Vacib olan odur ki, bu təmasın gündəliyində nə olacaq və məsələn, ABŞ-Çin gündəliyi 2024-cü il noyabrın 17-də baş tutan Bayden-Si Cinpin görüşünün gündəliyindən necə fərqlənəcək. Həmin görüş Asiya-Sakit Okean sammitinin keçirildiyi Peruda baş tutmuşdu. Bu, Bayden və Si Cinpinin son görüşü idi və əlamətdar haldır ki, bu görüş artıq ABŞ-də prezident seçkilərinin nəticəsi və Donald Trampın qələbəsi məlum olduğu bir şəraitdə baş tutub.
Baydenin Çin prezidenti ilə bu görüşü sadəcə vida üçün idi, yoxsa Baydenin Trampın qələbəsindən sonra verdiyi “hakimiyyətin rəvan ötürülməsi” təminatı çərçivəsində idi? Hər halda, həmin görüşdə Si Cinpin ABŞ-nin yeni administrasiyası ilə konstruktiv işləməyə hazır olduğunu bildirmiş, əgər ABŞ və Çin bir-birinə rəqib və əleyhdar kimi yanaşsalar, ikitərəfli münasibətlərə zərər verə və onu geri sala biləcəklərini söyləmişdi.
Bayden həmin görüşdə Pekinin Ukrayna müharibəsində Rusiyaya kömək etməkdə davam etməsindən narazılığını bildirmişdi. Bu gün bu müharibədə elə bir vəziyyət yaranıb ki, ən azından zahirən ABŞ və Rusiyanın mövqeləri ABŞ və Ukraynanın mövqelərindən daha yaxın və ahəngdar görünür. Digər tərəfdən isə, ABŞ-Çin münasibətlərində müəyyən gərginlik var kimi görünür. ABŞ prezidenti Tramp Çin üçün gömrük rüsumlarını artırıb, Çin isə bəyan edib ki, ABŞ ilə təkcə iqtisadi müharibəyə deyil, müharibənin hər hansı başqa formasına qədər döyüşməyə hazırdır.
Ola bilsin ki, tərəflər qarşıdakı yüksək səviyyəli görüşdən əvvəl sadəcə mərcləri qaldırırlar. Öz növbəsində, Rusiya da mərcləri qaldırmağa çalışır. Rusiyanın Xarici İşlər naziri Lavrov bu gün bəyan edib ki, onlar ABŞ-nin yeni administrasiyasının rus-amerikan normallaşması istiqamətində “düzgün yöndəki” siyasətini alqışlayırlar, lakin münasibətlərdəki fikir ayrılıqlarının aradan qaldırılmasından danışmaq hələ tezdir. Rusiya, əlbəttə ki, ABŞ-Çin rəqabətindən maksimum faydalanmağa çalışacaq, xüsusilə də bu mənada əlverişli mövqedə olduğu görünür.
ABŞ-Çin yaxınlaşmasını Rusiyaya qarşı təsəvvür etmək çox çətindir. Digər tərəfdən, ABŞ üçün güclü rus-çin yaxınlaşması, Çin üçün isə güclü amerika-rus sazişi arzuolunmazdır. Məhz bu, üçbucağı demək olar ki, qaçılmaz edir. Məsələ ondadır ki, üçbucaqda razılaşmalar hansı nisbətdə olacaq. Və bu, əlbəttə ki, geosiyasi şahmat taxtasının bütün əsas regionları üçün, xüsusilə də şərti - yəni həndəsi mənada olmasa da, bu üçbucağın demək olar ki, mərkəz hissəsində yerləşən Qafqaz üçün çox vacib məsələdir.
Asif Cəfərov
Ordu.az