“Past”: Rusiya Ermənistan ünvanına ritorikanı sərtləşdirir

2026/01/1769233860.jpg
Oxunub: 546     10:28     24 Yanvar 2026    
Rusiya xarici işlər naziri Sergey Lavrovun sərt bəyanatlarından və Ararat Mirzoyanın cavabından sonra ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha da sərt açıqlamalarla çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya Ermənistan ünvanına ritorikanı sərtləşdirir” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, bu isə açıq şəkildə göstərir ki, Ermənistanın mövcud hakimiyyətinə qarşı sərt bəyanatlar və güclənən ritorika artıq dövlət siyasətinin formalaşmış tərkib hissəsinə çevrilib.

“Zaxarova brifinqi zamanı Gümrüdə həbs edilmiş mer Vardan Qukasyanın işinə toxunaraq bildirib ki, “ənənəvi müttəfiqlə münasibətlərin möhkəmləndirilməsinin lehinə səsləndirilən fikirlərə görə” cinayət təqibi “absurddur”.

Onun sözlərinə görə, Rusiya hər zaman Ermənistanın suveren, müstəqil və firavan dövlət olması ideyasına sadiq qalıb və qalmaqda davam edir. Zaxarova qeyd edib ki, Ermənistan rəhbərliyinin Vardan Qukasyanın bəyanatlarına reaksiyası “təəccüblü dərəcədə uyğun deyil” və bu, İrəvanın bir sıra ölkələrin, o cümlədən Avropa ölkələrinin daxili işlərə aqressiv müdaxilə xarakterli şərhlərini görməzdən gəlməsi ilə ziddiyyət təşkil edir. O həmçinin əlavə edib ki, “Aİ-yə qoşulmağa çağıranların həbsi də görməzlikdən gəlinir”, - deyə nəşr bildirib.

KİV xatırladıb ki, Mirzoyan Lavrovun Vardan Qukasyanla bağlı bəyanatlarından sonra demişdi: “Bu, Ermənistanın daxili işlərinə kobud müdaxilədir”.

“Eyni zamanda, Qukasyanın siyasi motivlərlə təqib olunduğunu təkzib etmədən, Rusiyanı Ermənistanın daxili işlərinə qarışmamağa çağırmışdı.

Mariya Zaxarovanın cavabı isə açıq şəkildə sübut edir ki, Rusiya hakimiyyəti öz bəyanatlarını dayandırmaq niyyətində deyil. Üstəlik, bəyanatların bu cür davam etməsi onu göstərir ki, Rusiya hakimiyyəti Paşinyan hakimiyyətinin istəkləri ilə hesablaşmaq fikrində qətiyyən maraqlı deyil.

Bu isə məhz mövcud hakimiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır. Nəhayət, onlar anlamalıdırlar ki, kiminlə və nə qədər dərəcədə qarşıdurmaya girə bilərlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin