Ermənistan ABŞ-yə dini missiya ilə səfir göndərib?

2026/01/1769411612.jpg
Oxunub: 374     11:41     26 Yanvar 2026    
Ötən günlərdə məlum olub ki, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan növbəti dəfə dini təşkilat nümayəndələri ilə görüş keçirib. Bu dəfə Ermənistan səfiri “mormon kilsəsi”nin rəhbərləri ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Narek Mkrtçyanın öhdəliyi nədir? Ermənistan ABŞ-yə dini missiya ilə səfir göndərib?” başlıqlı məqaləsində yazıb.

Nəşə görə, Narek Mkrtçyan görüş zamanı bildirib: “Bir sıra digər dini təşkilatlar kimi, bu kilsə də Ermənistanda sərbəst fəaliyyət göstərir, çünki dini azadlıq Ermənistanda demokratiyanın ən mühüm tərkib hissələrindən biridir”.

Müəllif qeyd edib ki, erməni səfir bu sözləri “İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsi” adlanan mormon dini qurumuna istinad edərək deyib.

“Lakin oxucu üçün aydın olsun deyə qeyd edək ki, erməni xalqının mənəvi mərkəzi olan Erməni Apostol Kilsəsi haqqında bu cür fikirlərin səsləndirilməsi, əlbəttə ki, mövcud altruist hakimiyyət şəraitində artıq sayılardı. Mkrtçyanın Ermənistanda hakim olan komanda yoldaşları hər gün sübut edirlər ki, Üçmüədzin kilsəsinə, onun ruhani rəhbərinə və digər yüksək rütbəli din xadimlərinə qarşı sıfır tolerantlığa malikdirlər. Bununla yanaşı, başqa bir məqam da diqqət çəkir”, - deyə məqalədə qeyd edilib.

Müəllif vurğulayıb ki, Narek Mkrtçyan təyin olunduğu vaxtdan etibarən müxtəlif dini qurumlar, dinlə bağlı platformalar və şəxslərlə aktiv ünsiyyəti ilə seçilir.

“Gənc səfirin bu cür “öhdəliyi” kimdən aldığı anlaşılmazdır: regional miqyasda ciddi çağırışlarla üzləşən bir dövləti təmsil edən diplomat üçün bu gün dini məsələlər prioritetdirmi, yoxsa bu, onun şəxsi təşəbbüsüdür?

Hər halda, onun 2025-ci ilin avqustunda təyin olunmasından bəri diqqət çəkən bir sıra maraqlı görüşlər və açıqlamalar olub:


2025-ci ilin sentyabrı: ABŞ-də Ermənistanın yeni təyin olunmuş səfiri Narek Mkrtçyan, qardaşı son günlərdə səs-küylü bir qalmaqalda adı hallanan şəxs kimi tanınsa da, ABŞ-də “Pray.com” adlı dini saytın həmtəsisçisi Matt Potter ilə görüşüb. Məlumatda qeyd olunub ki, “görüş zamanı Ermənistanın zəngin xristian tarixi və irsinin “Pray.com” platformasında təqdim olunması imkanları müzakirə edilib”. İctimai dairələr isə bu platformanı “təriqətçi təbliğat məkanı” kimi xarakterizə ediblər.

2025-ci ilin sentyabrı: Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Billi Qrem Avangelist Assosiasiyasının (Billy Graham Evangelistic Association) vitse-prezidenti və ruhani lideri Viktor Hamm ilə görüşüb. Tərəflər xristian gündəliyi ilə bağlı məsələlərdə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.

2025-ci ilin oktyabrı: Narek Mkrtçyan səfirlikdə ABŞ Milli Dua Günü Komitəsinin sədri xanım Keti Brenzeli qəbul edib. Səfirliyin məlumatına görə, “tərəflər Ermənistan və ABŞ-ni birləşdirən xristian dəyərlərinin rolunu vurğulayıb, həmçinin əməkdaşlığın mümkün formatları və ideyaları ətrafında fikir mübadiləsi aparıblar”.

2025-ci ilin dekabrı: Ermənistanın ABŞ-dəki səfirliyi bildirib ki, “dekabrın 9-da səfir Narek Mkrtçyan ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıq məsələləri üzrə yüksək vəzifəli rəsmisi Ayzak Siks ilə görüşüb”. Görüş zamanı səfir vurğulayıb ki, “dini azadlıq Ermənistanda demokratiyanın mühüm tərkib hissəsidir”.

2025-ci ilin dekabrı: Narek Mkrtçyan “Save Armenia” yəhudi-xristian ittifaqının yeni təyin olunmuş icraçı direktoru və prezidenti Pol Myurreyi, eləcə də ictimai xadim Stiven Vaqneri qəbul edib.

2026-cı ilin yanvarı: Bir neçə gün əvvəl Vaşinqtondakı Bibliya Muzeyində Ermənistanın Baş naziri Nikol Paşinyanın muzeyə hədiyyə etdiyi Müqəddəs Kitabın təqdimetmə mərasimi keçirilib. Tədbirdə Erməni Apostol Kilsəsinin ABŞ Qərb Yeparxiyasının rəhbəri arxiyepiskop Hovnan Terteryan, müxtəlif xristian qurumlarının nümayəndələri, o cümlədən “Save Armenia” yəhudi-xristian ittifaqının icraçı direktoru və prezidenti Pol Myurrey iştirak ediblər. Qeyd edək ki, bu qurum son illər Ermənistan səfərləri və müxtəlif rəsmi şəxslərlə görüşlər kontekstində olduqca fəaldır.

Unutmayaq ki, ötən ilin fevralında ABŞ-dəki keçmiş və indiki səfirlərin siyasi himayədarı kimi təqdim olunan Nikol Paşinyan Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, IRF SUMMIT saytının məlumatına görə, Paşinyanla yanaşı əsas məruzəçilər arasında aktyor Reyn Uilson, ABŞ prezidenti Trampın xüsusi müşaviri Paula Uayt, “İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsi”nin nümayəndəsi Əhməd Korbit (bu qurum daha çox “mormonlar” adı ilə tanınır), “Mountain Gateway”in qurucusu Britt Henkok, Müqəddəs Patriarx Moran Mor İqnatius II Afrem, Vyetnamın siyasi və dini məhbusları ilə dostluq assosiasiyasının rəhbəri Nquyen Bak Truien və Şeyx Abdallah bin Bayah yer alıblar.

“Bir daha sual veririk: ümumiyyətlə, Ermənistanın ABŞ-dəki səfirliyi nə işlə məşğuldur? Ermənistanda Erməni Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna və digər yüksək rütbəli din xadimlərinə qarşı konstitusiyaya zidd, aqressiv və xuliqan xarakterli hücumlar həyata keçirən hakim “Vətəndaş Müqaviləsi” qüvvəsi və onun ABŞ-dəki nümayəndəsi, səfir Narek Mkrtçyan dini və təriqətçi təşkilatlarla hansı görüşləri keçirir, hansı proqramları reallaşdırır?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Mkrtçyan  


Bizi "telegram"da izləyin