MOSSAD-ın İranda Gizli Əməliyyatı: “Aslan Milləti”nin Uğur Sirləri (FOTOLAR+VİDEO)

2025/06/1749891832.jpg
Oxunub: 1342     13:39     14 İyun 2025    
İsrailin İrana hücumu illərlə planlaşdırılmışdı, agentlər İran daxilində nüvə obyektlərini vurmaq və aparıcı hərbi fiqurları aradan qaldırmaq üçün işləyirdilər.

Cümə günü səhər tezdən İranın əsas şəhərlərində sirenlər səsləndi. İsrail döyüş təyyarələrinin gurultusu altında yer titrəyirdi və bir neçə hədəf bombalanırdı.

İran ərazisinin dərinliklərində, İsrail kəşfiyyat mənsubları Natanz şəhərindəki əsas nüvə obyektlərinə qarşı kamikadze tipli Pilotsuz Uçuş Aaparatları (PUA) buraxdılar. Tehranda isə, dəqiq zərbələrdən sonra rejimin ən yüksək dairələrində xaos yaşanırdı.


Ölənlər arasında: İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) yüksək komandanları və bir neçə aparıcı nüvə alimi var idi. Tezliklə aydın oldu ki, bu adi hərbi zərbədən daha böyük miqyaslı bir əməliyyatdır.

İllər boyu İsrail kəşfiyyat mənsubları regiondakı gərginlik artdıqca, gizli şəkildə İranda işləyərək nüvə alimlərini izləyir, kamikadze tipli PUA-lar hazırlayır və mobil silah sistemlərini əsas hədəflərə qarşı istiqamətləndirirdilər.

Cümə gününün gözlənilməz hücumu – “Aslan Milləti” kod adı ilə – İranın nüvə silahının yayılması kampaniyasını birbaşa ölkənin daxilindən iflic etdi.

Onilliklərdir ki, MOSSAD düşmənlərinə qarşı innovativ hücumlarla – partlayan peycerlər, uzaqdan idarə olunan pulemyotlar və zəhərli diş məcunu kimi – tanınır. Keçən sentyabrda İsrailin “Hizbullah”a qarşı təchizat zəncirinə hücumu nəticəsində minlərlə radio və peyjerə partlayıcı yerləşdirilmiş, onlarla rəsmisi öldürülmüşdü.


Son casusluq fəsli başa çatdıqca, İsrail ordusu və mediası əməliyyatın sanki koordinasiyalı xülasəsini təqdim etdi.

İllərlə Hazırlıq

Yerli xəbərlərə görə, dünən baş verən hücumun təməli illər əvvəl MOSSAD agentləri tərəfindən İranın nüvə silahının yayılması kampaniyası daxilində potensial hədəflərin siyahısı tutulanda qoyulub.

İran daxilində işləyən agentlər yüksək vəzifəli İran rəsmiləri və nüvə alimləri barədə detallı kəşfiyyat toplayır və izləmə aparırdılar. İsrail mediası bildirir ki, həmin şəxslərin bir çoxu məhz dünənki hücumun qurbanı olub.


Gizli əməliyyat eyni zamanda mobil silahların İrana qaçaqmalçılıq yolu ilə keçirilməsi və İsrail Müdafiə Qüvvələri (IDF) ilə koordinasiyalı hücuma hazır vəziyyətə gətirilməsi ilə paralel aparılırdı. Yerli xəbərlərdə qeyd olunur ki, MOSSAD agentləri xüsusi silahları ölkəyə geniş miqyasda daxil edib və onları İranın raket müdafiəsinə qarşı yerləşdiriblər.

IDF tərəfindən “Telegram”da yayımlanan videolarda MOSSAD-ın gizli əməliyyatçılarının İran ərazisindən əsas hərbi və nüvə hədəflərinə PUA hücumları həyata keçirdiyi görünür.

İsrailin İran müdafiəsini sındırmaq planının bir hissəsi olaraq, agentlər əvvəlcədən İran ərazisində gizli PUA bazası qurublar. Bu PUA-lar Tehranın yaxınlığındakı bazada ballistik raket buraxılış qurğularını vurmaq üçün istifadə olunub və beləliklə, hücumlar başlayanda İranın raket atmasının qarşısı alınıb.


