Donbas uğrunda yaxınlaşan döyüş və Kiyevin S-300 HHM sistemləri tələbi – ANALİZ

2022/04/1649326820.jpg
Oxunub: 3368     16:53     07 Aprel 2022    
Mart ayı başa çatdıqda, Moskva Ukraynadakı maksimalist müharibə məqsədlərini yenidən qiymətləndirdi və rəsmi olaraq “xüsusi hərbi əməliyyatı” indi ilk növbədə bütün Donbas bölgəsini “azad etmək” üçün təyin etdi. Rusiya qüvvələrinin Kiyev və Çerniqov yaxınlığında nümayiş etdirilən yenidən qruplaşdırılması Rusiyanın Ukraynanın 2022-ci il fevralın 24-dək Donetsk və Luqansk vilayətlərində nəzarət xəttində yerləşdirilmiş “Birgə Qüvvələr Əməliyyatı” (JFO) hərbi hissələrinə daha geniş və dərin hücumundan xəbər verir. Donbas uğrunda gözlənilən bu döyüşün kritik elementi Rusiya hava qüvvələrinin daha geniş sistemli istifadəsi ilə yadda qalacaq. JFO-nu hədəf almaq üçün uzunmənzilli strateji aviasiya vasitələrinin istifadə edilməsi Urkaynanın hava hücumundan müdafiə sistemlərinə və xüsusən də Sovet tərəfindən hazırlanmış S-300PT və S-300PS sistemlərinə ehtiyacını artırır.

Fevralın 24-də Rusiya Donbasdan kənarda Ukraynanın S-300 sistemlərini hədəfə alıb və onları məhv edib. Bu, Kiyevin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Bolqarıstan və ya Slovakiya kimi üzvlərinə bu sistemləri tədarük etmək çağırışına səbəb olub. Müharibə zamanı Ukrayna həm S-300PT, həm də S-300PS sistemlərini yerləşdirib. Bununla belə, bu hava hücumundan müdafiə vasitələrinin 17-si məhv edilib: S-300PT (5P851A) üçün 12 5P851A buraxılış qurğusu, S-300PS üçün 2 ədəd 5P85D buraxılış qurğusu, S-300PS üçün 3 ədəd 5P85S buraxılış qurğusu. Rusiyanın Ukraynanın S-300 sistemlərinə uğurlu zərbələri sosial mediada yüklənən video və foto dəlillərlə sübut edilib. Rusiya daha böyük rəqəmlər təqdim edib, ancaq onların doğruluğunu sübut etmək üçün fotolar təqdim etməyib.

Moskvanın bəyan etdiyi müharibənin sürətinin azaldılması Donbasa diqqəti yönəltmək məqsədi daşıyır. Habelə, görünür, müharibənin başlanğıcında onun daha iddialı rejim dəyişikliyi və işğal məqsədlərindən əl çəkdiyini göstərir. Donbasda əldə edilən uğurların böyük hissəsi Luqansk bölgəsindədir, Rusiya qüvvələri təmas xəttini davamlı olaraq atəşə tutur. Son səkkiz il ərzində ölkənin ən elit və döyüşdə təcrübə qazanmış hərbi birləşmələri arasında olan JFO qüvvələri mövqe döyüşlərini həyata keçirmək üçün ciddi mövqelərə nəzarəti ələ alıblar və bu, Rusiya Quru Qoşunlarının hücumu üçün baha başa gələ bilər. JFO-nun şimal və cənub istiqamətlərindən əhatə olunması ən çox ehtimal olunan əməliyyat yanaşması kimi görünür, burada onların uğur qazanmasına zəmanət yoxdur. Donbas uğrunda gedən döyüşün son dərəcə gərgin keçəcəyi gözlənilir. Məhz buna görə də Rusiya HHQ-nin daha çox cəlb edilməsi variantı, xüsusən də uzun mənzilli bombardmançıların istifadəsi ciddi şəkildə qəbul edilməlidir.

Donbasın bütün ərazisini ələ keçirmək məqsədi digər bölgələrdə uğursuz olan Rusiya Silahlı Qüvvələrinin daha diqqətli olmasına səbəb ola bilər. Qeyd olunan uğrusuzluq Rusiya hava qüvvələrinə də aiddir. Əgər Donbas uğrunda qarşıdan gələn döyüş bu uğursuz yanaşmaların təkrarlanmasına mane olacaqsa, HHQ daha geniş və sistematik miqyasda iştirak etməli olacaq. Beləliklə, Ukraynanın S-300 sistemlərinin potensial rolu ölkənin Donbası daha yaxşı müdafiə etməsinə səbəb olacaq. Kiyevin NATO üzvlərindən S-300-lər istəməsinə səbəb budur. Vaşinqtonda Bayden administrasiyası Slovakiya və ya Bolqarıstandan tədarük variantlarını nəzərdən keçirir və bu variantlar münaqişənin daha geniş Avropa müharibəsinə çevrilməsinə imkan vermək qorxusuna qarşı diqqətlə müzakirə edilir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ikitərəfli danışıqlarda bu məsələni araşdırıb və Slovakiya S-300 sistemlərinin Ukraynaya ixracı üçün ən çox ehtimal olunan mənbə kimi çıxış edib. Bununla belə, bu variantla əlaqəli siyasi suallarla yanaşı, əlavə potensial hərbi-texniki məsələlər də var. Slovakiyanın S-300PMU sistemləri ilə bağlı əsas problem 1990-cı ildə təhvil verilmiş istismara yararlı 55V55R raketlərinin məhdud sayda olmasıdır. Bu, Slovakiya Silahlı Qüvvələrini kompleksin istismarında raketlərin standart sayını dörddən ikiyə endirməyə məcbur etdi. Buna baxmayaraq, Ukraynanın S-300 sistemlərindən istifadə etmək üçün yaxşı təlim keçmiş və təcrübəli hava hücumundan müdafiə heyəti var. Lakin Ukrayna hərbi inventarında 55V55R raketlərinin olması açıq sualdır. Bolqarıstanın inventarında on buraxılış qurğusu ilə xidmətdə olan iki S-300P var, onların vəziyyəti qeyri-müəyyəndir. Yunanıstan da 32 buraxılış qurğusu və 175-ə qədər raket olmaqla, əhəmiyyətli miqdarda S-300PMU1-ə malikdir. Lakin Afina Ukraynaya bu həssas sahədə kömək etməyə razılıq verməyəcək, sistemlərin bu versiyasından istifadə etmək üçün ukraynalı kadrların yenidən hazırlanması üçün də vaxt lazımdır.

Slovakiya və/yaxud Bolqarıstan ən yaxşı halda Ukraynaya 3 S-300 sistemləri verə bilər. Bu sistemlərin ümumi texniki vəziyyəti qeyri-müəyyəndir. Rusiyanın müharibədə Ukraynanın S-300 sistemlərini hədəf almasını nəzərə alsaq, onların Rumıniya, Polşa və ya Slovakiya sərhədlərindən keçməsi Rusiyanı Ukraynaya daxil olarkən bu silahlara hücum etməyə sövq edəcək. Bununla belə, əgər onlar hərəkətsiz vəziyyətdə saxlanılsa və kamuflaj oluna bilinsə, bu, onların işlək vəziyyətdə qalma qabiliyyətini artıra bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   S-300  


Bizi "telegram"da izləyin