Ordu.az xəbər verir ki, bu barədə “Reuters”in ABŞ təhlükəsizlik mənbələrinə əsaslanaraq dərc etdiyi hesabatda bildirilib.
Hesabata görə, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması da daxil olmaqla, əvvəlki administrasiyanın təklif etdiyi müdafiə sazişini imzalamağı planlaşdırır.
Məlumata görə, ABŞ-də müdafiə sənayesinin əsas oyunçuları olan “Lockheed Martin” və RTX (Raytheon) kimi müdafiə nəhəngləri təklif olunan razılaşmada xüsusi rollar alacaq.
Xüsusilə, ABŞ Səudiyyə Ərəbistanına “Lockheed Martin” şirkətinin C-130 nəqliyyat təyyarələrini, eləcə də raket və radar sistemləri tədarük etməyi planlaşdırır. “Boeing”, “Northrop Grumman” və “General Atomics” kimi şirkətlər də müqaviləyə daxil ediləcək.
“General Atomics” Səudiyyə Ərəbistanına “MQ-9B SeaGuardian” pilotsuz uçan aparatları tədarük etməyi düşünür.
Səudiyyə Ərəbistanı, həmçinin “Lockheed Martin” tərəfindən istehsal edilən ABŞ-nin beşinci nəsil F-35 döyüş təyyarəsinə maraq göstərməyə davam edir. Lakin mənbələrə görə, Trampın səfəri zamanı bu müqavilənin imzalanması ehtimalı azdır.
Tramp 2017-ci ildə prezident kimi ilk dövründə Səudiyyə Ərəbistanına 110 milyard dollar dəyərində müdafiə sazişi paketi də təklif edib. Lakin bu paket açıq şəkildə imzalansa da, tam həyata keçirilməyib.
Sevinc Əliyeva
Ordu.az