İlon Maskın ABŞ Müharibə Nazirliyindən təklif edilən “Qızıl Günbəz” milli raketdən müdafiə sisteminin əsasını təşkil edəcək orbital sensor şəbəkəsinin qurulması üçün 2 milyard dollar dəyərində iri müqavilə qazanacağı gözlənilir. 600-dən çox peykdən ibarət olacaq bu peyk komponenti “Qızıl Günbəz” sisteminin gözü və qulağı rolunu oynayacaq.
Orbitə yerləşdirilən bu sistemlər təkcə daxil olan ballistik raketləri aşkar edib izləməyəcək. Onlar eyni zamanda hipersəs silahlarını və hətta pilotsuz uçuş aparatı sürülərini müəyyənləşdirmək və ABŞ-nin müdafiə planlaşdırıcılarını vaxtında xəbərdar etmək üçün istifadə olunacaq.
“SpaceX”in peyk imkanlarına heç kim yaxınlaşa bilmir
Əvvəlcə Tramp administrasiyası Konqresdəki Demokrat Partiyası tərəfindən bu iri müqavilənin Maska verilməsinə görə tənqid olunurdu. Axı Mask prezidentin xüsusi müşaviridir. Bu halda Maskın şirkəti olan “SpaceX”in müqaviləni qazanması siyasi himayədarlıq kimi görünə bilərdi.
İyul ayında, Tramp administrasiyası “Qızıl Günbəz” layihəsini elan etdikdən qısa müddət sonra bildirdi ki, sistemin əsasını təşkil edəcək peyk sensor şəbəkəsinin qurulması üçün yalnız Mask deyil, bir neçə potensial podratçı nəzərdən keçirilir. Həmin vaxt Tramp və Mask arasında münasibətlərin korlanması Ağ evin “Qızıl Günbəz” üçün peyklər məsələsində alternativlərə baxmaq niyyətini daha açıq şəkildə ifadə etməsini asanlaşdırmışdı.
Lakin oktyabrın sonuna doğru administrasiyanın müqaviləni “SpaceX”ə verməyə hazırlaşdığı aydın oldu. Səbəb sadə idi: “SpaceX” ABŞ hökuməti üçün iri miqyaslı kosmik əməliyyatları vaxtında və planlaşdırılan xərclər çərçivəsində həyata keçirmək üzrə sübut olunmuş təcrübəyə malikdir.
“Qızıl Günbəz” layihəsi, gələcəkdə hansı formada reallaşmasından asılı olmayaraq, Pentaqonun Manhetten layihəsindən etibarən cəhd etdiyi ən böyük texniki təşəbbüsdür. Bu sistemin əsasını təşkil edəcək peyk konstellasiyası isə həlledici əhəmiyyət daşıyır.
Bir neçə müqavilə təklifini nəzərdən keçirdikdən sonra Pentaqonun belə qənaətə gəldiyi ehtimal olunur ki, Tramp administrasiyasının layihə üçün irəli sürdüyü son dərəcə sıx vaxt qrafiki çərçivəsində bu iddialı proqramı həyata keçirə biləcək yeganə şirkət “SpaceX”dir. Şirkət artıq həm mülki “Starlink”, həm də “Starshield” kimi tanınan sirli hərbi proqram vasitəsilə mürəkkəb peyk şəbəkələrini effektiv şəkildə idarə edə bildiyini sübut edib.
Məhz “Starshield” sayəsində “Qızıl Günbəz” şəbəkəsinin “SpaceX” tərəfindən qurulacağı ehtimal olunur.
Doğrudan da, “Starshield” sistemi sadəcə növbəti nəsil, məxfi hərbi peyk konstellasiyasından daha artıq ola bilər. Oktyabr ayında NPR radiosu orbitdəki “Starshield” konstellasiyasının “digər qanuni kosmik fəaliyyətlərə mane ola biləcək” “sirli siqnal” yaydığı barədə məlumat vermişdi.
Başqa sözlə, məxfi orbitlərdə fəaliyyət göstərən “Starshield” konstellasiyası yaxınlıqdakı digər peyk sistemlərinin işini poza bilər. Üstəlik, bütün bunlar “Starlink”in artıq illərdir Ukrayna tərəfindən Rusiya ilə müharibədə əlaqəni saxlamaq üçün istifadə olunmasından sonra baş verir.
Beləliklə, Mask özünü hərbi peyklər sahəsində ustad kimi kifayət qədər sübut edib. Məhz buna görə o, “Qızıl Günbəz” milli raketdən müdafiə qalxanı üçün peyk təminatını həyata keçirəcək 2 milyard dollarlıq ABŞ hökumət müqaviləsinin qalibi olmağa ən real namizəddir.
“SpaceX” peyklərlə kifayətlənməyə də bilər
Bəs “SpaceX” “Qızıl Günbəz” üçün daha nə edə bilər?
Məsələn, “Qızıl Günbəz” sisteminin ən vacib elementi məhz real ələkeçiricilərdir. Xüsusilə Tramp administrasiyasının özü üçün müəyyənləşdirdiyi son dərəcə sıx vaxt çərçivəsini nəzərə alsaq, hazırda bu hissə sistemin qurulmasında əsas çətinlik olaraq qalır.
“Qızıl Günbəz” təkcə ənənəvi qitələrarası ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmur. O, eyni zamanda hipersəs silahlarını, qanadlı raketləri və pilotsuz uçuş aparatı sürülərini qabaqcadan müəyyənləşdirib zərərsizləşdirməlidir. Bu isə sistemdə mütləq kosmos əsaslı ələkeçirici komponentin olmasını tələb edir.
Hətta belə bir ehtimal da var ki, insanların Marsa daşınması üçün nəzərdə tutulmuş “SpaceX”in nəhəng “Starship” raketi orbitə buraxılaraq qısa müddətdə minlərlə kosmos əsaslı ələkeçiricini yerləşdirə bilər. “Anduril”, “True Anomaly” və “Palantir” şirkətləri “Qızıl Günbəz”in ələkeçirici mərhələsi üzrə artıq müqavilələr üzərində işləsələr də, “SpaceX” bu qədər mürəkkəb və baha başa gələn missiyanı nisbətən qısa vaxtda həyata keçirmək üçün həm orbitdə, həm də federal bürokratiya daxilində artıq mövcud infrastruktura malikdir.
“Qızıl Günbəz” layihəsinin qarşısında çoxlu maneələr var. Onun lehinə işləyən yeganə əsas amil isə “SpaceX”in bu layihədə iştirakıdır.
Pentaqon təkcə “Qızıl Günbəz” üçün orbital izləmə şəbəkəsində “SpaceX”in rolunu tezliklə rəsmiləşdirməməli, eyni zamanda bu özəl kosmik şirkətə orbitdə yaradılacaq yüksək səviyyəli sensor peyk konstellasiyaları ilə birgə işləyəcək etibarlı kosmos əsaslı ələkeçiricilərin yerləşdirilməsini də həvalə etməlidir.
Sevinc Əliyeva
Ordu.az