İsrail-Fələstin toqquşması Ukrayna müharibəsini ikinci plana keçirəcəkmi? – ANALİZ

2023/10/1698310131.jpg
Oxunub: 25183     21:19     26 Oktyabr 2023    
Yaxın Şərqdə yeni bir böhran yaşanması, bu böhranın Qərbin diqqətini yayındırması, hərbi və maliyyə aktivlərinin bir hissəsinin lazım gələrsə Ukraynadan buraya yönləndirilməsi şübhəsiz ki, Moskvanın işinə yarayır.

Oktyabrın 7-də HƏMAS-ın hücumu ilə yenidən alovlanan Fələstin-İsrail qarşıdurması öz şiddətini günü-gündən artırır. Toqquşmalar davam edərkən, hər iki tərəfdən uşaq və qadınların da olduğu yüzlərlə vətəndaş hər gün həyatını itirir. Regionda son illərin ən böyük qırğını baş verir. Ankara atəşkəsin elan edilməsi üçün sıx diplomatiya hərəkəti həyata keçirməklə və bölgəyə humanitar yardım materialları göndərməklə, Fələstin xalqına əlindən gələn dəstəyi verməyə çalışır. Pakistan və İndoneziya kimi islam ölkələrində İsrailə etiraz nümayişləri keçirildiyi halda, Qərb rəsmiləri İsraili dəstəkləyir.

Sovet İttifaqı dövründən bəri Fələstin rəhbərliyi ilə sıx təmasda olan Moskvanın münasibəti fərqlidir. Moskva tezliklə atəşkəsin əldə olunmasını istəyir. Bölgədə sülhün yalnız Fələstin dövlətinin qurulması ilə mümkün olduğunu iddia edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan qətnamələrinin yerinə yetirilməsini tələb edir. Başqa sözlə, Kreml Fələstin ərazisinin İsrail tərəfindən “tam işğalı”na və regionda Qərbin dəstəklədiyi vahid dövlətin mövcudluğuna qarşıdır. Onu da qeyd edək ki, Rusiya HƏMAS-ı terrorçu siyahısına daxil etmir və liderləri ilə açıq şəkildə görüşür.

Ukrayna-Rusiya müharibəsi ikinci plandadır

Digər tərəfdən, İsrail-Fələstin münaqişəsi gərginləşməkdə davam edərkən, aylardır dünya gündəmini zəbt edən Ukrayna məsələsi ikinci plana keçib. Avropanın hər yerindən asılan Ukrayna bayraqları İsrail bayraqları ilə əvəzlənib. Rusiya-Ukrayna cəbhəsində qaynar münaqişələr davam etsə də, Qərbdən gələn yardımların davam edib-etməyəcəyi gündəmdədir.

Payızın gəlişi ilə quru əməliyyatının azalması və Qərbin böyük dəstəyinə baxmayaraq Ukraynanın cəbhədə istədiyi nəticəni əldə etməməsi də bu müzakirələrə böyük təsir etdi. Yenə də Ukrayna Prezidenti Vladimir Zelenskinin davam edən tələbləri və hətta Polşa kimi ən böyük dəstəkçiləri ilə də problemləri Qərbdə Ukraynaya göstərilən dəstəyin şübhə altına alınmasına səbəb olur. Üstəlik, Avropa ölkələri iqtisadi cəhətdən ən yaxşı illərini keçirməsələr də, qarşıdan gələn qış aylarında əvvəlkindən daha bahalı qazdan istifadə edəcəklər. Gələn il Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkilərinin keçirilməsi və Ukraynaya yardım məsələsinin namizədlər arasında mümkün müzakirə mövzularından biri olması “Ukraynanın gələcəyini” qeyri-müəyyən edir.

Bütün bunlardan xəbərdar olan Ukrayna Prezidenti Zelenski artıq Ukraynaya dəstəyin azalmasından narahat olduqlarını bildirib. Rusiya rəsmilərinin sözlərinə görə, hətta Ukraynada mövcud olan hərbi texnologiyaların bir qismi artıq İsrailə göndərilir. Üstəlik, 2023-cü ilin əvvəlində, əksinə, ABŞ-nin İsraildəki silahlarının bir hissəsi Ukraynaya ötürülüb. Ukraynadan sonra Qərbin “təhlükəsizliyi qorumalı və təmin etməli” olduğu daha bir ölkə var. Buna görə də ABŞ Prezidenti Co Bayden ölkəsini “tarixin ən böyük dövləti” kimi xarakterizə etsə də, Ukraynaya dəstəyin azalacağı ehtimalı yüksəkdir. Ukraynada hələlik sonun başlanğıcı görünmürsə, təəssüf ki, İsrail-Fələstin cəbhəsindəki də münaqişələrin qısa müddətdə bitəcəyi gözlənilmir. Zelenski hətta Ukrayna vətəndaşlarını da İsrail kimi müharibə şəraitində yaşamağa alışmağa dəvət etdi. Lakin o bunun yalnız Qərbin dəstəyi davam edəcəyi təqdirdə baş verə biləcəyinin fərqindədir.

Qərb Ukrayna vasitəsilə Rusiyanı mümkün qədər zəiflətməyə, hətta beynəlxalq ictimaiyyətin gözündə Rusiyanın gücünü şübhə altına almağa çalışsa da, özü də eyni vəziyyətə düşür. Başqa sözlə, Moskva Ukraynaya böyük pul xərclədiyi halda, Ukrayna və İsrailə edilən yardımlar Qərbə də baha başa gəlir.

Rusiyanın ritorikası getdikcə güclənir

Bundan əlavə, Rusiya rəsmiləri HƏMAS-ın İsrailə hücumunu “təhlükəsizliyin zəifliyi” və “ABŞ-nin illərdir qurduğu Yaxın Şərq siyasətinin uğursuzluğu” kimi qiymətləndirirlər. Başqa sözlə, Qərbin “Rusiya 3 gündə almağı planlaşdırdığı Kiyevi aylar ərzində ala bilməyib” tezisinə qarşı təqdim edilən Moskvanın “Bütün dünyanın dəstəyini alan Ukrayna heç bir irəliləyiş qeydə ala bilməyib” tezisinə “ABŞ ən çox əhəmiyyət verdiyi Yaxın Şərqdə hər baxımdan uğursuz olub” cümləsi də əlavə olundu.

Ümumiyyətlə, Yaxın Şərqdə yeni bir böhran yaşanması, bu böhranın Qərbin diqqətini yayındırması, hərbi və maliyyə aktivlərinin bir hissəsinin lazım gələrsə Ukraynadan buraya yönləndirilməsi şübhəsiz ki, Moskvanın işinə yarayır.

ABŞ və ümumilikdə Qərbin birdən-birə Ukraynaya dəstəyini dayandırması, əlbəttə ki, gözlənilmir. Ancaq istər Yaxın Şərqdə baş verən proseslərdən asılı olsun, istərsə də onlardan tam müstəqil olsun, xüsusilə Ukrayna cəbhədə ciddi uğur qazanmasa, bu dəstəyin uzun illər davam etməyəcəyini də proqnozlaşdırmaq olar. Buna görə də ABŞ-nin Ukrayna böhranında yeni formul axtarışında olması, Vladimir Zelenskini Moskva ilə razılığa gəlməyin yollarını axtarmağa sövq etməsi təəccüblü olmayacaq. 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkiləri və onların nəticələri də bu kontekstdə böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən, Rusiyanın Yaxın Şərqdəki yeni hadisələrə yanaşması və Fələstin dövlətinin qurulmasını dəstəkləməsi, şübhəsiz ki, Rusiya-İsrail münasibətlərinə, eləcə də Moskvanın region ölkələri ilə münasibətlərinə təsir göstərəcək. İsrail Ukraynaya birbaşa yardım göndərməyərək, Rusiya-Ukrayna məsələsində bitərəf qalmağa çalışıb. Əslində bu münasibətə görə həm Ukrayna, həm də Qərb İsraili ittiham edirdi. Ancaq son hadisələrlə bağlı Moskvanın açıqlamaları göstərir ki, son illərdə Rusiya ilə İsrail arasında yaxınlaşma sona çatacaq və əksinə, Moskvanın ərəb ölkələri ilə əməkdaşlığı güclənəcək. Ona görə də artıq Yaxın Şərqdə mövcud olan Rusiya-Qərb mübarizəsi daha da dərinləşəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin   Ukrayna  


Bizi "telegram"da izləyin