Erməni ekspert: “Bu prosesə tam nəzarət İlham Əliyevin əlindədir”

2026/01/1769233976.jpg
Oxunub: 541     12:00     24 Yanvar 2026    
“Vaşinqtondan son günlər TRIPP (Zəngəzur dəhlizi-red.) sənədi ilə bağlı səsləndirilən bəyanatlar aydın deyil”.

Ordu.az xəbər verir ki, bunu Fransanın “Paris-Panthéon-Assas” Universitetinin beynəlxalq hüquq üzrə doktoru, vəkil, İnsan Hüquqları Beynəlxalq Federasiyasının sabiq baş katibi, Fransa ermənisi Raffi-Filip Kalfayan deyib.

“Bildiyimiz yalnız budur ki, pay bölgüsü belədir: 74% ABŞ-yə, 26% isə Ermənistana məxsusdur və tikinti şirkəti ilə həmin ərazilər ABŞ-nin nəzarəti altında olacaq. Kağız üzərində ərazi hələ də Ermənistan sərhədləri daxilində görünsə də, faktiki olaraq nəzarət yoxdur. Bu isə o deməkdir ki, Ermənistanın suverenliyindən danışmaq artıq mənasızdır.

Davosda İlham Əliyev açıq şəkildə dedi ki, TRIPP yolunun üzərində Mərkəzi Asiya ilə Avropa arasında yerləşən ölkə Azərbaycandır. O, Zəngəzurdan və ya Ermənistandan yox, məhz Azərbaycandan danışdı. Bu isə o deməkdir ki, o, bu yolu istədiyi formada və istədiyi şərtlərlə istismar edəcək. Bu prosesə tam nəzarət İlham Əliyevin əlindədir”, - deyə Kalfayan qeyd edib.

O bildirib ki, bu gün ABŞ-nin xarici siyasət istiqamətlərini İsrail müəyyənləşdirir və İsrail ABŞ-nin İrana zərbə endirməsində israrlıdır.

“İsrail istəmir ki, İran təkcə nüvə silahına deyil, həm də ballistik raketlərə sahib olsun. İsrailin planı çox aydındır: İraq və Suriyanı dağıtdıqları kimi, İranı da zəiflətmək və parçalamaq. Bu oyunda Ermənistanın heç bir rolu yoxdur.

Bu gün Ermənistanın strategiyası yoxdur, primitiv və yüngül siyasət aparılır və heç kim düşünmür ki, Tramp düşündüyümüzdən daha tez hakimiyyətdən gedəndə nə baş verəcək. Trampın ABŞ daxilində ciddi problemləri var.

Bəli, bu yanaşma ilə Ermənistanın Rusiya, Çin və İrana qarşı yönəlmiş alətə çevrildiyi barədə fikirlər doğrudur”, - deyə Kalfayan qeyd edib.

O vurğulayıb ki, əgər ABŞ öz payını Türkiyəyə və ya Azərbaycana vermək istəsə, Ermənistan heç nə edə bilməz.

“Böyük ehtimalla da məhz belə olacaq, həmin yolu Türkiyə nəzarətə götürəcək.

Kanadanın baş naziri bir neçə gün əvvəl çox dəqiq izah etdi ki, kiçik dövlətlər nə etməlidir. Davosa qaçmaqdansa, buna qulaq asmaq daha düzgün olardı. TRIPP yolu ilə Ermənistan İran, Rusiya, Çin və Hindistan üçün problemlər yaradır”, - deyə Kalfayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalfayan   Ermənistan  


Bizi "telegram"da izləyin