Ordu.az xəbər verir ki, ABŞ-nin Alyaska ştatında keçirilən çoxmillətli “Red Flag Alaska” təlimi zamanı Cənubi Koreya HHQ-yə məxsus KF-16 döyüş təyyarəsinin qəzaya uğramasının səbəbinin pilot səhvi olduğu açıqlanıb.
Qəzanın təyyarənin uçuş-enmə zolağı əvəzinə taksi yolundan qalxmağa çalışması nəticəsində baş verdiyi bildirilib.
Cənubi Koreya HHQ-nin verdiyi açıqlamaya görə, iyunun 11-i səhər saat 09:02 radələrində 3 ədəd KF-16 döyüş təyyarəsi hava taktiki təlimində iştirak etmək üçün “Eielson” aviabazasından havaya qalxmalı idi. Lakin bütün təyyarələr qalxmaq üçün uçuş-enmə zolağı əvəzinə taksi yoluna daxil olub.
İdarəetmə qülləsi 1 nömrəli bir nəfərlik təyyarənin taksi yolundan qalxmağa cəhd etdiyini görüb və 2 nömrəli iki nəfərlik təyyarəyə uçuşu dayandırmağı tapşırıb.
Lakin 2 nömrəli təyyarənin pilotu kifayət qədər dayanma məsafəsi olmadığı üçün təyyarəni təhlükəsiz saxlaya bilməyib. Təyyarə taksi yolunun sonundan keçərək, otluq əraziyə daxil olub və orada yanğın başlayıb.
Sevinc Əliyeva
Ordu.az