Astana faktiki olaraq təsdiq edib ki, Kiyevdə akkreditə olunmuş diplomatlar Ukraynanın müvafiq qurumlarının nümayəndələri ilə rəsmi görüşlər keçiriblər. “Tengrinews”un məlumatına görə, Qazaxıstan prezidenti bütün halların sonuna qədər araşdırılmasını tapşırıb və hüquq-mühafizə orqanlarına yerli əhali ilə izahat işi aparmaq, muzdlu döyüşçü kimi iştirakın cinayət məsuliyyəti daşıdığı barədə maarifləndirmə aparmaq göstərişi verilib.
Mənbələr bildirir ki, Ukraynanın əlində Rusiyanın tərəfində döyüşən muzdlu döyüşçülərin təsdiqlənmiş siyahıları var və əgər müvafiq ölkələr ciddi nəticə çıxarmasalar, Kiyev bu məlumatları dərc etməyə hazırdır. Bu fonda Bişkekdən çox mühüm bir xəbər daxil olub.
Belə ki, Qırğızıstanın paytaxtı Bişkekdə, Mayısımek rayon məhkəməsi “Rus Evi”nin əməkdaşı Natalya Sekerinanın daha əvvəl seçilmiş həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəz edib. Eyni qərar iş adamı Viktor Sirotenko barəsində də tətbiq olunub.
“RIA Novosti”nin verdiyi xəbərə görə, Sekerina və bloqer Viktor Vasilev ötən həftə həbs olunublar və məhkəmə qərarı ilə iyunun 17-dək həbsdə saxlanılacaqdılar. Onlar xarici ölkədə silahlı münaqişədə iştirak üçün muzdlu döyüşçülər toplamaqda şübhəli bilinirlər. Sekerinanın barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Vakunovun Qırğızıstanın xüsusi xidmət orqanlarının rəhbəri Kaçimbek Taşiyev ilə apardığı danışıqlardan sonra baş verib.
“RIA Novosti” Bişkekdəki Rusiya səfirliyinin adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildirir ki, Qırğızıstanın xüsusi xidmət orqanlarının “Rus Evi” ilə bağlı heç bir iddiası yoxdur və “Rossotrudniçestvo” əməkdaşının həbsi onun xidmət fəaliyyəti ilə əlaqəli deyil. Görünür, səfir Vakunov Qırğızıstanın xüsusi xidmət orqanlarından xahiş edib ki, bu işi elə təqdim etsinlər ki, guya Natalya Sekerina Bişkekdə muzdlu döyüşçüləri yalnız şəxsi təşəbbüsü ilə toplayıb.
Qırğızıstan prezidenti Sadır Japarov 9 mayda Moskvada Qələbə Günü tədbirində iştirak edəcəyinə söz verib. Görünür, Sekerinanın qətimkan tədbirinin dəyişdirilməsi də bu səfərlə əlaqəlidir. Lakin bu, mahiyyətcə heç nəyi dəyişmir: cinayət işi açılıb, Rusiya vətəndaşları həbs olunub və onlar suveren bir ölkənin ərazisində muzdlu döyüşçülər toplamaq və onları Rusiya tərəfindən Ukraynaya qarşı müharibəyə göndərməkdə ittiham olunurlar.
Ukrayna prezidenti Zelenski faktiki olaraq Rusiyanın bu bölgədə muzdlu döyüşçülər topladığını göstərərək Mərkəzi Asiyanı “partladır”. Bu, Rusiyanın beynəlxalq nüfuzuna ağır zərbədir. Şübhəsiz ki, Moskva bu alçaldıcı vəziyyəti də udacaq, lakin Mərkəzi Asiyanın “inteqrasiyası” üzrə geosiyasi layihəsi çox güman ki, ciddi müqavimətlə qarşılaşacaq. Belə olan halda, Vladimir Putinin Ukrayna uğrunda “triumfu” geosiyasi əhəmiyyətini itirə bilər.
Asif Cəfərov
Ordu.az