Ordu.az-ın məlumatına görə, bu hadisə Yunanıstanda narahatlıqla izlənir, “Rafale” təyyarələrinin gözləntiləri qarşılamaması, Türkiyənin malik olduğu S-400 və inkişaf etmiş yeni nəsil yerli hava hücumundan müdafiə raketlərinin təsiri müzakirə olunur.
Yunanıstanın “Flight” jurnalı iddia edir ki, Yunanıstanın diqqəti ABŞ Hərbi Hava Qüvvələrinin inventarına daxil olan və İtaliyanın da sifariş verdiyi “EA-37B Compass Call” tipli radioelektron mübarizə təyyarəsinə yönəlib.
Burada, artıq əhəmiyyətli sayda F-35A və F-35B döyüş təyyarəsinə sahib olan İtaliyanın “EA-37B Compass Call” tipli xüsusi radioelektron mübarizə təyyarəsi sifarişi olduqca vacibdir. Yunanıstan bu məsələdə İtaliyanı nümunə götürür.
Layihə 2017-ci ildə başladı
ABŞ Hərbi Hava Qüvvələri 2017-ci ildə “BAE Systems” ilə əməkdaşlıq quraraq “L3Harris Technologies” şirkətinə ən tanınmış mülki təyyarələrdən biri olan “Gulfstream G550” bazasında qurulan “EA-37B” təyyarəsinin hazırlanması tapşırığını verdi.
Keçən il “Gulfstream G550” istehsalı dayandırılmışdı. Təyyarələr mülki bazardan ikinci əl alınaraq xüsusi tapşırıqlı təyyarəyə çevrilir.
EC-130H-nin tapşırıq avadanlıqlarının təxminən 70%-i yeni təyyarəyə köçürüldü, lakin bu sistemlər daha kiçik, daha sürətli və daha müasir bir gövdəyə inteqrasiya olundu. L3Harris proqram təminatlı radio (SDR) bazalı “Small Adaptive Bank of Electronic Resources” (“SABER”) adlı sistemi inkişaf etdirdi.
Yunanların şərhi
Yunan “Flight” jurnalı təyyarə ilə bağlı belə yazır:
“Ölkəmiz baxımından EA-37B Egey dənizində kritik bir güc amili ola bilər. Çoxsaylı adalar, qısa məsafələr və Türkiyə hava hücumundan müdafiə sistemlərinin güclü mövcudluğu ilə coğrafi mühit S-400 zenit-raket kompleksləri və ya müasir raketlərlə təchiz olunmuş Türkiyəyə məxsus F-16 döyüş təyyarələri kimi mürəkkəb sistemləri zərərsizləşdirə biləcək platformalara ehtiyac yaradır. Hava müdafiə şəbəkələrini sıradan çıxarmaq, rabitəni bloklamaq və düşmənin koordinasiya imkanlarını pozmaq bacarığına malik olan EA-37B Hərbi Hava Qüvvələrimizə hava üstünlüyünü qorumaq üçün lazım olan üstünlüyü qazandıra bilər.
Bundan əlavə, İtaliya tərəfindən alınması birgə təchizat və əməkdaşlığı gücləndirərək Yunanıstanın da eyni platformaya sahib olmasının yolunu açır. Yunanıstan “EMB-145H Erieye” ilə erkən xəbərdarlıq və idarəetmə təyyarəsi istifadəsində mövcud təcrübəsiylə EA-37B-nin inteqrasiyasını asanlaşdıracaq səviyyədə peşəkarlığa artıq sahibdir”.
Sevinc Əliyeva
Ordu.az