Putin Xameneyinin məktubunu aldı: Rusiya İrana hərbi yardım edəcəkmi?

2025/06/1750685409.jpg
Oxunub: 564     20:18     23 İyun 2025    
Rusiya prezidenti Vladimir Putin Moskvada İranın xarici işlər naziri Əraqçini qəbul edib. Əraqçi Moskvaya bir gün öncə İstanbuldan gəlib. O, orada İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak etmişdi. Putinlə Əraqçinin görüşündən öncə “Reuters” agentliyi məlumat yaymışdı ki, İranın xarici işlər naziri Rusiya prezidentinə İranın ali dini lideri Ayətullah Əli Xameneyinin məktubunu çatdıracaq. Agentliyin iddiasına görə, Xameneyi Rusiyadan hərbi yardım istəyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu ehtimalı, əslində, inkar etməyib. Jurnalistlərin suallarına cavabında bildirib ki, Rusiya artıq diplomatik vasitəçilik təklif edərək dəstək göstərdiyini bəyan edib və İsrailin hərbi əməliyyatlarını açıq şəkildə qınayıb. Hərbi yardım məsələsinə gəlincə, Peskov bildirib ki, hər şey İranın konkret nə cür yardım gözlədiyindən asılıdır. O, bu kontekstdə Rusiya tərəfindən Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin verilməsi barədə suala birbaşa cavab verməyib.

“Bütün məsələ ondadır ki, İran tərəfi və bizim iranlı dostlarımız nədən danışacaqlar”, - deyə Peskov qeyd edib. Bu isə dolayısı ilə onu göstərir ki, Rusiya müdafiə xarakterli yardım verməyə hazır ola bilər, amma bunu müəyyən siyasi şərtlərlə edə bilər. İranın HHM sahəsində çətinlikləri olduğu aydındır. Əgər Rusiya İranın havadan müdafiə sistemini gücləndirərsə, bu, İsrailin hava zərbələrinin qarşısını almağı çətinləşdirəcək. Ən əsas məsələ isə budur ki, bu, həm də ABŞ-nin mümkün hücumlarını çətinləşdirə bilər.

İstisna deyil ki, Rusiya bu seçimi ciddi şəkildə nəzərdən keçirsin – məqsəd ABŞ-nin regionda daha da dərin hərbi iştirakı ehtimalını azaltmaq ola bilər. Burada əsas sual isə budur: Moskvanın İranı dəstəkləməsi hansı şərtlərlə həyata keçiriləcək? Görünür ki, Rusiya bu dəstəyi göstərməyə borcludur, çünki İran da Ukrayna müharibəsində Rusiyaya dəstək verib. Lakin istisna edilmir ki, Tehran bu dəstəyi müəyyən şərtlərlə təqdim edib və qarşılıq olaraq məcburi dəstək mexanizmi nəzərdə tutulmayıb.

Əks halda, bu, Rusiya ilə İran arasında imzalanmış “strateji əməkdaşlıq” sənədində də əksini tapardı. İki ölkə arasında hərbi qarşılıqlı yardım məsələsi daha çox situasiyadan asılı olan faktorlara buraxılıb və bu məsələlər hazırda Moskvada Putinlə Əraqçi arasında müzakirə edilib. Maraqlıdır ki, bu görüşdən sonra Rusiya və ABŞ arasında hansısa yeni təmas baş verəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Xameneyi   İran   Rusiya  


Bizi "telegram"da izləyin