Ordu.az xəbər verir ki, bu uğurlu sınaq raketin sertifikatlaşdırma mərhələsinə keçidi üçün mühüm bir addım hesab olunur.
Fransa Hava və Kosmik Qüvvələrinin silahlanma arsenalında yer alan MICA “hava-hava” raketinin yeni nəsil versiyası olan MICA NG raketinin ilk canlı sınaq atışı uğurla başa çatdırılıb. Fransanın Silahlanma üzrə Baş Müdirliyi (DGA) sınağın “Rafale” döyüş təyyarəsindən atılan MICA NG ilə Aralıq dənizində yerləşən DGA Raket Sınaq Mərkəzində keçirildiyini açıqlayıb.
MBDA tərəfindən hazırlanmış raketin sınağında infraqırmızı (IR) tuşlama versiyasından istifadə olunub. MICA NG infraqırmızı (IR) və radio tezlikli (RF) idarəetmə olmaqla iki əsas versiyada təqdim ediləcək.
MBDA-nın bildirdiyinə əsasən, MICA NG raketinin məsafəsi mövcud MICA raketlərinə nisbətən 40% daha uzundur. Raketin dəqiq məsafəsi açıqlanmasa da, yaxın və orta mənzilli qarşılaşmalar, önləmə və özünümüdafiə missiyaları üçün uyğun olduğu vurğulanır.
Fransa ilk mərhələdə 200 ədəd MICA NG raketi sifariş verib. MICA NG raketlərinin ilk çatdırılmasının 2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az