Putin 9 Mayadək sakitlik istəyir – Atəşkəs danışıqları paradla əlaqədardır?

2025/04/1745058707.jpg
Oxunub: 473     13:30     21 Aprel 2025    
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, qarşıdakı günlərdə Ukrayna müharibəsini dayandırmağın mümkün olub-olmadığı aydınlaşacaq. O, bu barədə Rusiya xarici işlər naziri Lavrovla telefon danışığından sonra bildirib. Həmin danışıq isə Parisdə Rubio ilə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Uitkof arasında aparılan danışıqlardan sonra baş tutub.

Lavrovla telefon danışığında Rubio bildirib ki, ABŞ-nin Parisdə irəli sürdüyü yanaşmalar qəbul edilib və bu da Ukrayna cəbhəsində atəşkəs əldə etməyə ümid verir. Rusiya xarici işlər naziri isə həmin gün Moskvada İranın XİN rəhbəri Əraqçi ilə görüşündən sonra Moskvanın işi davam etdirməyə hazır olduğunu bildirib.

Rubio və Lavrov operativ əlaqəni saxlamaq barədə razılığa gəliblər. Öz vəzifəsinə başlamasından qısa müddət sonra ABŞ prezidenti Donald Tramp diplomatik qrupuna 100 gün ərzində Ukrayna cəbhəsində atəşi dayandırmağa nail olmaq tapşırığını verdiyini açıqlamışdı. Bu müddət aprelin 30-na qədərdir, həmin gün Trampın prezidentliyinin simvolik yüz günü tamam olur. Bəs həmin vaxta qədər atəşi dayandırmaq mümkün olacaq?

Bu həm də Putinin xeyrinə ola bilər. O, yəqin ki, mayın 9-da Qırmızı Meydanda keçiriləcək Qələbə paradının – İkinci Dünya Müharibəsinin 80 illiyinə həsr olunmuş tədbirin atəşkəs şəraitində baş verməsini istərdi. Rusiya-ABŞ atəşkəs danışıqları və şərtlərinə Avropa, xüsusilə də bu sahədə liderlik iddiası olan Fransa ehtiyatla və narazılıqla yanaşırdı. Rubio və Uitkof Avropanın, xüsusən də Fransanın narahatlıqlarını və ehtiyatlarını aradan qaldıra bildimi?

Bunu demək çətindir, xüsusən də təfərrüatların olmaması şəraitində. Əgər bu mümkün olubsa, onda təbii ki, aprelin 30-na qədər atəşkəs razılaşmasına nail olunması ehtimalı yüksələcək. Amma yenə də bəlli deyil ki, bu atəşkəs nə qədər davam edəcək. Axı söhbət tam tənzimlənmədən deyil, sadəcə atəşkəsdən gedir. Bu isə o deməkdir ki, atəşkəs razılaşmaların təsdiqi deyil, əksinə fikir ayrılıqlarının müzakirəsi üçün yeni bir rejimin başlanğıcı ola bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Atəşkəs  


Bizi "telegram"da izləyin