Erməni politoloq: “Ermənistanın “Sülh Şurası”nda iştirakı imkan deyil, risklərə çevrilə bilər”

2026/01/1769245784.jpg
Oxunub: 320     10:58     26 Yanvar 2026    
“Son aylarda beynəlxalq gündəmdə ortaya çıxan “Sülh Şurası” ilkin mərhələdə məhdud məqsədlər üçün formalaşdırılmış bir təşəbbüs idi. O, Qəzza zolağının müharibədən sonrakı bərpa prosesinə nəzarət etməli olan bir mexanizm kimi təqdim edilirdi”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, təşəbbüsün siyasi himayədarı Donald Trampın şuranın yalnız Qəzza ilə deyil, ümumilikdə qlobal münaqişələrin tənzimlənməsi ilə məşğul olmalı olduğunu bəyan etməsindən sonra vəziyyət kəskin şəkildə dəyişib.

O bildirib ki, bu açıqlama ilə təşəbbüs faktiki olaraq ilkin mandatından kənara çıxaraq qlobal idarəetmə müstəvisinə daxil olan yeni bir siyasi formata çevrilib.

“Ekspert dairələrinin geniş hissəsi bu inkişafı BMT-nin rolunu azaltmaq və ya kənardan dolanmaq cəhdi kimi qiymətləndirir. Tramp uzun illərdir BMT-ni ləng, səmərəsiz və hər zaman ABŞ maraqlarına uyğun olmayan bir qurum kimi tənqid edib. “Sülh Şurası”nın genişləndirilmiş mandatı məhz bu tənqidlərin praktiki təzahürü, BMT-dən kənar bir platforma yaratmaq cəhdidir.

Bu kontekstdə Ermənistanın şuraya qoşulması həm imkanlar, həm də ciddi risklər vəd edir.

Ermənistan qeyri-formal, lakin siyasi baxımdan həssas bir platformaya daxil olur. Burada qərarlar və ya siyasi siqnallar BMT-nin ağır prosedurları olmadan formalaşa bilər. Bu, kiçik bir dövlət üçün nəzəri baxımdan erkən məlumatlanma, əlaqələrin genişləndirilməsi və bəzi gündəlik məsələlərin səsləndirilməsi imkanı yarada bilər”, - deyə Surenyants qeyd edib.

O vurğulayıb ki, digər tərəfdən, məhz bu qeyri-formallıq əsas təhlükəni ehtiva edir.

“Şuranın mandatı aydın hüquqi çərçivələrə, məsuliyyət mexanizmlərinə və qərar qəbuletmə prosesinin şəffaf qaydalarına malik deyil. “Qlobal münaqişələrin həlli” ifadəsi siyasi baxımdan cəlbedici səslənsə də, praktikada olduqca geniş və qeyri-müəyyəndir. Nəticədə iştirakçı dövlətlər öz milli maraqlarına uyğun olmayan, hətta xarici siyasət balansına zidd olan proseslərə cəlb oluna bilərlər.

Bundan əlavə, ciddi risk mövcuddur ki, kiçik dövlətlər bu cür formatlarda tamhüquqlu iştirakçılar kimi deyil, böyük aktorların qəbul etdiyi qərarların siyasi legitimləşdirilməsi üçün fon rolunda istifadə olunsunlar və real təsir rıçaqlarına sahib olmasınlar. Bu kontekstdə qeyd etmək lazımdır ki, Ermənistan təəssüf ki, hələ də beynəlxalq proseslərin subyekti deyil, obyekti olaraq qalır. Bunun bariz nümunəsi Davosda baş verənlər idi: Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirməyə üstünlük verdi, Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı isə qrup şəkli ilə məhdudlaşdı. Bu, belə təşəbbüslər çərçivəsində Ermənistanın real siyasi çəkisinin harada olduğunu açıq şəkildə göstərdi”, - deyə Surenyants vurğulayıb.

Onun qiymətləndirməsinə görə, bu reallıqlar fonunda aydındır ki, Ermənistanın “Sülh Şurası”nda iştirakı yalnız o halda əsaslandırıla bilər ki, bu, BMT-yə və ya beynəlxalq hüquqi sistemə alternativ seçim kimi deyil, əlavə diplomatik təmas platforması kimi qiymətləndirilsin.

“Məsələn, şuraya Argentina, Macarıstan, Bəhreyn və digər ölkələr də qoşulub. Lakin Fransa kimi bəzi Avropa ölkələri BMT-nin rolunun zəiflədilməsi ilə bağlı narahatlıqlarını əsas gətirərək iştirakdan imtina ediblər.

Aydın strategiya, “qırmızı xətlər” və milli maraqların prioritet şəkildə müəyyən edilməsi olmadan Ermənistanın “Sülh Şurası”nda iştirakı imkan deyil, risklərə çevrilə bilər”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin