Ordu.az xəbər verir ki, Afina administrasiyası daha əvvəl imzalanmış üç gəmi ilə bağlı müqaviləyə əlavə olaraq dördüncü gəmi üçün qərar qəbul etmə prosesinə daxil olacaq.
Yunanıstan 2022-ci ilin martında Fransa ilə üç “Belharra” tipli freqatın tədarükü üçün müqavilə imzalayıb. Müqaviləyə əsasən, ilk iki freqatın 2025-ci ildə, üçüncünün isə 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.
Fransanın müdafiə naziri Sebastyan Lekörnünün Afinaya səfəri zamanı müdafiə naziri Nikos Dendias jurnalistlərə açıqlama verib.
“Mən Yunanıstan Hökumətinin Xarici Siyasət və Müdafiə Komissiyasına yeni “Belharra” tipli freqat almaq təklifini təqdim edəcəyəm”, - deyə Dendias bildirib.
Aparılan danışıqlar nəticəsində Yunanıstanın Silah və İnvestisiya Baş İdarəsi ilə Fransanın tərəfdaşı olan müdafiə şirkəti MBDA arasında yeni müqavilə imzalanıb. Tərəflər 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raketinin satışı ilə bağlı razılığa gəliblər.
Freqatların vahid qiyməti ictimaiyyətə açıqlanmasa da, əvvəlki üç gəmi müqaviləsinin təxminən 3 milyard avro dəyərində olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az