“News.am”: Xidmətə qarşı xidmət: seçkilər ərəfəsində Paşinyana kim hədiyyə təqdim edib?

2026/01/1768802401.jpg
Oxunub: 430     21:18     23 Yanvar 2026    
2025-ci il dekabrın 31-nə keçən gecə Respublika meydanında təşkil olunan bayram tədbiri üçün nə Ermənistan Baş nazirinin Aparatı, nə də İrəvan Şəhər Bələdiyyəsi tərəfindən vəsait ayrılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Xidmətə qarşı xidmət: seçkilər ərəfəsində Paşinyana kim hədiyyə təqdim edib?” başlıqlı məqaləsində yazıb.

Nəşr Ermənistan hökumətindən və bələdiyyədən göndərilmiş yazılı sorğulara verilən cavabları ümumiləşdirərək məlumat əldə edib.

“News.am”a açıq mənbələrdən məlum olub ki, tədbiri inqilabdan sonrakı Ermənistanda hakimiyyətin mütəmadi olaraq milyonlarla dram məbləğində dövlət satınalmaları etdiyi “Domino Video Production” MMC təşkil edib.

“Məlumatlarımıza görə, bayram tədbiri çərçivəsində pilotsuz uçuş aparatları ilə həyata keçirilən işıq şousu şirkət tərəfindən Birləşmiş Ərəb Əmirliklərində yerləşən başqa bir şirkətə yenidən sifariş edilib.

Xatırladaq ki, ictimaiyyətin diqqətindən yayınmamışdı ki, pilotsuz uçuş aparatları ilə keçirilən şou zamanı dövlət və Yeni il rəmzləri ilə yanaşı, Nikol Paşinyanın brendə çevrilmiş “ürəkcik” simvolu da nümayiş etdirilmişdi. Böyük ehtimalla, bu simvol iyun ayında gözlənilən ümumölkə seçkiləri ərəfəsində Paşinyanın “lentli çəkicini” əvəz edəcək əsas seçkiqabağı təşviqat elementi olacaq.

Şirkət sosial şəbəkə hesablarında tədbir barədə əvvəlcədən məlumat versə, Yeni il gecəsi və sonrakı günlərdə şou proqramından mütəmadi olaraq foto və videolar paylaşsa da, Baş nazirin Aparatı uzun müddətdir tədbirin sponsorunu gizlədir və təşkilati işləri hansı şirkətin həyata keçirdiyi ilə bağlı suallara cavab verməkdən imtina edir”, - deyə nəşr bildirib.

“News.am”ın şifahi sorğusuna cavab olaraq, Ermənistan Baş nazirinin Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Armen Xaçatryan bu barədə məlumatlı olmadıqlarını bildirib, dəqiqləşdirib əlavə məlumat verəcəyinə söz verib. Lakin indiyədək sayt üçün hər hansı məlumat təqdim edilməyib.

“Baş nazirin Aparatının nümayəndəsinin məlumatsızlıq görüntüsü yaratmaq cəhdlərinə baxmayaraq, araşdırmalarımız nəticəsində məlum olub ki, Yeni il bayram tədbirinin bütün proqramı razılaşdırılıb və Paşinyanın “ürəkcik” simvolunun təşviqat xarakterli epizodu birbaşa Baş nazirin Aparatının rəhbəri Arayik Harutyunyan tərəfindən sifariş edilib.

Qeyd edək ki, hüquqi şəxslərin reyestrinin məlumatlarına əsasən, 2010-cu ildə təsis edilmiş “Domino Video Production” MMC-nin 100 faiz payı Aşot Arakelyana məxsusdur. Mətbuatdakı məlumatlara görə, o, Baş nazirin Aparatının rəhbəri Arayik Harutyunyanla yaxın münasibətlərə malikdir.

Xatırladaq ki, 2021-ci ildə Müstəqilliyin 30 illiyi münasibətilə keçirilən tədbir də məhz bu şirkətin sponsorluğu ilə həyata keçirilmişdi. Bundan sonra “Domino” dövlət sektorundan milyonlarla dram dəyərində satınalma sifarişləri almışdı. Son nümunə 2025-ci ilin dekabr ayının sonunda Karen Demirçyan adına İdman-Konsert Kompleksində keçirilən “Zamanımızın qəhrəmanı” mükafatlandırma mərasimi olub. Bu tədbirin təşkili üçün Baş nazirin Aparatı “açıq müsabiqə” proseduru ilə şirkətlə təxminən 130,5 milyon dram məbləğində müqavilə bağlamışdı”, - deyə məqalədə vurğulanıb.

Müəllif diqqətə çatdırıb ki, həmin tədbirin təşkili zamanı da hakimiyyətə məxsus təşviqat üsullarından istifadə edilib.

“Məsələn, 13 qalibə təqdim olunan mükafatlar Ağrı dağının deyil, Alagöz dağının 4 zirvəsini simvolizə edirdi. Xatırladaq ki, Paşinyan hakimiyyəti dövründə “real Ermənistan” ideologiyasının tərkib hissəsi kimi Alagöz dağının ucaldılması və Ağrı rəmzlərindən imtina tezisi davamlı şəkildə irəli sürülür. Bu kontekstdə hələ 2023-cü ildən etibarən Paşinyan hökumətdə qonaqları məhz Alagözün iriölçülü təsviri fonunda qəbul edir.

“Domino”nun hakimiyyətə hansı xidmətlərin qarşılığında xidmət göstərdiyini təxmin etmək çətin deyil. Lakin Respublika meydanının səmasında Paşinyanla əlaqələndirilən “ürəkcik” simvolunun nümayişini təmin edən şirkətin gələcəkdə hansı yeni imtiyazlar əldə edəcəyi və qarşıda hansı siyasi xarakterli tədbirləri təşkil edəcəyi zamanla bəlli olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin