Azərbaycan Ordusunda cari ilin yekununa dair iclaslar keçirilib - FOTOLAR

2023/12/199ac-1703857672.jpg
Oxunub: 5582     17:35     29 Dekabr 2023    
Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən iclaslar zamanı Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində əldə edilən nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.

İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub.

Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   İclas  


Bizi "telegram"da izləyin