Ukraynadan əvvəl Türkiyənin istehsal etdiyi PUA-lar Efiopiyada Tiqrayların qarşısını almaqda uğur qazannmışdı. Tiqray qüvvələri paytaxtı ələ keçirmək və Efiopiya hökumətini devirmək niyyətində idi. Paytaxtın mülki əhalisini silahlanmağa və son müdafiəyə hazır olmağa çağıran Baş nazir Abiy Əhməd üçün həqiqətən hər şey bitmiş kimi görünürdü. Lakin birdən Tiqray qoşunları qətiyyətlə hücuma keçdikləri yerdən şimala geri çəkildilər.
Bir çoxları fərqli iddialar irəli sürsə də, Tiqrayların geri çəkilməsinə səbəb Türkiyə istehsalı PUA-larla onlara ağır zərbə vurulması idi. Efiopiya hökuməti küncə sıxışdığı bir zamanda bu silahlar əhəmiyyətli bir fərq yaratdı.
Bu silahlar ABŞ-ın yüksək texnologiyalı “Reaper” PUA-larından 8 dəfə yüngüldür. ABŞ sisteminin qiyməti 32 milyon dollardır. Ancaq 4 raket daşıyan “Bayraktar TB2” bundan dəfələrlə ucuzdur. Dəqiq idarə olunan döyüş sursatları Tigray Müdafiə Qüvvələrinin tanklar və artilleriya kimi atəş-dəstək və təminat vasitələri arasında dağıntılar törədib.
Ən son Efiopiyada və əvvəllər Suriya, Liviya və Azərbaycanda istifadə olunan PUA-lar Ukraynada Rusiya qüvvələrinə, onların hava hücumundan müdafiə sistemləri və elektron müharibə imkanlarına qarşı özünü sübut edir.
Ölçüsünə və faydalı yükünə baxmayaraq, TB-2 Suriyada, Liviyada, Azərbaycanda və Ukraynada xeyli sayda zirehli texnika və qısa mənzilli hava hücumundan müdafiə sistemlərini məhv etməklə məşhurlaşıb.
TB2-nin nisbətən kiçik radara görünmə sahəsi və onun yavaş sürəti Rusiyanın sürətli reaktiv təyyarələr və ya raketlər üçün optimallaşdırılmış HHM istemlərinin radarlarının operatorlarını çaşdırmış ola bilər. TB2-nin ən böyük uğur dövrü müharibənin ilk həftəsində oldu.
TB2 əlbəttə ki, möcüzə silahı deyil. 1400-dən çox məhv edilmiş Rusiya hərbi maşınının az hissəsi TB2 tərəfindən məhv edilib. TB2-lər Liviya və Suriyada ağır nəticələrə səbəb oldu.
Ancaq bu silahların effektivliyi yalnız zərbə gücündə deyil. Onların psixoloji təsiri var. Sakit və görünməz platformadan gələn hücum təhlükəsi rus əsgərinə psixoloji zərbə vurmağa kifayət edir. Bu təhlükə həm də Rusiya qüvvələrinin taktikasına və hərəkət azadlığına təsir edir.
Ukraynada müharibənin qalan hissəsinin TB2 üçün necə getməsindən asılı olmayaraq, silahın orada effektiv şəkildə yerləşdirilməsi Türkiyənin PUA proqramının miqyasını və mükəmməlliyini bir daha sübut etdi. Türkiyə PUA-larla döyüş sənətini mükəmməlləşdirdi. İndi onun müştərilərinin, xüsusən də Qərbi hələ çox maraqlandırmayan münaqişələrdə artan siyahısı var.
Bəziləri hesab edir ki, PUA ixracı Türkiyəyə “postsovet məkanındakı dövlətlərlə müdafiə əlaqələrini dərinləşdirmək” yolu ilə yumşaq və sərt güc proyeksiyasının kombinasiyasına nail olmaq imkanı verir, eyni zamanda münaqişə zonalarında Rusiya tərəfindən dəstəklənən hədəfləri vurur. Habelə Rusiyanın güc proyeksiyasında səylərinə zərbə vurur.
Eyni zamanda, Türkiyə özünün zərbə PUA imkanlarına görə əksər Qərb hərbçilərini qabaqlayır. Türkiyə ordusunun 140 TB2-dən çox istifadə etdiyi bildirilir. Bunu cəmi ABŞ istehsalı 10 ədəd “Reapers”dən ibarət PUA parkına sahib olan Böyük Britaniya ilə müqayisə edin.
Türkiyə yeni “Akıncı” PUA-ları üzərində işləyir, bu, TB2-dən daha çox gizlilik və müşahidə imkanları, o cümlədən getdikcə təkmilləşən antidron texnologiyasına qarşı yeni əks tədbirlərlə daha mükəmməldir. Həqiqətən də onların bu cür texnologiyaların öhdəsindən gələ bilməyəcəyini görmək qalır. Lakin indiyə qədər əldə edilən təcrübələr göstərdi ki, TB2 və onun istehsalçıları sürprizlər etməyə qadirdir. Şirkət, bunun dünyada öz sinfində ən güclü və döyüş qabiliyyətinə malik PUA olacağını bildirir.
Bu, Rusiya hərbi strateqlərinə, eləcə də digər ölkələrin hərbi strateqlərinə düşünmək üçün nəsə verməlidir. Türkiyənin koordinasiyalı hücumlar üçün çoxlu sayda PUA-ları birləşdirən sürü texnologiyasının davamlı inkişafı da olacaq. Bu silahlar Azərbaycan səmasında elə dağıdıcı nəticələr göstərib ki, bəziləri bunu gələcək müharibələrin əsl istiqamətini müjdələyən inqilaba bənzədə bilər.
Bütün bunları nəzərə alsaq, potensial eksponensial üstünlüyü olan futuristik silahlanma yarışını görməmək çətindir. PUA istehsal etmək döyüş gəmisindən çox daha sürətli və asandır. Bütün bunlar beynəlxalq ictimaiyyəti PUA-ların artan mövcudluğunun münaqişələrə və terrorizmlə mübarizə bayrağı altında həyata keçirilən əməliyyatlara təsirini düşünməyə məcbur edir. Bu, xüsusilə məhdud və ya mövcud olmayan hava qüvvələrinə daha ucuz alternativ axtaran inkişaf etməkdə olan ölkələrə aiddir.
Firuz Bağırov
Ordu.az