Rus KİV-i: Bakı ilə İrəvan arasında münasibətlər əməkdaşlığa çevrilir

2026/01/1769248414.jpg
Oxunub: 342     10:24     26 Yanvar 2026    
Yanvarın 21-də ilk azərbaycanlı ailələr Xankəndiyə qayıdıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Ng.ru” nəşri “Bakı ilə İrəvan arasında münasibətlər əməkdaşlığa çevrilir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu fonda Davos forumunda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Vahaqn Xaçatryan “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel müzakirəsində iştirak ediblər.

“Onlar Şərq-Qərb maraqları kontekstində Cənubi Qafqazda və Mərkəzi Asiyada dəyişən qüvvələr balansını, kommunikasiyaların açılmasını və “Tramp yolu”nu (Zəngəzur dəhlizi-red.) müzakirə ediblər. “Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”, - deyə İlham Əliyev “Euronews”ə müsahibəsində bildirib.

Forum ərəfəsində elan edilmişdi ki, Nikol Paşinyan və İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq istiqamətində göstərdikləri səylərə görə Zayed Sülh Mükafatı ilə təltif olunacaqlar. “Mükafat Paşinyana Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün davamlı səylərinə görə verilib. Eyni mükafat İlham Əliyevə də təqdim olunub ki, bu da birgə işləməyin zəruriliyini bir daha vurğulayır”, - deyə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bəyan edib.

Bundan əlavə, Ermənistan və ABŞ hakimiyyətləri “Tramp yolu”nun reallaşdırılması ilə bağlı razılığa gəliblər və tikintinin 2026-cı ilin ikinci yarısından başlaması nəzərdə tutulur”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, Davos səfərindən əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov amerikalı həmkarı Marko Rubioya zəng edərək danışıqların detallarını aydınlaşdırıb və Vaşinqtonu Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həllinə Azərbaycanın sadiqliyinə inandırıb.

“Ermənistanın Xarici Kəşfiyyat Xidməti də ümumilikdə Ceyhun Bayramovun bu təminatları ilə razıdır. Yanvarın 20-də dərc olunan illik hesabatda qurum Vaşinqtonda əldə olunmuş razılaşmalar sayəsində Azərbaycanla hərbi eskalasiyanın demək olar ki, mümkün olmadığını qeyd edib. Kəşfiyyat nümayəndələri proqnozlaşdırıblar ki, 2026-cı ilə qədər tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası, ticarət-iqtisadi təşəbbüslərin icrası, iki cəmiyyət arasında dialoq, humanitar layihələr və digər sahələrdə irəliləyiş əldə edə bilərlər.

Eyni zamanda, “Fitch” beynəlxalq reytinq agentliyi qeyd edib ki, İrəvanla Bakı arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqazda iqtisadi artıma müsbət təsir göstərib, lakin tərəflər sülh sazişi imzalamağa nail ola bilməsələr, bu irəliləyiş dayana bilər. Buna baxmayaraq, agentlik Ermənistanın uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsində təsdiqləyib və proqnozu “stabil”dən “müsbət”ə dəyişib. Analitiklər 2026 və 2027-ci illərdə Ermənistanın ÜDM-nin 5 faiz artacağını, Azərbaycanın iqtisadiyyatının isə proqnozlara görə 1,7-1,8 faiz böyüyəcəyini bildiriblər”, - deyə məqalədə bildirilib.

Bununla belə, Ermənistanın Qafqaz İnstitutunun elmi əməkdaşı Hrant Mikayelyan nəşrə açıqlamasında deyib ki, müsbət xəbərlərin seli münaqişənin nizamlanmasında irəliləyiş təəssüratı yaradır.

“Birincisi, Ermənistan iqtisadiyyatı yaxşı artım göstərir, lakin bu, bağlı sərhədlər şəraitində baş verir. Ölkənin gəlirləri əsasən xidmət sektorundan və Gürcüstan vasitəsilə Rusiyaya malların ixracından formalaşır. Sülhə dair heç bir gözlənti Ermənistanın ÜDM-nə təsir göstərə bilməz, çünki ölkənin fond bazarı faktiki olaraq inkişaf etməyib. İkincisi, İrəvan və Bakı başqalarını danışıqlarda irəliləyiş olduğuna inandırmaq istəyir, amma heç bir real irəliləyiş görünmür. Parlament seçkiləri ərəfəsində Paşinyan özünü Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri yaxşılaşdıracaq, nəqliyyat kommunikasiyalarını açacaq bir sülhməramlı kimi təqdim etmək istəyir. Ancaq çox söz var, nəticə isə taxıl və yanacağın simvolik tədarükləri istisna olmaqla, demək olar ki, yoxdur. İlham Əliyev 1992-ci ildən Qarabağ müharibəsinə görə tətbiq edilmiş ABŞ-dən Azərbaycana birbaşa yardım qadağasını aradan qaldırmaq istəyir. Buna görə də o, hamını sülhün çatdığına inandırır, amma eyni zamanda kommunikasiyaları açmağa və sülh sazişini imzalamağa tələsmir, çünki hesab edir ki, mövcud vəziyyətdən hələ maksimum fayda əldə etməyib”, - deyə Mikayelyan bildirib.

Erməni mütəxəssis əlavə edib ki, münaqişənin yenidən kəskinləşməsi riski isə hələ də qalmaqdadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İrəvan  


Bizi "telegram"da izləyin