"N" hərbi hissəsində günün nizam qaydasına uyğun olaraq döyüş hazırlığı, ictimai-siyasi hazırlıq, taktiki və atəş hazırlığı dərsləri ilə yanaşı, fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkilinin şahidi oldum. Əsgərlər çavuş Murad Muradovun rəhbərliyi ilə idman şəhərciyinin qarşısında təyin olunmuş formada düzüldülər. İsinmə hərəkətləri icra olunduqdan sonra turnikdə, paralel qollarda və digər alətlərdə idman hərəkətləri yerinə yetirildi. Əsgərlərin idman hərəkətlətini böyük həvəs və çevikliklə yerinə yetirməsi əminlik yaradır ki, şəxsi heyət yetərincə fiziki hazırlığa malikdir.
Fiziki hazırlığa üstünlük verən və daima idmanla məşğul olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Murad Muradov dedi ki, hər yaşda idman insanın sağlamlığının cövhəridir. Cəlilabad rayonunda dünyaya göz açan Murad uşaq yaşlarından idmana maraq göstərdiyini bildirdi. Həmçinin birləşmə üzrə keçirilən beşnövçülük idman yarışlarının da iştirakçısı və mükafatçısı olduğunu dedi.
- Atam həmişə deyirdi ki, sağlam insanlar müharibə meydanında düşmənə qarşı mübarizə apararaq, həyatının hər anında güclü və dəyanətli olmalıdır. Mən də atamın dediklərinə əməl edib, həyatımın hər anında idmanla məşğul olacam və döyüş meydanından qalib əsgər kimi qayıdacam. İdmana olan marağımı və həvəsimi şəxsi heyətə də aşılayıram. Fiziki gücün döyüş hazırlığına müsbət təsirindən danışıram. Gündəlik təyin olunmuş saatlarda idmanla məşğul oluruq, bununla yanaşı, kütləvi idman tədbirləri, futbol, voleybol, qaçış, uzuna tullanma üzrə yarışlar keçirdirik. Bu da şəxsi heyətdə idmana olan marağı daha da artırır, sağlam mühit formalaşdırır. Təbii ki, döyüş hazırlığına da təsir göstərir. Gördüyünüz kimi, hər bir əsgərin fiziki hazırlığı yaxşıdır. İstənilən normativi yerinə yetirə bilirlər. Bir sözlə, döyüş meydanına girmək üçün həm taktiki cəhətdən hazırıq, həm də fiziki.
İdmana həvəs göstərən əsgərlərdən Firavan Səlimov, Xasay Cəfəri, Rəşad Pirəliyev və Sabir Həsənzadənin idman hərəkətlərinə diqqət edirəm. Onlar turnikdən sonra, paralel qollarda digər idman qurğularında məşqlərini davam etdirdilər. Çavuş M.Muradovun verdiyi bütün tapşırıqları uğurla yerinə yetirərək çeviklik və möhkəmlik nümayiş etdirdilər. Məşqlərini yekunlaşdıran əsgərlərlə qısa söhbət etdik.
Əsgərlər bildirdilər ki, idmanla məşğul olmaq özgüvənlərini artırır. "Silahlardan istifadə etməyi, döyüş taktikasını mükəmməl öyrənməklə yanaşı, fiziki vərdişlərimizi də artırmalıyıq ki, öyrəndiklərimizi döyüş meydanında cəld və vaxtında tətbiq edə bilək. Döyüş zamanı bir mövqedən digərinə ani bir zamanda sıçramaq, tez vaxtda özünə yeni mövqe tutmaq və digər fəaliyyətlər fiziki güc tələb edir. Bunun üçün də hər gün idmanla məşğul oluruq. Yaxşı bilirik ki, qarşımızda duran ən birinci vəzifə - torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunun üçün də Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq. Torpaqlarımızı yağılardan geri qaytarmaq üçün həm döyüş hazırlığımız, həm də fiziki hazırlığımız yüksəkdir. Düşməni məhv etməyə tam qadirik".
Hər zamankı kimi "sağlam bədəndə sağlam ruh olar" sözləri gəlir ağlıma. Əsgərlərimizin qolunda qüvvət, canında sağlamlıq, ürəyində Vətən sevgisi varkən, düşmənə qalib gələcəyimiz gün yaxındadır. (AO)
Ordu.az