Ordu.az xəbər verir ki, Türkiyənin və dünyanın qabaqcıl silah istehsalçılarından birinə çevrilən şirkət orijinal dizaynları və ixracat uğurları ilə seçilir.
TİSAŞ-ın xarici ticarət meneceri Ergin Akyüz jurnalistlərə açıqlamasında şirkətin tarixi, məhsul çeşidi, ixrac fəaliyyəti və gələcək hədəfləri ilə bağlı qiymətləndirmələr aparıb.
Şirkətin ilk istehsal modeli olan “Fatih-13”dən sonra Türkiyənin ilk orijinal dizaynlarından biri olan “Kanuni-16” ilə sektorda möhkəm yer qazandığını bildirən Ergin TİSAŞ-ın “Zigana” seriyası ilə məhsul çeşidini artırdığını, xüsusilə “Zigana T” və “Zigana Sport” modelləri ilə həm daxili, həm də xarici bazarlarda geniş istifadəçi kütləsinə çatdığını qeyd edib.
Şirkət ABŞ bazarı üçün hazırlanmış 1911 seriyası ilə ixrac potensialını daha da artırıb və “Zigana 4” modeli ilə daxili bazarda çox seçilən markalardan biri olub. Akyüz Türkiyənin ilk polimer gövdəli tapançalarından biri olan P 06-dan sonra hazırlanan PX-9-un hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında olduğunu bildirib.
2024-cü ildə istehsalına başlanan PX 5.7 modeli ilə TİSAŞ dünya səviyyəsində məhdud sayda istehsalçıya sahib olan 5.7×28 mm seqmentinə addım atıb. Akyüz bu məhsulun həm texnoloji, həm də ticari baxımdan şirkət üçün əhəmiyyətli bir mərhələ olduğunu vurğulayıb.
Qurulduğu gündən etibarən 65 ölkəyə ixracat həyata keçirdiklərini ifadə edən Akyüz 2024-cü ildən etibarən ümumi ixracat rəqəminin 200 mini keçdiyini bildirib.
TİSAŞ-ın bu gündən etibarən 50-dən çox ölkəyə müntəzəm göndərişlər həyata keçirdiyini bildirən Akyüz şirkətin dövriyyəsinin 85%-dən çoxunun ixrac gəlirlərindən ibarət olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az