Avropa ilə Ankara arasında yeni səhifə: Ərdoğan və Meloni Roma görüşündə nə qərar verdilər?

2025/05/1746164632.jpg
Oxunub: 785     18:43     02 May 2025    
Aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Romada olub. Bu səfər əvvəlcədən aprelin 17-nə planlaşdırılmışdı, lakin İtaliya tərəfinin xahişi ilə təxirə salınmışdı. Türkiyə KİV-ləri Prezident Ərdoğanla İtaliyanın Baş naziri Meloni arasında keçirilən danışıqları və hökumətlərarası komissiyanın iclasından sonra yayımlanan birgə bəyanatı geniş şəkildə işıqlandırıblar. Bəyanat tərəflərin kifayət qədər ciddi niyyətlərə malik olduğunu göstərir.

Sənəddə Avropa İttifaqı-Türkiyə münasibətlərinə dair iki mühüm müddəanın yer alması xüsusilə diqqət çəkir. Belə ki, bəyanatda qeyd olunur ki, Avropa İttifaqı və Türkiyə vizaların liberallaşdırılması üzrə danışıqları sürətləndirməli və Gömrük İttifaqı sazişini yeniləməlidirlər. Ehtimal edilir ki, bu məsələlərlə bağlı İtaliya əvvəlcədən Avropa Komissiyası ilə məsləhətləşmələr aparıb. Əks halda, ikitərəfli münasibətlərə dair sənəddə bu məsələlərin yer alması çətin olardı.

Bəyanatın digər diqqətəlayiq bəndi Rusiya-Ukrayna müharibəsinə aiddir. İtaliya və Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. Münaqişənin həllinə gəldikdə isə bu həll dayanıqlı, ədalətli və uzunmüddətli sülhü təmin etməlidir. Tərəflər münaqişədən sonrakı Ukraynanın bərpasında iştirak etməyə – həm dövlət, həm də özəl şirkətlərin investisiyaları formasında – və ortaq proqramların həyata keçirilməsində razılaşıblar.

İtaliya və Türkiyə hesab edirlər ki, İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmalı və humanitar yardımın qarşısını alan maneələri aradan qaldırmalıdır. Roma və Ankara Fələstin dövlətinin yaradılmasının zəruriliyini qəti şəkildə dəstəkləyirlər və bildirirlər ki, İsrail və Fələstin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində müəyyən edilmiş qaydada yanaşı və sülh şəraitində yaşamalıdır.

İtaliya-Türkiyə birgə bəyanatının başqa bir bəndi Suriyaya həsr olunub. Tərəflər Suriyanın ərazi və dövlət bütövlüyünü dəstəkləyirlər. Lakin bu dəstək keçid hökumətinin beynəlxalq dəstəklə inklüziv idarəetmə sistemi yaratması halında aktual olacaq, yəni Suriyanın bütün icmaları özlərini azad, təhlükəsiz və hüquqi baxımdan qorunmuş hiss etməlidirlər.

Birmənalı olaraq qeyd edilməlidir ki, birgə bəyanat hüquqi qüvvəyə malik məcburi müqavilə deyil və sənəddə qeyd olunan bəndlərin dərhal həyata keçiriləcəyi gözlənilmir. Ərdoğanın Roma səfərinin əsas əhəmiyyəti siyasi kontekstdədir. Bu isə göstərir ki, çətin geosiyasi vəziyyətdə olan Avropa Türkiyənin fəal iştirakına ehtiyac duyur. Qeyd olunmalıdır ki, Rusiya-Ukrayna münaqişəsinə yanaşma məsələsində İtaliya Aİ-dəki “anti-Rusiya mövqeyi” ilə seçilən ölkələr sırasında deyil.

Görünür, məhz bu amil Avropa Komissiyasının Türkiyə üçün olduqca vacib olan – vizaların liberallaşdırılması və gömrük sazişinin yenilənməsi məsələsində dialoqun prioritetliyini İtaliyanın vasitəsilə ictimailəşdirməsinə səbəb olub. Elə həmin gün Varşavada Türkiyə “Üç Dəniz Təşəbbüsü” çərçivəsində strateji tərəfdaş statusu alıb. Bu qeyri-institusional quruma Baltik, Adriatik və Qara dəniz hövzəsinə daxil olan Avropa ölkələri daxildir və son vaxtlar bu təşəbbüsə Ukrayna və Moldova da “daimi dəvətlilər” kimi qoşulublar.

Yayımlanan İtaliya-Türkiyə birgə bəyanatının mətnində Cənubi Qafqazda əməkdaşlıq məsələsi ilə bağlı heç nə qeyd olunmayıb. Bununla belə, məlumdur ki, İtaliya ilə Azərbaycan arasında kifayət qədər sıx ticarət-iqtisadi münasibətlər mövcuddur və son dövrlərdə bu əməkdaşlıq silahlanma və hərbi texnologiyalar sahəsini də əhatə etməyə başlayıb. Ehtimal etmək olar ki, tərəflər Cənubi Qafqazdakı vəziyyətə də toxunublar, lakin bu barədə mövqelər ictimaiyyətə açıqlanmayıb. Hər halda Türkiyə görünür ki, Aİ-nin iqtisadi və təhlükəsizlik sisteminə, eləcə də hərbi-sənaye kompleksinə inteqrasiya olunmaq istiqamətində ittifaqın irəli sürdüyü təkliflərə müsbət yanaşır. Bu “inteqrasiyadan” kim və necə faydalanacaq, bu prosesin hansı geosiyasi nəticələri olacaq, bunu zaman göstərəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ankara  


Bizi "telegram"da izləyin