“Mad Maks” üslublu hücumlar dəlilikdir? Rusiyanın Ukraynadakı müharibəsi artıq qolf arabaları ilə davam edir?

2025/03/2025--1741326601.jpg
Oxunub: 1662     12:28     18 Mart 2025    
Rusiya ordusunun sovet dövründən qalan böyük hərbi texnika ehtiyatları, sənayenin onları yeniləri ilə əvəz etmə sürətindən qat-qat tez tükənir. Çıxış yolu kimi isə mülki avtomobillər, motosikletlər və hətta artıq qolf arabalarından istifadəyə başlanıb.

Ukraynanın üç ildir ki, davam edən müharibədə artıq 10,000-ə qədər Rusiya tankını məhv etdiyi barədə iddiaları böyük ehtimalla şişirdilmiş rəqəmlərdir. Lakin qərb analitikləri və müstəqil müşahidəçilər yenə də Rusiyanın itkilərinin minlərlə vahid təşkil etdiyini və Moskvanın belə bir itki tempinə uzun müddət tab gətirə bilməyəcəyini düşünürlər.

Bu isə o deməkdir ki, bu ilin sonlarına doğru Rusiya ordusu məcburən daha yüngül vasitələrə – kiçik yük maşınları, mülki avtomobillər, hətta motosiklet və qolf arabalarına keçməli olacaq. “Defence Blog” nəşrinin verdiyi xəbərə görə, Kreml artıq qolf arabalarından istifadə etməyə məcbur qalacaq.

“Forbes” jurnalının hərbi təhlilçisi Devid Eksin ötən ilin iyul ayında qeyd etdiyi kimi, Rusiya qüvvələri artıq bir dəfə “beş ədəd qolf arabasına minmiş piyadalarla” hücuma keçməyə cəhd göstərmişdi. Nəticələr gözlənilən kimi oldu: “Ukrayna qüvvələri bu zəif və qorunmasız nəqliyyat vasitələrini asanlıqla məhv etdi, hücumu dayandırdı və ehtimal ki, rus hərbçilərinə ağır itkilər yaşatdı”.

Bu hadisə yeganə deyil. Bundan öncə də Rusiyanın motosikletlərdən ibarət oxşar hücumları olmuşdu. Hərbi analitik Stiv Braun “Kyiv Post” qəzetində yazır ki, bəlkə də rus komandirləri belə “Mad Maks” üslublu sürətli hücumların düşməni hazırlıqsız yaxalayacağını düşünürdülər, lakin reallıqda nəticələr tam əksinə oldu.

Rusiyanın yaxşı çıxış yolu yoxdur

Son aylarda müəyyən irəliləyişlər əldə etsə də, Kreml üçün ən yaxşı qərar müharibəni dayandırmaq olardı. Çünki sovet dövründən qalan nəhəng hərbi texnika ehtiyatları – tanklar, zirehli texnikalar və artilleriya sistemləri – artıq Rusiyanın sənaye müəssisələrinin bərpa və yeniləmə sürətindən daha tez tükənməkdədir.

Moskva köhnə tanklarını təmir edib yenidən cəbhəyə göndərir. Bu sıraya daha az effektiv və dövrünü çoxdan başa vurmuş sovet istehsalı tanklar – “T-80”, “T-62” və “T-54/55” modelləri də daxildir. Kreml daha müasir əsas döyüş tanklarının istehsalını artırmağa çalışsa da, itkiləri qarşılamaq üçün istehsal sürətini artırması çətin görünür.

Bundan əlavə, ehtiyatların qısa müddətdə o qədər kəskin tükənəcəyi gözlənilir ki, Rusiyanın bu itkiləri bərpa etməsi bəlkə də bir nəsil çəkəcək. Qısa müddət ərzində isə Rusiya ordusu alternativ nəqliyyat vasitələrindən istifadə etməyə məcbur olacaq. Lakin bu vasitələr də düzgün istifadə edilmədikdə sadəcə əlavə itkilərə səbəb olacaq.

Analitik Braun qeyd edir: “Ağır, cəbhə tipli hücumlarda olduğu kimi, Rusiya əsgərləri motosikletlər və yüngül vasitələrlə nə qədər çox hücuma keçsə, ölən rus əsgərlərinin sayı da bir o qədər çox olacaq”.

Sürətli və qəfil hücumlar – düzgün planlaşdırılarsa – effektiv ola bilər

Bu o demək deyil ki, sürət və qəfil hücum taktikası heç vaxt uğurlu olmur.

İkinci Dünya Müharibəsinin əvvəlində Polşa süvarilərinin alman tanklarına qarşı hücumu haqqında məşhur əfsanə əslində alman təbliğatının nəticəsidir və həqiqəti əks etdirmir. Polşanın “Pomorska” Süvari Briqadasının 18-ci Alayına məxsus döyüşçülər müharibənin ilk saatlarında doğrudan da alman mövqelərinə qəfil hücum edərək kiçik alman qüvvələrini təəccübləndirmişdilər. Lakin daha sonra alman zirehli maşınlarının gəlməsi ilə polşalılar geri çəkilməyə məcbur olmuşdu. Əgər alman zirehli maşınları vaxtında çatmasaydı və alman (və italyan) təbliğatı bu hadisəni şişirtməsəydi, tarix polşalıların almanları necə pərişan etdiyini xatırlaya bilərdi! Ancaq məşhur alman tank komandiri general Haynts Quderian belə, bu hadisəni ilk şişirdənlərdən biri idi.

Reallıqda isə polşalıların əlində o dövrün alman zirehli maşınlarını məhv etmək üçün kifayət qədər güclü tank əleyhinə silahlar var idi. İndi isə məlum deyil ki, Ukraynadakı rus əsgərlərinə bu cür effektiv silahlar verilib ya yox. Görünən odur ki, ruslar missiyaya uyğun olmayan vasitələrlə döyüşlərə tələsik atılırlar.

Əslində, “Mad Maks” üslublu hücumlar tam olaraq “dəli” yanaşma sayıla bilməz.

Çünki Ukrayna qüvvələri də sürətli vasitələrdən istifadə edir – lakin bu maşınlar güclü tank əleyhinə raket qurğuları ilə təchiz edilir və möhkəmləndirilmiş mövqelərə birbaşa hücum etmək əvəzinə, rus tanklarını sürətli basqınlarla təqib edib vururlar. İndi sual budur: Rusiya rəqibindən dərs çıxara biləcəkmi? Yoxsa yenə də sadəcə ölümün ağuşuna doğru hücuma keçəcək?

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin