Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı "Baykar" (HƏRBİ EKSPERT) - I HİSSƏ

2020/07/1-—-3188401266.jpg
Oxunub: 8410     14:12     08 İyul 2020    
Ötən ayın əvvəllərində yayılan məlumatlara görə, Azərbaycan Türkiyədən hərbi maliyyə əməkdaşlığı çərçivəsində Pilotsuz Uçuş Aparatları, "Altay" tankı və "Atak" helikopterləri almaq niyyətindədir.

Bu barədə məlumat Türkiyə mətbuatında məlumat yayıldı. Bildirilirdi ki, bu il fevralın 25-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci toplantısında imzalanan “Hərbi maliyyə əməkdaşlığı haqqında Razılaşma” çərçivəsində Türkiyə Azərbaycana 200 milyon türk lirəsi dəyərində maliyyə krediti verəcək. Anlaşmaya əsasən, Azərbaycan bu maliyyə ilə türk hərbi sənaye şirkətlərinin məhsullarını əldə edəcək.

Təhlükəsizlik və terror məsələləri üzrə mütəxəssis Coşqun Başbuğ da bildirdi ki, 200 milyon türk lirəsi civarında kredit sayəsində Bakı istədiyi silahları Türkiyədən ala bilər: "Bu anlaşmanın məqsədlərindən biri də Azərbaycanın Türkiyədən silah almasının önünü açmaqdır".

Azərbaycanın hansı silahlar alacağı məsələsinə toxunan mütəxəssis deyib ki, inkişaf edən texnologiya, müharibə metodlarını və yerləşdiyi coğrafiyanın şərtlərini nəzərə alaraq Bakının daha çox texnologiya silahlarına üstünlük verəcəyini güman edir.

Müdafiə və təhlükəsizlik mütəxəssisi Yusif Alabarda isə hesab edib ki, PUA-lar Qarabağın işğaldan azad edilməsində əhəmiyyətli xidmət göstərə bilər: “Çünki Liviyada və İdlibdə türk dronlarının inkişaf edən rus silahlarına və hava hücumundan müdafiə sistemlərinə qarşı nə dərəcədə təsirli olduğu açıq görünüb”.

Ayın sonlarına doğru isə Türkiyə KİV-lərində yayılan məlumatlar təsdiqləndi. Azərbaycanın Müdafiə naziri, general Zakir Həsənov televiziyaya müsahibəsində "Türkiyə istehsalı olan silahlı pilotsuz uçan aparatlar Suriya və Liviyada uğurlu oldu, Azərbaycanın bu PUA-lardan almaq niyyəti varmı?" sualına belə cavab verdi: "Bu istiqamətdə işlər davam edir və artıq nəticəyə gəlinib”.

Nazir Z.Həsənov qardaş Türkiyənin, eyni zamanda, hərbi sahədə Azərbaycana maliyyə yardımı etdiyini, Milli Məclisin yaxınlarda bu mövzuda məsələni təsdiqlədiyini də qeyd edib.

Son illərdə Türkiyənin Müdafiə Sənaye Kompleksinin sürətlə inkişafı artıq heç kimdə təəccüb hissi oyatmır. Yuxarıda sadalanan səbəblərdən həm NATO müttəfiqlərindən, həm də İsraildən yeni silah sistemləri idxal etməkdə çətinliklərlə qarşılaşan Türkiyə, əsas səylərini yerli sənayenin inkişafına yönəldərək dəfələrlə yeni nəsil avadanlıqlarını döyüş əməliyyatlarında uğurla nümayiş etdirir.

1990-cı illərdə Türkiyənin pilotsuz vasitələr parkı əsasən müttəfiqlərindən əldə etdiyi, lakin heç də müasir olmayan, bir nəsil əvvəlki PUA modellərindən ibarət idi. 2000-ci illərdə ABŞ Konqresi tərəfindən "Predator" və "Reaper" zərbə PUA-larının Türkiyəyə satışına icazə verilməməsi, sonradan İsraillə münasibətlərin gərginləşməsi, Ankaranı milli pilotsuz vasitələrin inkişaf prosesini sürətləndirməyə vadar etdi. Türkiyənin pilotsuz aparatlar istehsalında sürətli paradiqma dəyişikliyininin yaratdığı əlverişli vəziyyətdən yararlanan "Baykar Makina" şirkəti öz imkanlarını PUA texnologiyasının araşdırılması və inkişaf etdirilməsi istiqamətinə yönəltdi.

"Baykar Makina" şirkəti 1984-cü ildə mexanika mühəndisi Özdemir Bayraktar tərfindən avtomobil sənayesinin lokalizasiyası üçün mühərrik, pompa və sürət qutuları kimi ehtiyat hissələri istehsal edən 100% yerli sərmayəli şirkət olaraq qurulub. Sonradan kifayət qədər uğurlu milli PUA layihələrinə imza atan "Baykar" şirkəti bu sahədə bir çox əsas və alt sistemlər istehsal edərək milli müdafiə sənayesinin texniki infrastrukturunun inkişafında mühüm rol oynamağa başladı. Qurulmasından keçən 35 il ərzində Türkiyənin müdafiə və aviasiya sahəsində yeni bir səhifə açan şirkət avtomobil sənayesində əldə etdiyi nailiyyətləri pilotsuz vasitələr sektoruna daşıyaraq artıq dünyanın PUA sahəsində tanınan istehsalçılarından birinə çevrildi. Cəmi 7 nəfərlə qurulan şirkətin bu gün çalışan personal sayı 500 nəfərdən çoxdur.

İsrailin və ABŞ-ın Türkiyəyə PUA satmaq niyyətinin olmadığını anlayan Ankara 4-5 dəfə daha ucuz qiymətə, lakin heç də geri qalmayan texniki göstəricilərə malik "Baykar" şirkətinin yerli pilotsuz vasitələrinin bir neçə sinifdən olan versiyalarını artıq əldə edib.

PKK və digər terror qruplaşmalarının fəaliyyətindən 30 ildən ən çox əziyyət çəkən bir ölkə kimi Türkiyənin dağlıq ərazilərdə şəxsi heyət itkisinə yol vermədən əməliyyatlar keçirməsi üçün müxtəlif sinifdən olan zərbə PUA-larına tələbatı tam başadüşüləndir.

Digər tərəfdən isə ABŞ-dan F-35 qırıcılarının əldə olunmasında yaranan problemin müsbət sonluqla bitəcəyinin ehtimal olunmadığı bir vəziyyətdə, ən doğru seçim, əldə olan qırıcı və döyüş helikopter parkının kifayət qədər bahalı resurslarını qorumaq üçün, HHQ-nin pilotlu vasitələri üzərinə düşən yükünün zərbə PUA-larının tətbiqi vasitəsilə azaldılmasına hesablanmasıdır. Bu, həm iqtisadi, həm də hərbi-siyasi prizmadan baxdıqda da ən doğru seçimdir. Digər tərəfdən isə bu fəaliyyətlər getdikcə böyüyən PUA bazarında Türkiyənin mövcud mövqelərini qorumaq, haqq etdiyi bazar payını əldə etmək və sürətlə inkişaf edən texnoloji yeniliklərin tətbiq edilməsi baxımından geri qalmamaq məqsədilə atılan uğurlu addım kimi dəyərləndirilməlidir.

"Baykar" tərəfindən hazırlanan və inkişaf etdirilən məhsullar arasında bir neçə fərqli sinifə və təyinata malik müxtəlif PUA-lar mövcuddur. Şirkətin özü tərəfindən inkişaf etdirilən, layihələndirilən, istehsal və ixrac edilən məhsulları Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilməklə bərabər bir neçə ölkəyə də aktiv şəkildə ixrac edilir. "Baykar Makina" Türkiyənin ilk PUA ixrac edən şirkətidir.

Şirkətin daxili maliyyə imkanları ilə fəaliyyət göstərən araşdırma mərkəzi Türkiyə aviasiya və müdafiə sənayesi tarixində bir çox ilklərə imza ataraq məhsullarının yerlilik faizini 93-ə çatdırıb. "Baykar" hazırda pilotsuz vasitələr sahəsində dünyanın ən müasir texnoloji sistemlərini inkişaf etdirmək üçün səylərini davam etdirir.

Bu məqalədə Ordu.az Sizi "Baykar Makina" şirkətin layihələndirdiyi və istehsal etdiyi PUA-lar ilə tanış edəcək.

Bayraktar Mini PUA-sı

Ümumi məlumatlar

"Bayraktar" Mini PUA sistemi tamamilə orijinal dizayna malikdir. O, milli elektronikaya, proqram təminatına və struktur komponentləri Türkiyəyə məxsus ilk mini robot tipli hava vasitəsidir.

Şirkətin layihə qrupunun gərgin əməyi və səyləri ilə inkişaf etdirilən sistem bütün sınaqlardan uğurla keçərək ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib. Xarici ölkələrdə hazırlanan rəqibləri ilə müqayisədə bir çox qabaqcıl xüsusiyyətlərə sahib Mini PUA sistemi çətin coğrafi və meteoroloji şəraitdə istifadə edilə bilər.

Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilənə qədər İlk Milli PUA Sistemi 100000-dən çox əməliyyat uçuşu həyata keçirərək özünü etibarlı və səmərəli sistem kimi göstərib.

PUA-nın əsas göstəriciləri:

Modulyar dizayn;
Asan montaj;
Karbon lifli və kevlar kompozit korpus;
Zərbəyə davamlı konstruksiya;
Orijinal paraşüt dizaynı;
Portativ çantada daşınması;
Korpus, çox hissəli qanad quruluşu, quyruq qanadları.

Üstün xüsusiyyətləri:

Hədəfin avtomatik İzlənilməsi;
Avtomatik korpus üzərinə enmə/Avtomatik paraşütlə enmə;
Coystik dəstəyi ilə yarıavtomatik uçuş;
Sürətə nəzarət imkanı;
Sərt və küləkli havada idarəetmə qabiliyyəti;
Etibarlı rəqəmsal rabitə sistemi;
Rabitə itdikdə avtomatik geridönmə və avtomatik enmə xüsusiyyəti;
Birdən çox PUA-nın paralel idarəetmə və müşahidə imkanı;
Smart batareya idarəetmə sistemi;
Əl ilə buraxılma imkanı;
Uzaqdan idarəetmə və müşahidə funksiyası;
Yerüstü idarəetmə stansiyasının dəyişdirilməsi xüsusiyyəti;
Avtomatik qalxma və uçuş imkanları.

Texniki xüsusiyyətlər

Uçuş məsafəsi 55 km;
Rabitə məsafəsi 15 km;
Maksimum sürəti 60 km/saat;
Fəaliyyət hündürlüyü 2000 fut;
Havada qalma müddəti 60-80 dəqiqə;
Daşınan faydalı yük: 2 ədəd gündüz/gecə kamerası (dəyişdirilə bilər);
Qanad açılımı 2 m;
Uzunluğu 1.2 m;
Mühərrikin tipi fırçasız elektrikli.

Yerüstü idarəetmə stansiyası

Praktik istismar temperaturu -20 ° C - +60 ° C;
Daxili antenlə rabitə məsafəsi 10 km;
OYAS sisteminin rabitə məsafəsi 20 km;
Eyni vaxtda doldurulan batareya sayı 3 ədəd;
Aşağı cərəyanlı yükləmə cihazı 2 ədəd;
Yuxarı cərəyanlı yükləmə cihazı 1 ədəd;
Transformator 1 ədəd;
Displey panelləri 220 V AC (12 V DC giriş imkanlı);
Ölçüləri 17x35x43 sm;
Kütləsi 9.9 kq.

"Bayraktar" Mini PUA sistemi təhlükəsizlik qüvvələrinin tələb etdiyi ən vacib xüsusiyyətlərdən biri olan asan quraşdırma, istənilən hava şəraitində uçuş və çətin ərazi şəraitində təhlükəsiz enmə imkanına malikdir. Yerüstü idarəetmə stansiyasından tapşırıqların yerinə yetirilməsini izləmək və onu idarə etmək mümkündür. PUA gücləndirilən istehsal xüsusiyyətləri ilə hava şəraitinin təsirinə məruz qalmadan quraşdırılmaq və rahat daşınmaq kimi üstün xüsusiyyətləri də özündə birləşdirir.

Bütün bunlar "Bayraktar" Mini PUA sisteminin yerüstü idarəetmə stansiyalarını digər PUA sistemlərinin stansiyalarından fərqləndirən ən vacib xüsusiyyətlərdəndir. Tamamilə milli və orijinal dizayna malik PUA Türkiyənin ixrac etdiyi ilk mini PUA-dır. Onun istehsalı davam edir.

Malazgirt PUA-sı

"Malazgirt" mini helikopter tipli PUA olaraq Türkiyənin "Baykar" şirkəti tərəfindən 2006-ci ildə layihələndirilib və 2009-cu ildən istehsal edilib. Əsasən TSQ tərəfindən istifadə edilən bu PUA-ların toplam sayı 15 ədəddir.

Tarixi

Helikopterlər təyyarələr ilə müqayisədə, mexaniki quruluşuna, daha çox hərəkət edən hissələrə və aşağı uçuş sabitləşməsinə görə daha mürəkkəb sistemlərdir. Lakin şaquli uçuş, havada asılaraq dayanma qabiliyyəti və s. kimi bir çox uçuş üstünlüklərinə də malikdir. 2006-cı ildə "Baykar Makina" şirkətinin layihə mühəndisləri orijinal mini helikopter sistemini inkişaf etdirməyə başladılar. 2009-cu ildə "Malazgirt" TSQ arsenalına daxil olaraq aktiv istifadə edilməyə başladı.

Sınaqlar cənub-şərqi Anadolu bölgəsində Türkiyə Quru Qoşunları peşəkar zabitləri ilə şirkətin elektronika, kompüter və təyyarə mühəndislərinin birgə iştiarkı ilə keçirildi.

Ehtiyac duyulan xüsusiyyətlər sürətlə inkişaf etdirildi. Sifarişçi ilə təmin olunan sıx koordinasiya və intensiv inkişaf fəaliyyətləri nəticəsində "Malazgirt" adlı mini PUA kompleksi hazırlandı. Benzin və ya elektrikli mühərrikə malik iki tipdə hazırlanan "Malazgirt" PUA-sı tamamilə milli elektronikaya, proqram təminatına, dizayna və istehsalına malik ilk mini PUA kompleksinin ilk istifadəçisi TSQ (2006) oldu.

Şaquli enmə və qalxma qabiliyyətinə malik kompleks ən çətin coğrafi şəraitdə belə təyin edilən əraziyə nöqtə enişi və ya qalxma həyata keçirə bilir.

İnkişafı

2006-cı ildə "Baykar" şirkətinin "Ar-Ge" qrupu, 2-ci Ordu komandanı Həsən İğsızın icazəsi ilə Şırnakdakı 6-cı mexaniki piyada briqadasının bazasında, "Malazgirt" PUA-sının inkişaf fəaliyyətlərinə başladı. Layihənin bütün maliyyələşdirilməsi "Baykar"ın kapitalı hesabına həyata keçirildi.

İnkişaf etdirilən ilk prototip sistemləri Şırnak bölgəsində sınaqdan keçirilir və fəaliyyətlər hesabat şəklində Baş Qərargaha göndərilirdi.

2007-ci ildəki sınaq nəticələrinə görə sistem təkmilləşdirildi və Müdafiə sənayesi nazirliyinin səlahiyyətlilərinə nümayiş uçuşları təqdim edildi. Bu uçuşlarda eyni vaxtda 2 ədəd "Malazgirt" havaya qaldırıldı. Ankarada uçan PUA-nın idarəetməsi İstanbuldan həyata keçirildi.

2008-ci ildə Baş Qərargah rəisi Ergin Saygun, arsenaldan çıxarılan H-300 helikopterlərinin "Malazgirt" layihəsi çərçivəsində pilotsuz versiyaya keçirilməsi barədə göstəriş verdi.

Tədqiqatlar "Baykar" tərəfindən maliyyələşdirildi, lakin 24 mart 2008-ci ildə TSQ rəhbərliyi H-300 helikopterlərinə PUA xüsusiyyətinin verilməsi işlərinin çox bahalı olması səbəbindən bunu uyğun hesab etmədi.

2008-ci ilin dekabr ayında TSQ 4 ədəd "Malazgirt" PUA-sı sifariş verildi.

2009-cu ilin iyun ayında 4 ədəd "Malazgirt" PUA-sı qəbul sınaqlarında "tam həcmdə və səhvsiz" olaraq silahlanmaya qəbul edildi. Sonradan təslim edilən PUA-larla bərabər əvvəlkilər də Türkiyənin cənub-şərqində və sərhəddən kənar əməliyyatlarda istifadəyə edildi. 2009-cu ilin noyabr ayında "Malazgirt" PUA-larının uçuşları, Quru Qoşunları Komandanlığının texniki İdarəsi tərəfindən "proqram təminatındakı səhv" səbəbindən dayandırıldı.

"Baykar" "Ar-Ge" qrupu, çatdırılan 4 "Malazgirt" aparatının hamısının aktiv və uçuşa hazır olduğunu, heç bir proqram səhvlərinin olmamasını, qırılma olsa belə onların yenisi ilə əvəz edilə biləcəyini yazılı şəkildə bildirsə də, hələ də onların uçuşuna icazə verilmir. İstehsalı dayandırılıb.

Texniki uçuş xüsusiyyətləri

Rotorun diametri: 1.8 m;
Qalxma kütləsi: 12 kq;
Uçuş müddəti: 2 saat;
Əməliyyat hündürlüyü: 12000 fut;
Tamamilə avtomatik qalxma, uçuş, asılma və enmə;
2 rejimli kamera;
Avtomatik hədəf izləmə (INS/GPS İnteqrasiyası, ikiqat filtr).

Bayraktar DİHA

Müşahidə və kəşfiyyat məqsədləri üçün fəaliyyət göstərə bilən "Bayraktar DİHA (şaquli qalxma və enməyə malik PUA) taktiki sinifə aid pilotsuz vasitədir.

DİHA avtonom qalxma, avtomatik uçuş, avtonom enmə və yarı-avtonom kreyser üçuş rejimlərinə malikdir. Elektrik mühərrikləri ilə havaya qalxdıqdan sonra "Bayraktar" DİHA kreyser uçuş rejiminə keçir və yanacaq mühərriki işə salınır, sonra isə uçuş kreyser rejimində keçirilir. Enmə rejimi üçün üç fərqli seçim mövcuddur: şaquli enmə, korpus üzərinə enmə və paraşütlə enmə. Şaquli qalxma və enməyə malik "Bayraktar" pilotsuz uçan aparat avtomatik marşrut izləmə, hədəf izləmə, dairəvi uçuş və bazaya qayıtma rejimlərini həyata keçirə bilən uçuşu idarəetmə sisteminə malikdir.

Texniki uçuş xuxüsusiyyətləri

Rabitə məsafəsi 150 kilometr;
Kreyser sürəti 45-50 düyüm;
Maksimum sürəti 80 düyüm;
Fəaliyyət yüksəkliyi 9000 fut;
Maksimum uçuş yüksəkliyi 15000 fut;
Havada qalma müddəti 12 saat;
Qanad açılımı 5 metr;
Uzunluğu 5 metr;
Şaquli qalxma və enmə modulu;
Qalxma kütləsi 30 kq;
Faydalı yükün maksimum kütləsi 5 kq;
Avadanlıqları
Tam avtomatik uçuş sistemi;
Sensor yardımlı tam avtonomluq;
Avtonom qalxma və enmə sistemi;
Yarı avtonom uçuş rejimi;
Səhvlərə dayanıqlı sistem arxitekturası;
Üç rejimli uçuşu idarəetmə sistemi;
Elektro-optik (EO) kamera modulu;
İnfraqırmızı (IR) kamera modulu;
Lazer məsafəölçəni;
Lazer göstəricisi;
Rəqəmsal məlumat və video bağlantı sistemi.
PUA-nın istehsalı davam edir.

Bayraktarın A/B blokları

"Bayraktar" PUA-sının "Block A" prtotipinin hazırlanmasına 2007-ci ildə başlanılıb. Sonradan silahlanmada TB2 kimi qəbul edilən PUA-nın ilk prototipinin "Block A" (TB1), ikinci prototipinin isə "Block B" (TB2) adlandırıldığı ehtimal edilir.

9 metr qanad açılımına malik 450 kq-lıq "Bayraktar Block A" PUA-sı 8 avqust 2009-cu ildə Kesan Hava limanında ilk avtonom uçuşunu həyata keçirdi.

Bu vasitənin sınaqlarının ilkin mərhələsi 3 ay sonra, 2009-cu ilin oktyabr ayında Türkiyənin Sinop Hava limanında gündüz və gecə uçuşlarının müvəffəqiyyətlə nümayiş ilə başa çatdı.

"Vestel" şirkətinin də qatıldığı "Taktiki Pilotsuz Aviasiya Kompleksi" proqramı üzrə müsabiqədə Türkiyə Müdafiə Sənaye Müstəşarlığı (SSM) tərəfindən "Bayraktar Block A" seçilərək yarışmanın qalibi elan edildi. Bu 6 yanvar 2010-cu ildə keçirilən iclasda məlum oldu.

2011-ci ilin dekabr ayında SSM ilə "Kale-Baykar" birgə müəssisəsi arasında inkişaf və istehsal müqaviləsi imzalandı.

2012-ci ilin yanvar ayında "Bayraktar Block B" proqramının inkişafı və seriya istehsalına, yəni 2-ci mərhələyə başlandı. "Bayraktar Block B" ilk uçuşunu 29 aprel 2014-cü ildə Kesan Hava limanında yerinə yetirdi. 14 iyun 2014-cü ildə "Block B" sınaq uçuşunda 27030 fut səviyyəsində milli rekorda imza atdı. 5 avqust 2014-cü il tarixində saat 15: 36-da müstəqil şəkildə havaya qalxan "Block B", 6 avqust 2014-cü il saat 16: 10-da yerə endi. 24 saat 34 dəqiqə havada qalan "Block B" Türkiyə aviasiyası tarixində sınaq uçuşunda yeni bir rekord təzələdi.

"Bayraktar Block B" PUA-sı 17-22 noyabr 2014 tarixlərində keçirilən ilk qəbul sınaqlarını da müvəffəqiyyətlə tamamladı. Ona bu uçuşda artıq ADS-B sistemi də inteqrasiya edilmişdi. Onun uçuşu Türkiyənin NTV kanalında canlı olaraq yayımlandı.

"Bayraktar Block B" PUA-sının 2-ci qəbul sınağı 18 iyun 2015 tarixində müvəffəqiyyətlə tamamlandı.

Bayraktar TB2

Ümumi məlumat

"Baykar" şirkəti tərəfindən hazırlanan istismara verilən "Bayraktar TB 2" Taktiki zərbə PUA-sı, istifadəçiyə bir çox imkanları bir yerdə təqdim edən inteqrasiya olunan şəbəkə bazalı kompleksdir.

Kompleks "Bayraktar TB2" PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. "Baykar"ın texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur.

Taktiki sinifə aid zərbə tipli "Bayraktar TB2" PUA-sı kəşf və müşahidə missiyaları üçün "orta hündürlükdə uzun müddət" (MALE) uçuş üçün təsnif edilən sinifə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 200000 saatdan çox uçan TB2 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrində, Jandarma və Polis İdarəsində fəal istismar edilir. Hazırda 110 ədəd "Bayraktar" platforması güc strukturlarında xidmət göstərir. "Bayraktar TB2" Türkiyə aviasiya tarixində 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimim iki əsas rekordu birdən qırdı. "Bayraktar TB2" də bu kriteriya üzrə ixrac edilən ilk PUA adını da daşıyır.

TSQ-nin istifadəsinə təqdim olunan "Bayraktar TB-2" PUA-sı Türkiyənin təhlükəsizliyinin təmin edilməsində aktiv istifadə edilir. Qırıcı təyyarələrin hədəfə hücumunu asanlaşdırmaq üçün tətbiq edilən PUA-ya getdikcə daha çox sifariş gəlir. Qətərdən sonra Ukrayna 6 ədəd belə PUA sifariş verib, hazırda müqavilə icra olunmaqdadır. Bu müqavilələrin imzalanmasına səbəb kimi, həm sərhəddən kənarda TSQ-nin keçirdiyi döyüş əməliyyatında, həm də PKK-ya qarşı antiterror əməliyyatlarında bu PUA-ların uğurlu tətbiqi göstərilir. Türkiyə Daxili İşlər Nazirliyi də 11 ədəd "Bayraktar" platforması əldə edib.

Ciddi PUA ailələrinin ixracatçısı olmaqla bərabər, 100 illik aviasiya istehsal tarixinə malik Ukraynanın kifayət qədər ciddi bir rəqiblə müharibə vəziyyətində olarkən Türkiyə pilotsuz zərbə vasitələrinə ehtiyac duyması, "Baykar" şirkətinin böyük uğuru hesab edilməlidir. Hazırda Qətərdən başqa digər bir Yaxın Şərq ölkəsi ilə də bu PUA-ların satın alınmasına dair danışıqların getdiyi barədə qeyri-rəsmi məlumatlar mövcuddur.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6.5 m;
Hündürlüyü: 2.2 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1×Rotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 27 saat;
Fəaliyyət radiusu: 150 km.
Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;
Yanacaq tutumu 300 l benzin;
100 at gücünə malik daxili yanma mühərriki.

Üstün xüsusiyyətləri

Tam avtomatik uçuşa nəzarət;
3 ehtiyat modula malik malik avtopilot sistemi;
Yerüstü sistemlərdən asılı olmayaraq tam avtomatik qalxma və enmə;
GPS asılılığı olmadan daxili sensor vasitəsilə naviqasiya imkanı;
Marşrut üzrə tam avtomatik uçuş;
Daxili sensor dəstəyi ilə həssas avtomatik qaxma və enmə;
Tam avtomatik parklanma;
Yarı avtonom uçuş rejimlərinə dəstək;
Səhvlərə dayanıqlı və 3 ehtiyata malik sensor tətbiqi;
Çarpaz ehtiyata malik YKİ sistemi;
Orijinal aktuator bölmələri;
Orijinal lityum bazalı batareya bölmələri.

Texniki imkanlar

Uyğun rabitə məsafəsi;
LOS;
Qalxma və enmə;
Avtomatik buraxılış;
Dəyişdirilə bilən EO/IR/LD avadanlıqlar və ya çoxməqsədli AFAR.

Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya, Türkiyənin "Roketsan" şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib.

"Bayraktar TB2" zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir.

PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM, istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir.

Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir. İstifadəçilər canlı görüntüləri seyr edərkən həm qeydlər edə bilərlər, həm də bu qeydlərə bir çox etiketlər əlavə edə bilərlər. Bu qeydlər və etiketlər ilə arxiv videolarında axtarış aparmaq da mümkündür. Döyüş tapşırıq mətni bu qeydlərlə yaradılaraq ünvana (icracıya) göndərilə bilər. Arxiv sənədləri tarix və verilənlərə görə skan edilə bilər.

Sistem canlı və arxiv görüntülərə girişin etibarlılığını təmin etmək üçün avtomatik olaraq müvəqqəti parollardan istifadə edir və bununla da görüntü serverinə icazəsiz giriş önlənir.

Görüntü Transfer Sisteminə inteqrasiya edilə bilən əlavə mobil tətbiq sayəsində canlı yayımları "Windows" platforması olan mobil cihazlarda da izləmək mümkündür. Yüksək təhlükəsizlik məqsədilə şəbəkədə yayımlar mobil cihazlara tam şifrələmə və tək istiqamətli məlumat transferi (diyot tətbidi) yolu ilə etibarlı şəkildə ötürülür.

Yerüstü idarəetmə stansiyası

Yerüstü idarəetmə stansiyası aşağıdakılara malikdir:

NATO Spek ACE-III qorunma xüsusiyyətlərinə;
Radio Sistemləri;
Daxili rabitə sistemləri;
Tənzimlənən qüllənin çalışma sürəti;
Pilot konsolu;
Faydalı yük operatorunun konsolu;
Gürüntü qiymətləndirmə konsolu;
Şkaf tipli kabinetlər;
Güc qurğusu, filtrlər;
Enerji təchizatı bölmələri;
Hərbi tipli iki ədəd kondisioner qurğusu;
NBC Filtrasiya sistemi.

"Baykar"ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası (YİS) "Bayraktar TB2" platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir. Mobil YİS-dəki güclü rabitə antenləri "Bayraktar TB2" PUA-larına mövcud bölgələrə enmə və qalxma imkanı verməklə uçuş radiusunu genişləndirir.

Mobil YİS NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsinə, 12 m-ə qaldırıla bilən hidravlik anten platformasına, avtomatik anten yönləndirici sistemlərə, bütün bu sistemlərə hərəkətlilik verən və hidravlik dayaqlara malik güclü bir yük maşınından ibarətdir. "Baykar" orijinal dizayna malik mobil yerüstü idarəetmə stansiyası, sensor və nəzarət sistemləri sayəsində qısa müddətdə və etibarlı şəkildə hazırlanaraq istifadəyə verilə bilir. PUA-nın istehsalı və ixracı davam edir.

AKINCI

"Baykar Makina" tərəfindən hazırlanan "Akıncı" PUA-sı daha üstün texniki xüsusiyyətlərə malikdir. Yeni PUA-da Süni Zəkaya əsaslanan texnologiya tətbiq edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını həyata keçirir.

Təyinatı

"Akıncı" zərbə PUA-sı təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulur. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinifinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir.

"Akıncı" Elektron Dəstək modulundan, AESA (AFAR) radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə ediləcək AESA radarı isə ASELSAN tərəfindən istehsal edilir. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.

Sursatları

"Akıncı" PUA-sı MAM-L, MAM-C, "Cirit", L-UMTAS, UMTAS, BOZOK, MK-81, MK-82, MK-83, HGK (Hassas Güdüm Kiti), KGK (Kanatlı Güdüm Kiti), "Teber-82", "Gökdoğan" və "Bozdoğan" kimi lazer və ya idarəolunan raket və bombalardan istifadə edə bilir. "Akıncı" PUA-larının faydalı yükdaşıma imkanları F-16 qırıcılarının bütün döyüş sursatlarından istifadəyə imkan verir. Hələlik dünyanın yalnız iki ölkəsində hazırlanan və F-35 qırıcıları üçün nəzərdə tutulan ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin də "Akıncı"ya inteqrasiyası mümkündür.

Quruluşu

Quruluşuna görə "Uçan Balıq" da adlandırılan "Akıncı" PUA-ları aşağıdakı avadanlıqlara malikdir:

- Elektron dəstək modulu;
- AESA (AFAR) və SAR radiolokasiya stansiyası;
- REM kompleksi;
- EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsi;
- Peyk rabitə sistemi;
- Müxtəlif müşahidə, idarəetmə və nəzarət cihazları.

Xatırladaq ki, sadalanan bütün bu alt sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən AESA (AFAR) və müşahidə bloku ASELPOD yerli ASELSAN tərəfindən istehsal edilir.

AESA (AFAR) radarlarından F-16 qırıcılarının modernləşdirilməsində də istifadə edilir. Bu radarın dalğaları, müxtəlif tezliklərdə elektron qaydada saniyədə bir neçə min dəfə hədəflərə yönəldilir. Bu çevik imkan sayəsində AESA radarı eyni zamanda yüzlərlə hədəfi paralel izləyə bilir. Radarın bir xüsusiyyəti radar və elektromaqnit xəbərdarlıq qəbuledicilərinin bir mərkəzdə birləşməsidir. Bundan əlavə, "Akıncı" PUA-sının müxtəlif növ kilidlənən və idarəolunan sursatlarının istifadəsi bu radar tərəfindən dəstəklənir.

Taktiki-Texniki Xüsusiyyətləri

Bağlantı şəbəkəsi: LOSSATCOM
Radarları: AESA və SAR;
Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi: 4500kq;
Hündürlüyü: 4.1 metr.

Bir çox uğurlu layihələrə imza atan "Baykar Makina" tərəfindən hazırlanan zərbə tipli "Akıncı" PUA-sının qanad açılımı 20 metr, uzunluğu 12.3 metr, hündürlüyü isə 4.1 metrdir. PUA-nın uçuş yüksəkliyi 12200 metr, havada qalma müddəti 24 saat, daşınan faydalı yükün kütləsi 1350 kq (900 xarici, 450 kq daxili asqılarda), uçuş kütləsi isə 4.5 tondur. Zərbə PUA-sı sınaq prosesində TUŞAS Motor Sənaye A.Ş. (TEI) tərəfindən hazırlanan, hər biri 222 at gücündə olan iki ədəd PD-222 turbodizel mühərriki ilə təchiz edilib.

Mühərrik sahəsində istehsalçı şirkət ilə dünyanın 120 ölkəsinə məhsul satan Ukraynanın "Motor Siç" şirkəti ilə yaxından əməkdaşlıq əlaqələri yaradılıb. Artıq 5 tona qədər aviasiya vasitələri üçün nəzərdə tutulan, 950- 1050 at gücünə malik MS-500V-S və 450-630 at gücünə malik AI-450C turbopərli mühərrik ailələrinin bəzi versiyaları Türkiyə şirkətinə təhvil verilib. Seriya istehsalında bu mühərriklərdən istifadə ediləcəyi gözlənilir.

PUA-nın bu ilin sonuna qədər TSQ-nin silahlanmasına qəbul ediləcəyi gözlənilir.

Mənbələr

https://www.baykarsavunma.com/iha-16.html
https://www.defenceturk.net/mini-iha
https://tr.wikipedia.org/wiki/Malazgirt_%C4%B0nsans%C4%B1z_Hava_Arac%C4%B1
http://www.millisavunma.com/bayraktar-diha/
https://ru.qwe.wiki/wiki/Bayraktar_Tactical_UAS
https://www.baykarsavunma.com/iha-15.html
https://youtu.be/YLEvUcDn_g0
https://ordu.az/az/news/156670/turkiye-milli-pua-senayesinin-anasi-akinci-herbi-ekspert

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Baykar   Bayraktar   Akıncı   Azərbaycan   Türkiyə  

Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı "Baykar" (HƏRBİ EKSPERT) - I HİSSƏ

2020/07/1-—-3188401266.jpg
Oxunub: 8411     14:12     08 İyul 2020    