Hücumdan bir neçə ay əvvəl israilli diplomatlar beynəlxalq müttəfiqlərindən dəstək almağa çalışıblar. Bu ilin əvvəlində, yüksək səviyyəli İsrail rəsmiləri ABŞ rəsmilərinə təklif ediblər ki, İsrail xüsusi təyinatlılarının yeraltı nüvə obyektlərinə reydi və ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri ilə birgə əməliyyat həyata keçirilsin. İsrail ABŞ təyyarələrinin komando qruplarını qorumaq üçün zərbələr endirməsini istəyib, lakin ABŞ rəsmiləri planın uğur ehtimalı ilə bağlı narahatlıq bildiriblər.

Hücumdan sonra həm ABŞ, həm də Böyük Britaniya rəsmiləri İsrail əməliyyatında iştiraklarını qəti şəkildə inkar ediblər.

İranın nüvə proqramının ürəyinə zərbə

Təxminən yerli vaxtla saat 04:00-da İranda ilk partlayışlar qeydə alındı və 200-dən çox döyüş təyyarəsi onlarla hədəfə zərbə endirdi. IDF bunu “qabaqlayıcı” hücum kimi dəyərləndirib və İsrailin baş naziri Benyamin Netanyahu televiziya müraciətində “Aslan Milləti” əməliyyatının İranın “nüvə zənginləşdirmə proqramının ürəyindəki” obyektləri vurduğunu bildirib.


Hücumun əsas hədəfi Natanzda yerləşən İranın əsas uranın zənginləşdirmə obyektidir. Video və görüntülərdə obyektin üzərində tüstü buludları görünür, Beynəlxalq Atom Enerjisi Agentliyi isə zərbəni təsdiqləyib.

Hücumlar zamanı bir neçə nüvə alimi öldürülüb, o cümlədən nüvə danışıqları komitəsinə rəhbərlik edən Əli Şamxani yaralanıb. Şamxani Xameneyi tərəfindən təyin edilmiş və Milli Təhlükəsizlik Şurasının keçmiş katibidir.


IDF həmçinin bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlam, İran Silahlı Qüvvələrinin ən yüksək rütbəli zabiti Məhəmməd Baqeri və Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini Qulaməli Rəşid də əməliyyatda öldürülüb.

MOSSAD-ın izləmə əməliyyatı ilə IDF-in zərbələrinin koordinasiyası iranlı rəsmilərin dəqiq hədəflənməsinə gətirib çıxardı. Zərbələr yüksək rütbəli hərbi komandanların və məsləhətçilərin evlərini hədəfə alıb, görüntülərdə PUA-ların çoxmərtəbəli binaların divarlarını necə deşdiyi görsənir.

Tehranda İsrail zərbələrindən sonra yaşayış binaları zərər görüb, hərbi rəhbərliyə və nüvə obyektlərinə zərbələr endirilib.


İranda Gizli İsrail Bölmələri

İsrail hava zərbələri ilə yanaşı, İsrail mediası bildirir ki, İranda gizlənən MOSSAD əməliyyatçılarına “aktivasiya siqnalları” göndərilib. Bu əmrlər nəticəsində PUA-lar və raketlər İranın əsas “yer-hava” və “yer-yer” raketlərini hədəfə alıb, Tehranın hücuma cavab vermə imkanını zəiflədib.


Gizli əməliyyatlar mobil platformalarda quraşdırılmış qabaqcıl texnologiyalardan istifadə etməklə İranın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirib. Raketlərlə yanaşı, IDF-in yaydığı videolarda PUA-ların SEPAH-ın Tehranın yaxınlığındakı “Esfecabad” bazasına – İranın raket müdafiəsinin əsas məntəqəsinə – atıldığı görünür.

İsrail mediası bildirir ki, bu PUA-lar “hücumdan xeyli əvvəl” İsrail kəşfiyyatı üçün işləyən agentlər tərəfindən yerləşdirilib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   MOSSAD   SEPAH   PUA  


Bizi "telegram"da izləyin