Papikyan siyasi liderinin göstərişi ilə təzyiq yolunu seçdi. Əgər ordu ruhanisinin qarşısına seçim qoyulmasaydı, görəsən, bu gərginlik yaranardımı? Əlbəttə ki, yox. Burada artıq əsas məsələ Suren Papikyanın əmrini ağır bir ahla imzalaması (bunu jurnalistlərlə görüş zamanı Ktriç Nersisyan adını çəkərkən etmişdi), yaxud bunu asanlıqla etməsi deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin