Cənubi Koreya prokurorları eks-prezident Yun Sok Yolun evində axtarış aparıblar

2025/04/1745991421.jpg
Oxunub: 357     07:48     30 Aprel 2025    
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol və həyat yoldaşı Kim Qon Hinin Seulun cənubundakı yaşayış kompleksində yerləşən mənzilində prokurorlar axtarış aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Yonhap xəbər agentliyi məlumat yayıb.

Axtarışlar prezidentin xanımının adı hallandığı korrupsiya qalmaqalı çərçivəsində həyata keçirilib. İddiaya görə, qalmaqallı şaman Çon Son Be 2022-ci il prezident seçkilərindən sonra Kim Qon Hiyə Birləşmə Kilsəsinin üzvündən qiymətli brilyant boyunbağı və bahalı çanta alaraq hədiyyə edib. İstintaq orqanları bu hədiyyələrin verilməsinə dair sübutları araşdırır.

Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi Yun Sok Yolun impiçmentini təsdiqləyib. Bununla da o, prezident toxunulmazlığından məhrum olub. Konstitusiyaya əsasən, vəzifədə olan prezidentlər yalnız üsyan və xəyanət hallarında istintaqa cəlb oluna bilərlər. Lakin impiçmentdən sonra eks-prezidentin digər cinayət işləri üzrə də araşdırılması mümkündür.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının Yun Sok Yolun rəsmi iqamətgahlarında və prezident administrasiyasında axtarış aparmaq cəhdləri təhlükəsizlik xidmətinin bu məkanların hüquqi statusu ilə bağlı iradlarına görə nəticəsiz qalmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin