2024-cü ildə müdafiə xərcləri səhmləri artırdı: Budur siyahı

2025/01/1736755788.jpg
Oxunub: 984     13:33     13 Yanvar 2025    
Dünyanın aparıcı müdafiə və aviasiya şirkətlərinin səhmləri 2024-cü ildə də yüksəliş trendini davam etdirib. Rusiya-Ukrayna müharibəsi nəticəsində müdafiə xərclərinin artması və əməkdaşlıq müqavilələri səhmlərin bahalaşmasında həlledici rol oynadı.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropada müdafiə sənayesinə investisiyalar sürət qazanmağa davam edir. Analitiklər müharibənin müdafiə xərclərini artırdığını və şirkətlərin investisiya planlarını buna uyğun formalaşdırdığını bildirirlər. Avropa İttifaqı (Aİ) yeni fondlar və təşkilatlarla regional müdafiə qabiliyyətini artırmağı hədəfləyir.

Avropa hökumətlərinin müdafiə büdcələrini artırmaq qərarları sektordakı şirkətlərin səhmlərinə də müsbət təsir edir. Digər tərəfdən əldə edilən razılaşmalar, qazanılan tenderlər, satınalmalar və güclü balanslar səhmlərin yüksəlişini dəstəkləyir.

2023-cü ildə razılaşmalar artıb

Dünyanın 100 ən böyük müdafiə şirkəti 2023-cü ildə satışlarını 4 faiz artıraraq, ümumilikdə 632 milyard dollara çatıb. ABŞ-də yerləşən 41 şirkət 317 milyard dollarlıq satış həyata keçirib ki, bu da dünya üzrə ümumi silah satışlarının 50 faizini təşkil edir. Analitiklər bu performansın 2024-cü ildə səhm dəyərlərinə müsbət təsir etdiyini bildirirlər.


Asiya şirkətlərindən böyük gəlir

2024-cü ildə Asiyada yerləşən müdafiə şirkətlərinin səhmləri investorlarına əhəmiyyətli gəlirlər təmin etdi. Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətinin səhmləri 169,7 faiz dəyər qazanarkən, Cənubi Koreyada yerləşən “Hanwha Aerospace” 153,5 faizlik artım qeydə alıb. Almaniyanın “Rheinmetall AG” şirkətinin səhmləri isə 115,3 faiz artıb.

“Hanwha Aerospace” Ukraynadakı müharibə və artan ixrac tələbləri ilə qlobal müdafiə bazarında diqqəti cəlb edir. Şirkət raketdən müdafiə sistemləri və quru platformaları ilə mühüm layihələrdə iştirak edir. Yaponiyanın “Mitsubishi Heavy” şirkəti yeni nəsil nüvə reaktoru layihələrini tamamlamaq üzrə olduğunu və istehsal müəssisələrinin inşasına başlayacağını açıqlayıb.

ASELSAN Türkiyəni təmsil edir

Siyahıda ASELSAN diqqət çəkib. Siyahıda Türkiyənin müdafiə sənayesini təmsil edən ASELSAN-ın səhmləri 57% dəyər qazanıb.

ABŞ-də yerləşən şirkətlər qazandırır

ABŞ-nin müdafiə və aviasiya nəhənglərindən biri olan “RTX Corporation” güclü maliyyə performansı ilə 2024-cü ildə səhmlərində 37,5 faizlik dəyər artımı təmin edib. Şirkət Avstraliya hökuməti ilə bağladığı 4,7 milyard dollarlıq raket tədarükü müqaviləsi ilə diqqət çəkib.

“Lockheed Martin” Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) sisteminin hissələrinin yerli istehsalı üçün Səudiyyə Ərəbistanı ilə müqavilə bağlayıb. Şirkət, həmçinin peyk həlləri təqdim edən “Terran Orbital” ilə 450 milyon dollarlıq müqavilə imzalayıb.


Tənəzzüldə olan şirkətlər

“Boeing”in səhmləri isə təhlükəsizlik problemləri və pis balanslar səbəbindən 32 faiz dəyər itirib. Şirkət “737 Max” təyyarələrində yaranan texniki problemlərə görə ciddi sanksiyalar nəticəsində 10 milyard dollarlıq səhm satmağı planlaşdırır.

Almaniyanın “Lufthansa” şirkəti 23,7 faiz zərərlə investorlarını üzdü. Aİ Komissiyasının “Covid-19” yardımı ilə bağlı başlatdığı araşdırma şirkət səhmlərinin dəyərinə mənfi təsir göstərdi.

Səhm gəlirlərinin siyahısı

2024-cü ildə müdafiə və aviasiya şirkətlərinin səhm gəlirləri aşağıdakı kimi sıralanır:

Şirkət - Gəlir (%)

“Mitsubishi Heavy” +169,7
“Hanwha Aerospace” +153,5
“Rheinmetall AG” +115,3
“Leonardo” +61,2
ASELSAN +57
“RTX Corporation” +37,5
“Airbus” +10,7
“Dassault Aviation” +10
“Lockheed Martin” +7,2
“Thales” +3,5
“BAE Systems” +3,4
“General Dynamics” +1,5
“Boeing” -32
“Lufthansa” -23,7


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Sənayesi   Xərclər  


Bizi "telegram"da izləyin