Şəhid anası: "Qürur duyuram ki, övladım Vətən uğrunda şəhid olub"

2019/04/56173-1554125378.jpg
Oxunub: 15404     15:14     01 Aprel 2019    
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, tədbirdə aprel döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri iştirak ediblər.

Qəbələ rayon Bum qəsəbə sakini, aprel döyüşləri zamanı Talış istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun zabiti, Sahil Şirinovun anası Şəhla Şirinova hələ də oğlunun şəhidlik zirvəsinə ucaldığına inanmadığını bildirib.

"Xəstəydim, amma dedim ki, mən ora mütləq getməliyəm. Sahilin adına bir ağac əkilirsə, ora getməliyəm. Allah yerdə qalan bütün övladlarımızı qorusun", - deyə o qeyd edib.

Aprel döyüşləri zamanı yeganə övladını Vətənə qurban verən Hürünisə xanım isə əslən Lənkəranın Cil kəndindəndir.

O, övladının şəhid olduğu Vətən torpaqlarında onlarla övlad qazandığını dilə gətirib: "Qürur duyuram ki, mənim övladım Vətən uğrunda, xalqının uğrunda, ana-bacısının uğrunda şəhid olub. Əgər bir dənə Əlizaman mən itirdimsə, gör neçə dənə əlizamanlar tapdım. İndi bilirəm ki, mənim övladım tək olmayıb. Onun yanında qardaşları olub, dostları olub, tanışları olub".

Tədbir çərçivəsində ailələr aprel döyüşləri zamanı şəhid olan 69 şəhidin hər birinin adına bir ağac əkib. Əkilən ağacın yanında şəhidlərin qısa həyat yolu yazılan lövhə vurulub.

Daşqın Abdullayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Aprel-döyüşləri   Tədbir  


Bizi "telegram"da izləyin