“Kiber Günbəz” Hədəfi: Türkiyə Kibertəhlükəsizlikdə Yeni Doktrina Qurur

2025/10/1761365433.jpg
Oxunub: 449     19:32     04 May 2026    
Kibertəhlükəsizlik sahəsində yerli və milli istehsal qənaət, strateji müstəqillik və texnoloji hakimiyyət kimi bir sıra üstünlüklərə yol açır.

Ordu.az xəbər verir ki, MÜSİAD İdarə Heyətinin üzvü və “Secunnix Kibertexnologiya Xidmətləri”nin baş direktoru Taha Çiftci “Anadolu” Agentliyinə açıqlama verib.

O bildirib ki, Qəzza hücumlarından sonra ərzaq, içki və istehlak məhsulları sahəsində təsirli boykotlar həyata keçirilsə də, texnologiya məhsullarında kifayət qədər boykot aparılmayıb.

Çiftci texnologiya ekosistemlərinin bir-birinə sıx bağlı olması, müəssisələrin və dövlət qurumlarının bəzi sistemlərdən asılılığı kimi amillərin klassik boykot üsullarını çətinləşdirdiyini vurğulayaraq deyib:

“MÜSİAD Rəqəmsal Texnologiyalar Sektor Şurası olaraq “ən yaxşı boykot istehsaldır” şüarı ilə təşkil etdiyimiz “Kiber Güc Türkiyə” zirvəsi və seminarlarımızla bu prosesə töhfə verməyə çalışdıq. Bu, tamamilə həyata keçirilə biləcək bir hədəfdir. Bunun üçün ideala sahib şirkətlərimizin texnologiya sahəsində istehsal apararaq ekosistemə töhfə verəcək strategiyalar müəyyən etməsi lazımdır. Xüsusilə, texnologiya sahəsindəki qeyri-hökumət təşkilatlarımızın da yerli istehsalın faydalarını istehsalçılara və istifadəçilərə izah edəcək işlər görməsi vacibdir. Bundan əlavə, açıq mənbə alternativləri və yerli proqram təminatları ilə mərhələli keçid mümkündür. Bu prosesin ibtidai məktəbdən başlaması gələcək nəsillərin yerli texnologiyalara alışması və texnoloji müstəqilliyimizin təməlinin qoyulması baxımından həyati əhəmiyyət daşıyır”.

Çiftci vurğulayıb ki, kibertəhlükəsizlik milli təhlükəsizliyin ən vacib tərkib hissələrindən birinə çevrilib, İsrail şirkətlərinin bu sahədəki gücü isə onların hərbi və kəşfiyyat infrastrukturuna olan orqanik bağlılığından irəli gəlir.

Bu sahədə boykotu çətinləşdirən bəzi maneələrə toxunan Çiftci belə davam edib:

“Mövcud təhlükəsizlik sistemlərindən asılı olan kritik infrastrukturlar, qəfil keçidlərin yarada biləcəyi kibertəhlükəsizlik riskləri və qərar verən şəxslərin bu məsələdə risk ala bilməməsi kimi amillər transformasiyanı ləngidir. Bu maneələri aradan qaldırmaq üçün çoxistiqamətli strategiya lazımdır. Dövlətin öncül rolu, yerli və milli kibertəhlükəsizlik məhsullarının əvvəlcə dövlət qurumlarında yayılması bu şirkətlərin inkişafı və etibar qazanması baxımından çox vacibdir. Dövlət pilot tətbiq sahəsi kimi yerli firmaları gücləndirə bilər. Qlobal açılım baxımından özünü inkişaf etdirən yerli sistemlərin beynəlxalq bazarlara çıxması üçün strategiyalara ehtiyac var. Yalnız idxalı əvəzləmək deyil, həm də ixrac gücü hədəflənməlidir.

