Cənubi Koreyanın 4.5 Nəsil Döyüş Təyyarəsi: KF-21 (ARAŞDIRMA+FOTOLAR)

2024/12/1733895386.jpg
Oxunub: 1283     16:19     19 Dekabr 2024    
KF-21 “Boramae” Cənubi Koreyanın aviasiya və müdafiə sənayesindəki nüfuzlu layihələrindən biri kimi seçilən döyüş təyyarəsidir.

KF-21 “Boramae” Cənubi Koreyanın öz resursları ilə hazırladığı, ölkənin müdafiə qabiliyyətini artırmaq və xarici asılılığı azaltmaq məqsədi daşıyan milli təşəbbüsün məhsuludur. “Boramae” adı Koreya dilində “Gənc Şahin” deməkdir və təyyarənin çeviklik, hücum qabiliyyəti baxımından nə qədər iddialı olduğunu simvollaşdırır.


Sözügedən layihə Cənubi Koreyanın aparıcı aviasiya şirkətlərindən biri olan “Korea Aerospace Industries” (KAI) tərəfindən hazırlanıb və Cənubi Koreya ilə İndoneziya arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. KF-21 “Boramae” iki mühərrikli, çoxfunksiyalı döyüş təyyarəsi kimi dizayn edilib. Hava üstünlüyü missiyaları ilə yanaşı, təyyarə “hava-yer” hücumları, kəşfiyyat və Radioelektron Mübarizə (REM) kimi müxtəlif əməliyyat imkanlarına malikdir. Qabaqcıl avionika sistemləri və silah texnologiyaları ilə təchiz edilmiş KF-21 müasir döyüş meydanının tələblərinə cavab vermək üçün hazırlanıb.

Layihənin Hazırlanma Prosesi

KF-21 layihəsinin kökü Cənubi Koreyanın 2000-ci illərin əvvəllərində başlatdığı KF-X proqramına gedib çıxır. Əvvəllər F-4 “Phantom” və F-5E/F “Tiger II” kimi köhnə nəsil təyyarələrdən istifadə edən Cənubi Koreya bu təyyarələrin müasir döyüş mühitində qeyri-kafi olduğunu anladı. Bundan əlavə, F-35 kimi yüksək səviyyəli təyyarələrin yüksək qiyməti və məhdud ixrac siyasətləri səbəbindən şəxsi döyüş təyyarəsini istehsal etmək fikri getdikcə daha cəlbedici oldu.

Layihə rəsmi olaraq 2010-cu ildə başladıldı və “Korean Fighter eXperimental – KF-X” adıyla xatırlanmağa başladı. Cənubi Koreya hökuməti layihənin inkişafı üçün 8,5 milyard dollar büdcə ayırdı. Layihənin inkişafında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayıb. İndoneziya layihənin dəyərinin təxminən 20%-ni ödəməklə, tərəfdaş ölkə statusu qazandı və ABŞ-dən “Lockheed Martin” şirkəti ilə bağlanmış müqavilələr sayəsində bəzi kritik texnologiyalar transfer edildi.


Bununla belə, texnologiyanın ötürülməsindəki çətinliklər və məhdudiyyətlər Cənubi Koreyanın öz texnoloji imkanlarını inkişaf etdirməsinə də kömək etdi.

Xronoloji inkişaf

KF-21 “Boramae”nin hazırlanma prosesi 2001-ci ildə Cənubi Koreya prezidenti Kim De Çjun yerli döyüş təyyarəsi hazırlamaq məqsədini elan etdikdən sonra başladı. Layihənin mərhələləri zamanla aşağıdakı kimi inkişaf edib:

2001: Çjun yerli döyüş təyyarəsinin inkişaf etdirilməsini və 2015-ci ildə istifadəyə verilməsini elan etdi.

2010: KF-X Layihəsinin əsas strategiyası Müdafiə Satınalma Proqramının İnkişafı Komitəsi tərəfindən təsdiq edilib.

2011-2012: Texnologiyanın inkişafı prosesi tamamlandı.

2013-2014: EMD (Engineering and Manufacturing Development) Proqramı üçün texniki-iqtisadi təhlil KISTEP (Koreya Elm və Texnologiya Siyasəti İnstitutu) və KIDA (Koreya Müdafiə Təhlili İnstitutu) tərəfindən aparılıb.

2015: KAI KF-21 layihəsinin əsas podratçısı seçildi.

2016: Proqramın işə salınması, sistem tələbləri (SRR) və sistem dizaynının nəzərdən keçirilməsi (SFR) aparıldı.

2017: KF-X proqramı üçün müdafiə məhsulu və istehsal şirkəti müəyyən edildi.

2018: İlkin Dizayn Baxışı (PDR) tamamlandı.

2019: Kritik Dizayn İcmalı (CDR) uğurla başa çatdı.

2020: İlk prototipin son montaj prosesi başladı.

2021: İlk prototip ictimaiyyətə təqdim edildi (Roll-Out).

2022:

- 19 iyul: İlk uçuş həyata keçirilib.
- 28 sentyabr: KF-21-in ilk uçuş mərasimi keçirilib.

2023:

- 23 fevral: Supersəs uçuş sınağı uğurla başa çatıb.
- Mart-aprel: METEOR və AIM-2000 silah ayırma sınaqları həyata keçirilib.
- 15 may: Müvəqqəti döyüş bacarığının qiymətləndirilməsi keçirilib.
- 28 iyun: KF-21-in 6-cı prototipi ilk uçuşunu edib.

2026: Kütləvi istehsala başlamaq planlaşdırılır və ümumilikdə 120 təyyarə Cənubi Koreya Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq.

