Britaniya döyüş təyyarələrini nüvə silahları ilə təchiz etmək istəyir

2025/06/1748855909.jpg
Oxunub: 59     13:17     02 İyun 2025    
Böyük Britaniya Rusiyadan gələn artan təhlükəyə qarşı nüvə çəkindiriciliyini yenidən formalaşdırmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.

Məlumata görə, Kral Hərbi Hava Qüvvələrinin (RAF) döyüş təyyarələrinə yenidən havadan buraxılan nüvə silahları inteqrasiya etmək planı gündəmdədir.

Britaniya və ABŞ taktiki nüvə qabiliyyətli “F-35A Lightning II” təyyarələrinin alınması üçün danışıqlar aparır.

Bu addım Soyuq müharibə bitdikdən sonra Britaniyanın nüvə mövqeyində ən böyük dəyişiklik kimi qiymətləndirilir.

Hökumət mənbələrinin məlumatına görə, təklifi müdafiə naziri Con Hili, müdafiə qərargahının rəisi admiral ser Toni Radakin və Baş nazir Kir Starmer dəstəkləyir.

Sözügedən qərar bazar ertəsi açıqlanması gözlənilən Strateji Müdafiə İcmalı Hesabatı çərçivəsində formalaşacaq.

Britaniyanın nüvə çəkindiriciliyi hazırda yalnız sualtı qayıqlara inteqrasiya olunmuş “Trident” ballistik raket sistemi ilə təmin edilir.

Lakin hava əsaslı sistemin əlavə edilməsi Britaniyanın çəkindirmə imkanlarını şaxələndirəcək və ölkəni ABŞ kimi çox səviyyəli nüvə güclərinə yaxınlaşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya   Təhlükə  


Bizi "telegram"da izləyin