İnstitusional dəstək baxımından, Müdafiə Sənayesi Komitəmizin Kibertəhlükəsizlik Klasteri və yerliləşdirmə sahəsindəki fəaliyyəti bu prosesin onurğa sütununu təşkil edir. Nəticə etibarilə, İsrail şirkətlərindən asılılıq mərhələli və strateji planla tamamilə aradan qaldırılmalıdır. Bu prosesdə həm təhlükəsizlik risklərini minimuma endirmək, həm də yerli ekosistemin böyüməsini təmin etmək mümkündür. Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğur kibertəhlükəsizlik sahəsində də tətbiq oluna bilər. Yerli təhlükəsizlik divarı, antivirus və hücum aşkarlama sistemləri dövlətin dəstəyi ilə genişləndirilməlidir. Boykotu istehsal yolu ilə yaymaq onu daha mənalı edəcək”.

Taha Çiftci bildirib ki, texnologiya və kibertəhlükəsizlik sahəsində təsirli boykotun həqiqi mənada uğurlu ola bilməsi üçün o, yerli istehsal gücü ilə dəstəklənməlidir.

Texnoloji müstəqillik vurğusu

Çiftci bu transformasiyanın sadəcə iqtisadi hesablamadan və ya strateji plandan ibarət olmadığını qeyd edərək deyib:

“Bu, ideala sahib, şüurlu fərdlərin çiynində yüksələcək bir sivilizasiya hərəkətidir. İqtisadi qazanc baxımından milyardlarla dollarlıq valyuta qənaəti, idxal və lisenziya ödənişlərinin azalması, yüksək ixtisaslı iş yerlərinin yaranması və beyin axınının qarşısının alınması, sahibkarlıq ekosisteminin güclənməsi kimi faydalar əldə edilə bilər. Strateji təhlükəsizlik üstünlükləri baxımından kritik infrastrukturlarda müstəqillik, məlumat suverenliyi, həssas məlumatların ölkə daxilində saxlanması, arxa qapı risklərindən qorunma, kibercasusluq təhlükəsinin aradan qalxması və texnologiya embarqosu riskindən xilas olmaq önə çıxır. Yaxın zamanda zərərli proqram analiz sistemində baş verən proqram yeniləmə xətasının dünya üzrə hava hərəkətini dayandırması və maliyyə sistemlərini iflic etməsi xarici həllərə asılılığın təhlükəsini bir daha göstərdi.

Kibertəhlükəsizlikdə əldə edilən xüsusi üstünlükləri milli təhlükəsizlik, hərbi və kəşfiyyat sistemlərində müstəqillik, kibermüdafiə gücünün formalaşdırılması, yerli məhsulların yayılması ilə rəqəmsal transformasiyada inamın artması kimi yekunlaşdırmaq olar. Şirkətlər və qurumlar yerli həllərə etibarla keçid edə bilər. Texnologiya və kibertəhlükəsizlikdə təsirli boykot əslində istehsaldır, yerli və milli istehsaldır. Bu, təkcə pul qənaəti deyil, strateji müstəqillikdir, təkcə məhsul deyil, texnoloji hakimiyyətdir, təkcə bu gün üçün deyil, gələcək nəsillərə mirasdır. “Ən yaxşı boykot istehsaldır” ifadəsi məhz bu şüuru əks etdirir. Passiv müqavimətlə deyil, aktiv istehsalla, gileylənməklə deyil, çalışma ilə, xəyal etməklə deyil, reallaşdırmaqla qələbə qazanılır. Texnoloji müstəqillik mübarizəsini çiyinlərimizə götürdükdə, heç bir qüvvə bizi dayandıra bilməz, çünki biz tarix boyu mümkünsüzü mümkün edən millətik. Texnologiyada müstəqillik yalnız bir hədəf deyil, bir idealdır. Və bu ideal inanan, çalışan, istehsal edən nəsillər tərəfindən həyata keçiriləcək. İnşallah, “kiber günbəz”i quracağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kibertəhlükəsizlik   Türkiyə  


Bizi "telegram"da izləyin