“Javelin” raketi Rusiyanın ən böyük kabusuna necə çevrildi?

2025/03/1741242621.jpg
Oxunub: 1198     16:29     12 Mart 2025    
Ukrayna qüvvələri müharibə boyunca böyük sayda “Javelin” raketlərindən istifadə edərək Rusiyanın zirehli texnikalarına ağır zərbələr endirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri ABŞ və NATO üzrə müttəfiqləri Kiyevə milyardlarla dollar dəyərində hərbi texnika və silah-sursat göndərib. Bayden administrasiyası dövründə ABŞ Ukraynanı əsas döyüş tankları, artilleriya sistemləri, raket kompleksləri, hava müdafiə vasitələri və böyük həcmdə döyüş sursatı ilə təmin edib. Bu silahların bir çoxu Moskvanın irəliləyişini dayandırmaqda mühüm rol oynasa da, onların arasında bir tank əleyhinə silah xüsusi olaraq effektivliyi ilə seçilir. Operatorları tərəfindən tez-tez “Müqəddəs Javelin”, “Ukraynanın Qoruyucusu” adlandırılan FGM-148 “Javelin” raketi döyüş meydanında Ukrayna ordusuna mühüm üstünlüklər qazandırmağa davam edir.

Ötən ay “Forbes” jurnalının yaydığı məlumata görə, Ukrayna 36-cı Dəniz Piyadaları Briqadasının təkcə bir “Javelin” qrupu Kursk istiqamətində üç düşmən tankını və dörd döyüş maşınını məhv edib. Onsuz da azalan zirehli texnika parkı ilə üzləşən Rusiya ordusu üçün bu itkilər əlavə ciddi problemlər yaradır.

“Javelin” raketi Ukraynanın əsas tank məhvedicisidir

Təxminən üç il ərzində ABŞ-nin keçmiş Bayden administrasiyası Kiyevi 10 mindən çox “Javelin” tank əleyhinə idarəolunan raketlə (ATGM) təmin edib. Soyuq Müharibə dövründə ABŞ ordusunda köhnəlmiş “M47 Dragon” tank əleyhinə raketlərini əvəz etmək üçün hazırlanmış “Javelin” raketləri operatora atəşdən sonra görünməz qalmaq üstünlüyü verir. Bu xüsusiyyət “Dragon” raketlərində yox idi və məhz bu amil “Javelin”in döyüş meydanında effektivliyini artıran əsas səbəblərdən biridir.

Raket qurğusunun çəkisi təxminən 50 funta (təxminən 23 kiloqram) yaxındır ki, bu da onu çiyində rahatlıqla gəzdirməyə imkan verir. Silah çiyindən atılmaq üçün nəzərdə tutulsa da, təkərli və ya tırtıllı hərbi nəqliyyat vasitələrinə də quraşdırıla bilər. “Lockheed” şirkətinin məlumatına görə, “Javelin” raketləri hədəfə yuxarıdan hücum etmək üçün xüsusi trayektoriyadan istifadə edir və beləliklə, düşmən texnikasının ən zəif zirehli hissəsinə zərbə endirir. Atəş açmaq üçün operator hədəfi seçir və kursoru onun üzərinə gətirir. Bundan sonra “Javelin”in atəşi idarəetmə qurğusu raketə hədəfə tuşlanması üçün siqnal göndərir və raket hədəfə kilidlənir.

“Javelin”in ən mühüm üstünlüklərindən biri əsas döyüş tanklarını və digər zirehli texnikaları effektiv şəkildə məhv etməsidir. Atəş açıldıqdan sonra raket infraqırmızı tuşlama başlığının köməyi ilə hədəfə doğru hər 7 saniyəyə 1000 fut (təxminən 305 metr) sürətlə hərəkət edir. Raketdəki iki yüksək partlayıcı başlıqdan birincisi hədəfin reaktiv zirehini dağıdır, ikinci başlıq isə əsas zirehi deşərək hədəfi məhv edir. “Military Times” nəşrinin məlumatına əsasən, “Javelin”in döyüş başlıqları 23,5-31,5 düym (təxminən 60-80 sm) qalınlığında polad zirehi deşə bilir. Raketin effektiv mənzili 1,5 mildən (təxminən 2,4 kilometrdən) çoxdur. Raketin döyüş başlığı atəş açıldıqdan sonra 213 fut (təxminən 65 metr) məsafə qət etdikdən sonra aktivləşir. Bununla yanaşı, atəş zamanı raketin geriyə doğru alov püskürməsi (backblast) baş verir ki, operatorlar bunu mütləq nəzərə almalıdırlar.

Ukrayna qüvvələri müharibənin başlanğıcından bəri böyük sayda “Javelin” raketindən istifadə edərək Rusiyanın zirehli texnikalarını məhv ediblər. Sosial mediada T-72A və T-80 daxil olmaqla müxtəlif tankların “Javelin” raketləri ilə vurulmasını əks etdirən yeni videolar daim paylaşılır.

Maraqlıdır ki, Moskvanın tankları Ukraynanın əldə etdiyi Qərb silahları qarşısında zəif olduğunu göstərsə də, Ukraynanın öz əsas döyüş tankları da Rusiyanın PUA-ları, raketləri və digər silahları qarşısında ciddi itkilər verib. Müharibə davam etdikcə, tank əleyhinə silahlar hər iki tərəf üçün strateji əhəmiyyətini qorumağa davam edəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   Rusiya  


Bizi "telegram"da izləyin