Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi sülh şəraitində ölmüş əsgər işlərinin hərtərəfli və obyektiv araşdırılması üçün İctimai Monitorinq İşçi Qrpunu yaradıb.
İstintaq Komitəsindən yayılan açıqlamada bildirib ki, yaradılan qrupun məqsədi hərbi qulluqçuların ölüm hadisələrinə görə, açılmış cinayət işlərinin müzakirə edilməsidir. İstintaq Komitəsinin sədr müavini, Baş Hərbi İstintaq İdarəsinin rəisi Artak Krkaşaryan da hər bir halda verilən suallara tam cavablar olacağına dair söz verib.
Sülh şəraitində ölmüş Tiqran Ohancanyanın anası Qohar Ohancanyan məsələyə qəzəbli şəkildə münasibət bildirib.
“Bu komissiya lazımsızdır. Komissiya qərəzsiz istintaq apara və məsələlərimizi həll edə bilməz, çünki komissiyanın sədri Artak Krkaşaryan Tiqran Ohacanyanın işi üzrə müstəntiq olub. O, işi gizlədir və sübutları yalan sayırdı.
Siz axı necə təsəvvür edirsiniz ki, o, özünə qarşı cinayət işi aça bilər. Komissiya hər hansı qərəzsiz proses apara bilməz. Mən ümumiyyətlə bilmirəm, bu komissiya fəaliyyətə başlayıb, yoxsa yox. Onlar yalnız toz üfürməklə məşğuldurlar. Heç bir cinayət işi üzrə proses başlamayıb, bizi çağırmayıblar, ictimai təşkilatlar xəbərdar deyil. Bu, bir şar idi, biz Krkaşaryanın başını partladacağıq”, - deyə ölən erməni hərbi qulluqçunun anası özündən çıxıb.
Alpər Mövludoğlu
Ordu.az