Ordu.az xəbər verir ki, qanun layihəsi AK Partiya deputatlarının imzası ilə parlamentə təqdim olunub.
Layihəyə əsasən, dövlət ehtiyacları üçün istifadə edilən və faktiki olaraq ictimai xidmətə ayrılmış torpaq sahələri müəyyən şərtlərlə aidiyyəti dövlət qurumlarının adına rəsmiləşdirilmiş hesab ediləcək. Bu məqsədlə aparılan qeydiyyat və məhkəmə prosedurları dövlət rüsumlarından azad olunacaq.
Qanun layihəsində “Müqaviləli Gizir Qanunu”na da dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, hərbi xidmətdən azad edilmiş şəxslərin, o cümlədən şəhid ailəsi üzvlərinin müqaviləli gizir olmaq üçün müraciət etməsinə imkan yaradılacaq. Bununla həmin kateqoriyadan olan şəxslərin hüquq itkisinin qarşısının alınması nəzərdə tutulur.
Layihədə müqaviləli gizirlər üçün yeni attestasiya sistemi də müəyyən edilir. Attestasiya dövrü hər ilin mayın 2-dən növbəti ilin mayın 2-dək olan müddəti əhatə edəcək. Məlumata görə, attestasiya balı 100 üzərindən hesablanacaq və müsbət qiymətləndirmə üçün nəticənin ən azı 60 faiz olması tələb olunacaq.
Qanun layihəsində həmçinin Türkiyə Silahlı Qüvvələrində müqaviləli əsgər və çavuş kimi azı 7 il xidmət etdikdən sonra ordudan ayrılan şəxslərə dövlət qurumlarında işlə təmin olunmaq imkanı verilir.
Bu şəxslər penitensiar xidmət əməkdaşı, məhəllə gözətçisi, meşə mühafizəçisi, inzibati nəzarət əməkdaşı, mühafizə və təhlükəsizlik işçisi, bələdiyyə nəzarətçisi, yanğınsöndürən, sürücü və yardımçı heyət vəzifələrinə qəbul oluna biləcəklər.
Sevinc Əliyeva
Ordu.az