Gürcüstan ağıllı qərarlar verməyi bacarmalıdır – Fransa radar sistemləri İrəvana necə çatdırılacaq?

2023/11/GM200-1698920919.jpg
Oxunub: 19579     16:27     02 Noyabr 2023    
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 26-da Gürcüstana getdi, orada “İpək Yolu” konfransında iştirak etdikdən sonra Baş nazir İrakli Qaribaşvili ilə təkbətək söhbət etdi. Gürcüstanda keçirilən “İpək Yolu” beynəlxalq konfransından əvvəl “Sülh kəsişməsi” adlı qondarma ideyasını elan edən Paşinyan “təqdimat” üçün tələsirdi, amma necə?..

Təbii ki, Paşinyan bununla bağlı hazırladığı və ötən gün Ermənistan parlamentində elan etdiyi bukletləri paylayacaqdı. Gürcüstan platformasında “təqdimat”ın həm regional, həm də daha geniş geosiyasi anlamda necə qarşılandığını müzakirə etmək belə yersizdir. Bununla belə, Ermənistanın Baş nazirinin Gürcüstana səfəri başqa iki hal fonunda bəlkə də vacibdir. Əslində, Ermənistan-Gürcüstan yüksək səviyyəli təması oktyabrın 23-də Tehranda “3+3” formatında baş tutan görüşdən sonra baş tutub.

Gürcüstan orada iştirak etməyib və faktiki olaraq belə çıxır ki, bu görüş Gürcüstan üçün Tehran görüşündə iştirak edən ölkələr arasında ilk baş tutan görüşdür. Gürcüstanın bu formatda iştirak etməməsi təbii ki, daxili siyasi şəraitlə bağlıdır. Eyni zamanda, İran-Ermənistan-Gürcüstan “oxu” adlandırılan, işlək olmayan bir istiqamətin Tehranın sifarişi ilə canlandırılması cəhdləri mümkündür.

Görüşdən sonrakı müəyyən bəyanatları mühakimə etsək, habelə Ermənistan və İran arasında Zəngəzurda yol tikintisinə dair yeni razılaşmalara nəzər salsaq, bunların təsadüfi olmadığını görərik. Digər mühüm məqam oktyabrın 23-də baş vermiş başqa bir hadisə - Ermənistanla Fransa arasında hərbi-texniki sövdələşmə sazişidir. Sazişə əsasən, Ermənistan Fransadan Hava Hücumundan Müdafiə (HHM) vasitələri alır.

Burada iki hissə var. Əvvəla, illər əvvəl Gürcüstan Fransanın HHM sistemlərinin alınması üzərində işləyirdi və bu mənada Gürcüstanın bu sistemlərin silahlı qüvvələrə tətbiqi və uyğunlaşdırılması kimi mühüm məsələdə təcrübəsi mövcuddur. Digər məsələ isə daha fundamentaldır: logistika, Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığı və onun hərbi-siyasi səmərəliliyi Gürcüstanın tranzit marşrutu kimi işləyib-işləməyəcəyindən asılıdır.

Bu isə Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələdir və bu gün böyük ölçüdə strateji çəkiyə malikdir. Hətta bu hal əslində Gürcüstandan geosiyasi seçim etmək kimi tələblərə malikdir və daha ağıllı qərarlar verməyi tələb edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin