Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hazırkı məlumatlara görə, istehsal xətti 2028-ci ildə dayana bilər.
Lakin Fransa və İspaniyanın əvvəllər verdikləri sifarişləri azaltmağı düşünmələri bu prosesə mənfi təsir göstərə bilər.
Fransanın müdafiə naziri Sebastyan Lekornü ötən ilin oktyabrında verdiyi açıqlamada A-400M-in satınalma planlarını nəzərdən keçirdiklərini deyib.
“A-400M üçün hədəfimiz 35 təyyarə almaqdır. Əvvəlcə bu rəqəmin 50 olması planlaşdırılırdı. Lakin ixrac da mühüm rol oynayır. A-400M-nin taktiki və əməliyyat effektivliyi sübuta yetirilib. Hələ də hərbi nəqliyyat təyyarələrinə ehtiyac var və mən bu təyyarəyə yeni müştərilər tapmağa çalışıram”, - deyə o qeyd edib.
A-400M-in gələcəyi ilə bağlı digər problem bəzi Avropa ölkələrinin bu təyyarə əvəzinə Braziliya istehsalı olan “C-390 Millenium” modelinə üstünlük verməsidir. Niderland, Çexiya və Avstriya bu istiqamətdə qərarlar qəbul edərkən, Polşa da “C-390 Millenium”u potensial variant kimi nəzərdən keçirir.
Almaniyanın sərt müdafiə ixrac siyasəti də A-400M-in satış prosesini çətinləşdirir. “Airbus”ın baş direktoru Maykl Şelhorn 2023-cü ilin fevralında verdiyi açıqlamada bildirib: “Bir çox ölkə A-400M ilə maraqlanır, lakin biz Almaniyadan lazımi ixrac icazələrini vaxtında almaqda çətinlik çəkirik”.
Almaniyanın silah ixracı ilə bağlı bəzi son siyasət dəyişiklikləri “Airbus” üçün müsbət hal hesab olunur. Birləşmiş Ərəb Əmirlikləri “C-130H Hercules” təyyarəsini əvəz etmək üçün 8-10 ədəd A-400M almağı planlaşdırır, Səudiyyə Ərəbistanı da 15-20 ədəd A-400M almağı düşünür.
Sevinc Əliyeva
Ordu.az