KF-21-in Texniki Xüsusiyyətləri

KF-21 “Boramae” ümumiyyətlə 4.5 nəsil döyüş təyyarəsi kimi təsnif edilir. Bu təsnifat təyyarənin 4-cü nəsil döyüş təyyarələrinin təkmil versiyası olduğunu və bəzi 5-ci nəsil xüsusiyyətlərini özündə ehtiva etdiyini göstərir. Təyyarə radara görünmə sahəsini azaldacaq şəkildə dizayn edilib və tam stels xüsusiyyətinə malik deyil. Bununla belə, gələcək variantlarda daxili silah bölmələri kimi əlavə xüsusiyyətlərlə 5-ci nəsil imkanlara yaxınlaşması hədəflənir.


Qabaqcıl avionik sistemlər, AESA radarı, müasir sensor birləşmələri və şəbəkə mərkəzli döyüş imkanları KF-21-in görkəmli texnoloji xüsusiyyətləridir. Bu sistemlər pilotun situasiya haqqında məlumatlılığını artırır və qərar qəbuletmə proseslərini sürətləndirir. Aşağıda təyyarənin bəzi mühüm texniki xüsusiyyətləri və performans təfərrüatları verilib:

Mühərrik: KF-21 “General Electric”in F414-GE-400K mühərriklərindən istifadə edir. Onun iki mühərrikli quruluşu təyyarəyə həm yüksək sürət, həm də etibarlılıq verir. Bu mühərriklər ona saatda təxminən 1900 kilometrdən çox maksimum sürətə çatmağa imkan verir.

Ölçülər və Çəki:

- Uzunluq: 16,9 metr
- Qanad genişliyi: 11,2 metr
- Hündürlük: 4.7 metr
- Boş çəki: Təxminən 11,8 ton
- Maksimum uçuş çəkisi: 25,4 ton


Silah Sistemləri: KF-21 müxtəlif silah sistemlərini daşıya biləcək şəkildə dizayn edilib. Təyyarə həm “hava-hava”, həm də “hava-yer” raket sistemlərinə malikdir. “Blok-1” adlanan ilk kütləvi istehsalda KF-21-lərin missiya yükü “hava-hava” döyüş sursatı ilə məhdudlaşırdı. O, gövdə altında yarı quraşdırılmış 4 ədəd “Meteor” və ya AIM-120, qanadlarında isə 4-ə qədər IRIS-T, AIM-9X və ya AIM-120 daşıya bilirdi.

“Blok-2” konfiqurasiyasında isə təyyarə “hava-yer” sursatları da daşıya bilərdi. Bunlar KEPD 350 Uzun Mənzilli Qanadlı Raketi, CBU-105 “Wind Corrected Munitions Dispenser” (WCMD), Birgə Birbaşa Hücum Sursatları (Joint Direct Attack Munitions, JDAM) və AGM-84 “Harpoon” gəmi əleyhinə sursatıdır. Lazerlə idarə olunan bombalar və dəqiq hücum sursatları daşıya biləcəyi də bildirilir.

Radar və avionik sistemlər: KF-21 AESA (Active Electronically Scanned Array) radar sistemi ilə təchiz edilib. Bu radar yüksək ayırdetmə qabiliyyətinə malik görüntüləmə və çoxsaylı hədəf izləmə imkanlarına malikdir. Bundan əlavə, qabaqcıl REM və rabitə sistemləri təyyarəyə döyüş meydanında üstünlük əldə etməyə imkan verir.

Sürət və mənzil: KF-21 1,8 “Mach” (saatda təxminən 1900 kilometr) sürətlə uça bilər. Mənzili təqribən 2900 kilometrdir ki, bu da Cənubi Koreyaya öz mühitindəki təhlükələrə tez cavab verməyə imkan verir.

Silah daşıma tutumu: Təyyarənin ümumilikdə 7,7 ton silah yükü daşıya biləcəyi ifadə edilir. Bu silah yükü həm gövdədə, həm də qanad altındakı stansiyalarda daşına bilər.

Pilotlu və pilotsuz əməliyyat qabiliyyəti: Gələcəkdə KF-21-in pilotsuz versiyalarının hazırlanması planlaşdırılır. Bu xüsusiyyət təyyarənin gələcəkdə daha çox çevik istifadə təklif edə biləcəyini göstərir.


KF-21 “Boramae” Cənubi Koreyanın strateji müstəqilliyini artırmaqla yanaşı, beynəlxalq müdafiə bazarında da diqqətəlayiq məhsula çevrilib. Layihənin uğurlu inkişafı Cənubi Koreyanın texnologiya inkişaf imkanlarını və beynəlxalq arenada nüfuzunu artırır.

Regional təhlükəsizlik nöqteyi-nəzərindən KF-21 “Boramae”nin tətbiqi ilə Cənubi Koreya öz hava məkanını daha effektiv qoruya biləcək və strateji cəhətdən daha müstəqil ölkəyə çevriləcək. Təyyarənin gələcək inkişaf mərhələlərində daha təkmil xüsusiyyətlərə sahib olması və dünya miqyasında ixrac məhsuluna çevrilməsi hədəflənir.

Gələcəkdə KF-21-in ixracı da gündəmə gələ bilər ki, bu da Cənubi Koreyanın beynəlxalq müdafiə bazarında mövqeyini gücləndirə bilər. Layihənin uğuru ölkənin texnologiyanın inkişafı və müdafiə sahəsindəki məqsədlərinə çatmasında mühüm rol oynayacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KF-21   Boramae  


Bizi "telegram"da izləyin