Erməni ekspert: “ABŞ modeli”nin qəbul edilməsi Ermənistanda böyük gücə malik atom enerji blokunun bağlanmasına gətirib çıxara bilər”

2026/01/1769411517.jpg
Oxunub: 382     13:17     26 Yanvar 2026    
“KİV-lər ABŞ Prezidenti Donald Trampın paylaşımını yayıblar. Həmin paylaşımda Tramp ötən ilin avqustunda əldə olunmuş razılaşmanın qorunub saxlanılmasına görə Nikol Paşinyana və İlham Əliyevə təşəkkür edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr bildirib ki, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində xüsusilə ABŞ vitse-prezidenti Vensin fevral ayında hər iki ölkəyə planlaşdırılan səfərindən bəhs edib, həmçinin Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığının möhkəmləndiriləcəyini, Ermənistanla isə dinc nüvə əməkdaşlığına dair saziş imzalanacağını qeyd edib.

“Bundan əlavə, amerikalı iri istehsalçılar üçün yarımkeçiricilərlə bağlı müqavilələrin bağlanacağı, eləcə də ABŞ-də istehsal olunan müdafiə vasitələrinin, zirehli gödəkçə, mühərrikli qayıq və digər avadanlıqların Azərbaycana satılacağı bildirilib.

Qeyd edək ki, ictimai və siyasi dairələrdə belə fikirlər də mövcuddur ki, ABŞ tərəfi Ermənistan və Azərbaycana verilən vədlər və cızılan perspektivlər məsələsində açıq şəkildə Ermənistanı arxa plana keçirib”, - deyə nəşr bildirib.

Bu məqamı bir kənara qoyaraq, “168.am” erməni politoloq, enerji məsələləri üzrə ekspert Vahe Davtyandan yalnız Ermənistana verilən vədin parametrləri ilə bağlı münasibət öyrənib. “Trampın son “Ermənistanla dinc nüvə əməkdaşlığına dair möhtəşəm saziş imzalayacağıq” açıqlamasını necə şərh edərdiniz?” sualına cavab olaraq Davtyan bildirib:

“Bu bəyanat ilk baxışda iqtisadi və ya energetik əməkdaşlıq istiqamətində növbəti addım kimi görünə bilər, lakin əslində burada daha geniş, geosiyasi kontekst açıq şəkildə görünür. Hər şeydən əvvəl söhbət Ermənistanın enerji sistemindən Rusiyanın mövqelərinin tədricən sıxışdırılıb çıxarılması cəhdindən gedir.

Risklərin konkret qiymətləndirilməsinə gəldikdə isə, ən əsas problem ondan ibarətdir ki, “ABŞ modeli”nin qəbul edilməsi Ermənistanda böyük gücə malik atom enerji blokunun bağlanmasına və onun 100 MVt-a qədər gücü olan kiçik modul reaktoru ilə əvəzlənməsinə gətirib çıxara bilər. Bu, prinsipial dəyişiklikdir. Belə reaktor yalnız daxili istehlak üçün nəzərdə tutulur və Ermənistanın elektrik enerjisi ixracı imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Bu halda isə Ermənistan və Azərbaycanın elektrik enerji sistemlərinin birləşdirilməsi bizi sadəcə idxalçıya çevirəcək”.


Enerji məsələləri üzrə erməni ekspert bu kontekstdə xatırladıb ki, ABŞ-nin hazırda kiçik modul reaktorların real istismar təcrübəsi yoxdur.

“ABŞ-də ilk belə stansiyanın istismara verilməsi ən yaxşı halda 2031-ci ilə planlaşdırılır və bu da yüksək maya dəyəri və qeyri-müəyyən iqtisadi səmərəlilik şəraitində baş tutacaq. Yəni ABŞ modelinin seçilməsi Ermənistanı faktiki olaraq sınaq meydançasına çevirir ki, bu da atom energetikası kimi həssas sahə üçün xüsusilə təhlükəlidir. Müqayisə üçün qeyd edim ki, Rusiya İrəvana konkret və sınaqdan çıxmış həll təklif edir: “Leninqrad AES”də fəaliyyət göstərən VVER-1200 tipli, 1200 MVt gücə malik enerji bloku. Bu təklif aydın texniki, iqtisadi və istismar meyarlarına malikdir. Ola bilsin ki, bizim bazar üçün bu güc həddindən artıq böyük görünsün, lakin əgər məqsədimiz həqiqətən davamlı ixracı təmin etmək və eyni zamanda sənaye sistemini inkişaf etdirməkdirsə, bu belə deyil.

Moskva bu gün bizə həmçinin modul reaktor layihəsi, RİTM-200N tipli kiçik reaktorlar da təklif edir. Bu layihənin öz üstünlükləri var: yüksək seysmik davamlılıq, 60 ilə qədər istismar müddəti və 50-60 MVt güc”, - deyə Davtyan izah edib.

Bununla yanaşı, o vurğulayıb ki, məsələ təkcə texnologiya ilə məhdudlaşmır, söhbət geoiqtisadi seçimdən gedir.

“Böyük gücə malik AES-dən imtina uzunmüddətli perspektivdə Ermənistanın ixrac potensialını azaldacaq. Təkcə günəş energetikası hesabına dayanıqlı ixracı təmin etmək mümkün deyil. İranla üçüncü elektrik ötürücü xəttinin tikintisi enerji çatışmazlığı olan İranın şimal vilayətlərinə elektrik enerjisi ixracı üçün ciddi imkanlar açır. Bunun üçün isə məhz böyük gücə malik istehsal tələb olunur.

Odur ki, bu seçim yalnız texnoloji deyil. Bu, regionda Ermənistanın yerinin müəyyənləşdirilməsi, onun enerji suverenliyinin və strateji sabitliyinin qorunması ilə bağlı seçimdir”, - deyə Davtyan qeyd edib və əlavə edib ki, bu gün baş verənlər ümumilikdə TRIPP-in (Zəngəzur dəhlizi-red.) məntiqi çərçivəsinə uyğundur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin