Paylaşılan fotolarda xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalının danışıqlara qatıldığı görünür. Türkiyə mətbuatı HƏMAS-ın “Telegram” kanalında paylaşdığı açıqlamanı təqdim edib. Açıqlamaya əsasən, tərəflər Qəzzada atəşkəs haqqında razılaşmanın icrasını və girovların fələstinli əsirlərə dəyişdirilməsini müzakirə ediblər.
HƏMAS razılaşmanın Misir və Qətərin vasitəçiliyi ilə əldə edildiyini xüsusi olaraq vurğulayıb. Həm də təəccüblüdür ki, nə Türkiyə, nə də HƏMAS razılaşmanın qarşı tərəfi olan İsraildən bəhs etmir. Entoni Blinken ABŞ dövlət katibi kimi jurnalistlərlə keçirdiyi son görüşündə Türkiyənin HƏMAS-ı təklif olunan şərtləri qəbul etməyə inandırmaqla, İsrail-Fələstin razılaşmasına töhfə verdiyini açıqlayıb.
İsrail-Fələstin razılaşması son dərəcə kövrəkdir, hər an çökə bilər. Bununla bağlı ABŞ prezidenti Donald Tramp çox qeyri-adi açıqlama verib. O, Qəzza sakinlərinin qonşu ərəb ölkələrinə köçürülməsini təklif edib. Tramp bunun “cəhənnəmdən qurtulmaq” imkanı olduğunu düşünür. On minlərlə fələstinli isə artıq Qəzza zolağının şimalına qayıdıb və axın davam edir.
Beynəlxalq mətbuatda Qəzza zolağının idarə olunmasının Birləşmiş Ərəb Əmirliklərinə həvalə edilməsinin mümkünlüyünün müzakirə olunduğu barədə məlumatlar yayılıb. Müvafiq olaraq, İsrail Qəzzada HƏMAS hakimiyyətinin bərpasına qəti şəkildə qarşıdır. Əbu-Dabinin bu məsələyə necə yanaşması tam aydın deyil. HƏMAS-ın Türkiyə prezidenti ilə danışıqlarla bağlı “Telegram”da paylaşdığı bəyanatda deyilir ki, Ərdoğan Fələstin qruplaşmasına bütün səviyyələrdə dəstək verəcəyinə söz verib.
Qəzzada müharibə başlayandan etibarən Türkiyə prezidenti ardıcıl olaraq bildirib ki, HƏMAS bir partiyadır və müstəqil Fələstin dövlətinin siyasi sistemində layiqli yer tutmalıdır. Göründüyü kimi, HƏMAS-ın siyasi qanadının lideri Məhəmməd Dərviş Türkiyə prezidenti ilə münaqişədən sonra Qəzzanın idarə olunması ilə bağlı məsələləri müzakirə edib.
Çox güman ki, Türkiyə məsələyə müstəqil Fələstin dövlətinin elan edilməsi siyasi proqramı kontekstində baxır. Bu arada, Trampın Qəzza əhalisinin köçürülməsi ilə bağlı açıqlamasından da anlaşıldığı kimi, yeni Vaşinqton administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahuya 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin məsələsini bağlamağa söz verib.
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüş ərəfəsində Səudiyyə Ərəbistanında olub. Səudiyyəlilər Trampın prezidentliyinin ilk dövründə təqdim etdiyi “İbrahim razılaşmaları” təklifi ilə İsraillə münasibətləri müəyyən qədər normallaşdırmışdılar, lakin Qəzzadakı müharibə tərəfləri xeyli uzaqlaşdırıb.
Türkiyə, görünür, Fələstin məsələsində ərəb ölkələri ilə vahid mövqe əldə etməyə çalışır, lakin, başa düşüldüyü qədər, Fars körfəzi monarxiyaları dərin şübhələrə malikdir. Bütün Ərəb Dövlətləri Liqası ölkələrinin Fələstinin müstəqilliyinə can atdığını, yoxsa onların öz növbəsində Qəzzada və İordan çayının qərb sahilində “protektorat”a sahib olmaq planlarının olduğunu söyləmək çətindir.
Aydındır ki, İsrailin Baş naziri öz məqsədinə çatmayıb, HƏMAS Qəzzanı təmsil edən yeganə qüvvə olaraq qalır. Böyük ehtimalla Ankarada belə bir variant müzakirə olunub ki, münaqişədən sonrakı Qəzzada “xarici idarəetmənin tətbiqi” variantı təklif olunarsa, HƏMAS yalnız Türkiyə protektoratını qəbul etməkdə israr edəcək.
Türkiyə ilə İsrail arasında münasibətlər mürəkkəbdir və Qəzzanın Türkiyənin nəzarətinə keçməsi bütün planları poza bilər.
Asif Cəfərov
Ordu.az