Təl-Əviv məhkəməsi Netanyahuya yaxın köməkçinin vəzifəsinə qayıtmasına icazə verib

2026/06/1782404412.jpg
Oxunub: 197     20:16     25 İyun 2026    
Təl-Əviv Dairə Məhkəməsi İsrail Baş naziri Benyamin Netanyahuya yaxın köməkçi Yonatan Urixin baş nazirlə əlaqə saxlamasının qadağan olunması ilə bağlı Dövlət Prokurorluğunun müraciətini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Müraciət “Bild” qəzetinə məxfi sənədin sızdırılması işi üzrə Urixə qarşı ittiham irəli sürüldükdən sonra təqdim edilmişdi.

Hakim Ala Masarva bildirib ki, Urix istintaqın ən həssas mərhələlərində də Netanyahu ilə əlaqə saxlayıb. Hakim qeyd edib ki, hazırkı mərhələdə onun Baş nazir Aparatına daxil olmasının və Netanyahu ilə ünsiyyət qurmasının qadağan edilməsi tələbi problemlidir.

Qərarda bildirilib ki, zaman keçdikcə ədalət mühakiməsinə mane olma riski azalır. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən hadisələrin üzərindən artıq təxminən iki il keçib.

Beləliklə, məhkəmə Yonatan Urixin Netanyahu ilə iş fəaliyyətinə qayıda biləcəyinə qərar verib.

Xatırladaq ki, Yonatan Urixə 2026-cı il iyunun 11-də dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə məxfi məlumat ötürmək ittihamı irəli sürülüb.

İş 2024-cü ilin sentyabrında İsrail hərbi kəşfiyyatına məxsus məxfi sənədin Almaniyanın “Bild” nəşrinə sızdırılması ilə bağlıdır.

İstintaqın versiyasına görə, həmin nəşr Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı danışıqlarda Netanyahunun mövqelərini gücləndirmək cəhdinin bir hissəsi ola bilərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təl-Əviv   Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin