Ermənistan Şahramanyan-Mereşal görüşü ilə sülh, yoxsa müharibə axtarışındadır? – ANALİZ

2023/10/1698397104.jpg
Oxunub: 21273     19:20     07 Noyabr 2023    
Ermənistan mətbuatında məlumat yayılıb ki, oktyabrın 31-də ləğv edilmiş qondarma qurumun “sonuncu rəhbəri” Samvel Şahramanyan Avropa Parlamentinin deputatları Nikolas Bey, Vinçentso Sofo və Fransanın “Reconquête” partiyasının qarşıdan gələn Avropa Parlamentinə seçkilər üçün siyahısına rəhbərlik edən Marion Mereşal ilə görüşüb.

Bu barədə “Facebook” səhifəsində ilk yazan Marion Mereşal olub. Şahramanyanın “mətbuat xidməti” və ya “informasiya qərargahı” mesaj yaymayıb, lakin fransız deputatın sözlərinə görə, “Türkiyədən dəstək alan Azərbaycan erməniləri yer üzündən silmək və xristianlığın izlərini məhv etmək istəyir”. Məlumatın “açar” ifadəsi isə qarşıdan Avropa Parlamentinə seçkilərin gəlməsi, Fransanın “Reconquête” partiyasının seçkiqabağı siyahısına Marion Mereşalın başçılıq etməsidir.

Qeydinin tonundan aydın olur ki, onun Fransadakı erməni icmasının dəstəyinə ehtiyacı var. Mereşalın Türkiyənin və Azərbaycanın siyasətinə verdiyi qərəzli qiymət deyilənlərə sübutdur. Əldə etdiyimiz məlumata görə, Marion Mereşalın səfəri və onun Şahramanyan ilə görüşü “Hay Dat” terror təşkilatının Avropa Mərkəzi Ofisi tərəfindən təşkil olunub.

İki hal diqqəti cəlb edir. Birincisi: Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Şahramanyan-Mereşal görüşü ilə bağlı son dərəcə sərt bəyanat yayaraq bildirib ki, fransalı siyasətçinin özünü ləğv etmiş separatçı rejimin nümayəndələri ilə görüşü Cənubi Qafqazın daxili işlərinə kobud müdaxilədir və Ermənistan-Azərbaycan barışıq prosesini ilkin mərhələdə iflasa uğratmaq, regionu yenidən xaosa və qanlı toqquşmalara sürükləmək” məqsədi daşıyır.

İkincisi: Fransalı deputatla görüşdən bir gün sonra Şahramanyan İrəvanın “Armenia Marriott” otelində qapalı görüş təşkil edib. Bundan sonra mətbuata məlum olan bəzi məlumatları ümumiləşdirsək, məlum olur ki, “sürgündə olan qondarma hökuməti”nin yaradılması müzakirə olunub. “Biz qorxmamalıyıq, Azərbaycan bizim addımlarımızdan müharibəyə yenidən başlamaq üçün fürsət kimi istifadə edə bilər”, - deyə müzakirənin formal təşkilatçısı olan Ermənistanın “Xalq Seçimi” partiyasının sədri Suren Petrosyan bildirib.

Həmin gün isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qəsd “nəticələrini verəcək”. Bəs bütün bunlar təsadüfi ardıcıllıqdır, yoxsa yox? Bu baxımdan Avropa Parlamentinin bir və ya üç deputatının Samvel Şahramanyanla görüşü Qərbə nə verə bilər? Qeyd etdiyimiz kimi, sözügedən görüş sülh prosesinə ciddi zərbə vurur və yeni toqquşmalara səbəb ola bilər.

2021-ci ilin sonunda Fransa prezidentliyinə namizəd Valeri Pekres də qanunsuz olaraq Xankəndiyə səfər etmişdi. Təşkilatçı yenə “Hay Dat” Avropa Mərkəzi Ofisi idi. Hazırkı Prezident Makronun rəqibinin Xankəndiyə səfərinin nə mənası var idi və nə ilə nəticələndi? O zaman heç kim bu suala məntiqli şərh vermədi. Yaxşı olar ki, heç olmasa bu gün məntiqli düşünsünlər, yoxsa bu gərginlik təhlükəsi getdikcə ağırlaşacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Fransa  


Bizi "telegram"da izləyin