Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hazırkı planlara görə, istehsal xəttinin 2028-ci ildə dayanması riski var. Bundan əlavə, A400M proqramının ilkin müştərilərindən ən azı ikisi, Fransa və İspaniya artıq sifariş etdikləri təyyarələrin sayını azaltmağı düşünürlər.
Fransanın müdafiə naziri Sebastyan Lekornü ötən ilin oktyabrında parlamentin iclasında deyib:
“A400M üçün hədəf 35 təyyarə almaqdır. Əvvəlcə bu rəqəmin 50 olması planlaşdırılırdı. Lakin ixrac da mühüm rol oynayır. A400M-in taktiki və əməliyyat effektivliyi sübuta yetirilib. Hələ də hərbi nəqliyyat təyyarələrinə ehtiyac var və mən bu təyyarəyə yeni müştərilər tapmağa çalışıram”.
Buna baxmayaraq, bəzi Avropa ölkələri A400M əvəzinə Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal olunan “C-390 Millenium” modelinə üstünlük verirlər.
Niderland, Çexiya və Avstriya hava qüvvələrini modernləşdirmək üçün bu təyyarəni seçib, Polşanın da eyni yolla gedə biləcəyi bildirilir.
Bununla belə, Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Polşa “Airbus” tərəfindən istehsal olunan A400M-i də qiymətləndirir.
Almaniyanın sərt silah ixracı siyasəti A400M-in beynəlxalq bazarda rəqabət aparmasını çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az