ABŞ-nin gizli dəstəyi: MKİ hücum planından aylar əvvəl xəbərdar idi

2023/03/8eaa9-1679028979.jpg
Oxunub: 479     16:58     14 İyun 2025    
ABŞ-nin İrana qarşı hücumdan əvvəl İsrailə yüzlərlə “Hellfire” raketi göndərdiyi üzə çıxıb.

ABŞ İrana qarşı hücumdan üç gün əvvəl İsrailə təxminən 300 ədəd “Hellfire” raketi təhvil verib. Bu çatdırılma genişmiqyaslı hazırlığın bir hissəsi kimi qiymətləndirilir. Həmin transfer baş verdiyi günlərdə Tramp administrasiyası İrana qarşı diplomatik mesaj verərək nüvə danışıqlarına davam etməyə hazır olduqlarını bildirmişdi.

İki amerikalı rəsmi öz açıqlamasında bildirib ki, Tramp administrasiyası İsrailin İrana hücum planlarından xəbərdar idi.

ABŞ ordusu İsrailə dəstək verib

Eyni rəsmi mənbələr həmçinin qeyd ediblər ki, ABŞ ordusu cümə günü İrandan atılan bəzi raketləri İsrail ərazisinə çatmamış vuraraq zərərsizləşdirib. “Hellfire” raketlərinin birbaşa nüvə obyektlərinə hücum üçün deyil, yüksək dəqiqlikli zərbələr üçün istifadə edildiyi bilinir.

Cümə günü təşkil edilən hücumda İsrail ordusu 100-dən artıq qırıcı təyyarə səfərbər edib. Hədəflər arasında yüksək rütbəli hərbi rəsmilər, nüvə alimləri və komanda qərargahları olub.

İsrail yüksək rütbəli İran rəsmilərini hədəf alıb

İsrailin hücumu nəticəsində bir çox yüksək rütbəli İran rəsmisi və nüvə alimi həlak olub. Ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) komandanı general-polkovnik Hüseyn Səlami, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqiri və İran ali lideri Ayətullah Əli Xameneyinin yaxın müşaviri Əli Şəmxani də yer alır.

MKİ aylar əvvəl məlumatlandırılıb

“Middle East Eye” (MEE) portalının xəbərinə görə, Tramp administrasiyası İsrailin hücum planlarından hələ aylar əvvəl xəbərdar olub. MKİ 2025-ci ilin aprel və may aylarında İsrailin İranda yerləşən nüvə obyektlərinə qarşı birtərəfli hücum planları ilə bağlı məlumatlandırılıb. İsrailin hədəf analizləri, kiberhücumlarla dəstəklənən əməliyyat planı və ABŞ-nin birbaşa iştirakı olmadan həyata keçiriləcək hücum Tramp administrasiyası tərəfindən “təsirli” hesab edilib.

Tramp administrasiyasının rəsmi mövqeyi ilə real siyasəti üst-üstə düşməyib

Tramp administrasiyası ictimaiyyətə İsrailin hücum planlarına qarşı kimi görünməyə çalışsa da, əslində bu planlara səssiz dəstək verib. İki israilli rəsmi qeyd edib: “Tramp administrasiyası yalnız görüntü üçün hücum planlarına müqavimət göstərdi”.

Donald Tramp İrana yönəlik siyasətini belə izah edib: “İrana yeni nüvə razılaşmasını qəbul etməsi üçün 60 günlük müddət verdim”. İsrail mediasının verdiyi məlumata əsasən, bu müddət 2025-ci ilin martında başlayıb.

ABŞ və İran arasında danışıqlar 2025-ci ilin 12 aprelində başlamışdı. İsrailin hücumu isə bu tarixdən tam 61 gün sonra baş verib.

Silah tədarükü dayanmayıb

İranla aparılan danışıqlarda tərəflər arasında əsas fikir ayrılığı uranın zənginləşdirilməsi məsələsində yaranıb. ABŞ İranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmasını tələb edib. Tehran isə aşağı səviyyəli zənginləşdirməni özünün “qırmızı xətti” olaraq təqdim edib.

Danışıqlar davam edərkən ABŞ İsrailə silah və sursat tədarükünü davam etdirib. İki amerikalı rəsmi qeyd edib ki, “Tramp administrasiyası son aylarda İsrailə müntəzəm olaraq silah və sursat göndərib”.

“Hellfire” raketləri və digər sursatların transferi üçün ABŞ Konqresinə əlavə məlumat verilməyib. Çünki bu tədarüklər artıq 2025-ci ilin fevralında Konqresə bildirilmiş 7.4 milyard dollarlıq silah müqaviləsi çərçivəsində təsdiqlənmişdi. Həmin müqaviləyə bombalar, raketlər və əlaqəli avadanlıqlar daxil idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsraril   Hellfire   İran  


Bizi "telegram"da izləyin