Ordu.az xəbər verir ki, “Anadolu” Agentliyinin (AA) “Rabitədə 5G Dövrü” adlı yazı seriyasının bu bölməsində “ULAK Haberleşme AŞ”nin 5G üçün həyata keçirdiyi yerli və milli fəaliyyətlərə yer verilib.
Qurum Türkiyənin 4,5G-dən 5G-yə keçid prosesində texnologiya inkişafı, sahə tətbiqləri və məhsullaşdırma istiqamətində işlərini sürətlə davam etdirir.
Ölkə üzrə 3 min 200-dən çox 4,5G baza stansiyası ilə xidmət göstərən ULAK rabitə infrastrukturunun gələcəyə uyğunlaşdırılması məqsədilə çoxistiqamətli transformasiya prosesi həyata keçirir.
Məhsulların sahə sınaqları mərhələli şəkildə aparılır
Şirkət mövcud kommersiya sahələrində 4,5G modernləşdirmə işlərini davam etdirərkən, 5G texnologiyasına keçidi mümkün edəcək məhsullarının da sahə sınaqlarını mərhələli şəkildə həyata keçirir. Bu prosesdə istifadəçi məlumat sürətini artıracaq “Massive MIMO” texnologiyası kimi yeni nəsil avadanlıqların sahə sınaqları da davam edir.
Açıq radio giriş şəbəkəsi (Open RAN) arxitekturasını dəstəkləyən əsas diapazon (baseband) və radio blokları kimi məhsullarla həm sınaq, həm də məhsullaşdırma fəaliyyəti fəal şəkildə icra olunur.
ULAK tərəfindən inkişaf etdirilən yeni nəsil 4,5G və 5G uyğun baza stansiyası məhsulları sahələrdə sınaqdan keçirilir. Bu məhsullarla 3 mindən çox sahə 5G-yə keçid üçün hazır vəziyyətə gətirilir. Bu transformasiya uzunmüddətli perspektivdə 6G kimi daha irəli nəsil texnologiyalara infrastruktur hazırlığı baxımından da vacib addım sayılır.
ULAK yalnız ümumi əhatə sahələri üçün deyil, həm də xüsusi şəbəkə (Mobile Private Network) həlləri istiqamətində fəaliyyətlərini davam etdirir. Şirkətin inkişaf etdirdiyi 5G baza stansiyası məhsulları ilə qapalı şəbəkə sistemlərinin qurulması uğurla həyata keçirilir. Bu həllər limanlar, fabriklər, universitetlər, mədənlər və sənaye zonaları kimi sahələrdə yüksək sürət, aşağı gecikmə və təhlükəsiz rabitə üstünlüyü yaradır.
Nəqliyyat vasitələri arasında əlaqə bu ilin sonuna qədər 5G ilə təmin ediləcək
İşlər çərçivəsində, 2025-ci ilin sonuna qədər İstanbulun Hasdal bölgəsində Türkiyədə ilk dəfə 5G üzərindən nəqliyyat vasitələri arasında əlaqəni təmin edəcək V2X dəstəkli ağıllı nəqliyyat sistemi infrastrukturunun işə salınması istiqamətində fəaliyyətlər aktiv şəkildə davam etdirilir. Bu layihədə ULAK tərəfindən hazırlanmış 5G əsas diapazon bloku, 5G-yə uyğun yolkənarı bloku və avtomobil üzərindən rabitə vahidi ilə xidmət göstəriləcək.
ULAK-ın xaricdə iki ölkədə aktiv xüsusi şəbəkə tətbiqləri hal-hazırda fəaliyyət göstərir. 5G məhsullarının kommersiyalaşdırılması prosesi ilə birlikdə şirkətin türk dövlətləri və Afrika başda olmaqla yeni bazarlarda ixrac fəaliyyətlərini artırması hədəflənir.
6G kimi irəli texnologiyaların da əsası qoyulur
“ULAK Haberleşme AŞ”nin baş direktoru Ruşen Kömürcü AA müxbirinə verdiyi açıqlamada görülən işlərə dair qiymətləndirmə aparıb.
O bildirib ki, 5G üçün görülən işlər növbəti nəsil texnologiyalar üçün də böyük əhəmiyyət daşıyır:
“Rabitə infrastrukturundakı yerli və milli istehsal imkanlarımız ölkəmizin rəqəmsal transformasiya yolunda strateji rol oynayır. 5G-yə keçiddə texniki sınaq proseslərini kommersiya sahələrində fəal şəkildə davam etdiririk. Eyni zamanda yeni məhsullarımızı da sahə testlərinə hazırlayırıq. Bu proses yalnız bugünkü deyil, 6G kimi gələcək texnologiyaların da əsasını qoyacaq. Xüsusi şəbəkə həlləri ilə isə sektorların tələblərinə uyğun, çevik və təhlükəsiz rabitə infrastrukturunu təqdim etməyə davam edirik”.
Kömürcü qeyd edib ki, “ULAK Haberleşme” 2026-cı ildə planlaşdırılan 5G-yə keçid prosesinə texniki, əməliyyat və məhsullaşdırma istiqamətlərində dəstəyini davam etdirəcək. Şirkətin gördüyü bu işlər Türkiyənin rabitə infrastrukturunu gələcəyin texnologiyalarına hazırlamağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az