Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Meğri şəhər meri Mxitar Zakaryan sözügedən hadisə barəsində açıqlama verərkən deyib.
Onun sözlərinə görə, özünün Meğridə dislokasiya olunan hərbi hissə ilə sıx əlaqəsi var. Əsgərlərdən bir çoxunu şəxsən tanıyan şəhər meri hərbi hissəni tərk edən 200-250-dək olan hərbi qulluqçunun hamısının intizamsız olması fikri ilə razılaşmır.
Məlum olduğu kimi, Meğridə dislokasiya olunan hərbi hissənin hərbi qulluqçularından biri olan Karo Musaelyanın digər hərbi hissəyə köçürülməsi ilə bağlı qərara etiraz əlaməti olaraq 200-250 hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. Hərbi hissəni özbaşına tərk etdiyinə görə 20-dək hərbi qulluqçu ön xətt hərbi hissələrinə köçürülüb, bir neçə zabit tutduğu vəzifədən azad edilib. Ön xətt hərbi hissələrinə, xüsusilə işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun ön xətt bölmələrinə köçürülən erməni əsgərlərin valideynləri etiraz aksiyası keçiriblər.
Zakaryan bildirib ki, işi ilə bağlı həmin hərbi hissə ilə sıx əlaqədə olur. Hərbi hissəni tərk edənlərin 95%-nin normal əsgərlər olduqlarına əminliyini qeyd edir. O hesab edir ki, atılan addım yaş həddi ilə əlaqədardır. Hərbçilərin hərbi hissəni özbaşına tərk etdiklərini eşitdikdə ora səfər etdiyini və danışıqlar nəticəsində etirazlara son qoyulmasına nail olduğunu qeyd edib.
Ermənistanda mövcud vəziyyətlə bağlı hərbçilərin atdığı addımı qəbulolunmaz hesab etdiyini bildirən mer, hərbi hissə komandirinin döyüş hazırlığı üzrə artıq sabiq müavini polkovnik-leytenant Armen Qasparyanın əsgər Musaelyanın hərbi geyimini cırmasına dair yayılan məlumatlara gəldikdə isə söyləyib ki, probelm həmin hərbi qulluqçunun digərlərindən fərqlənməyə cəhd etməsidir.
Onun sözlərinə görə, Musaelyan evlərindən hərbi geyim gətirilməsini istəyib. Bu geyimin cibləri üst tərəfə çevrilmiş olub. Düşüncəyə görə “yaxşılar” belə geyinir. Şəhər meri qeyd edir ki, hərbi qulluqçular bu cür geyimin qadağan edildiyinə dair xəbərdar edilsələr də, bu hal təkrarlanıb. Həmin erməni hərbi qulluqçu haupvaxtdan yeni buraxılıb, belə ki, ona qarşı intizam cəzaları tətbiq olunubmuş. Bütün bu cəza tədbirlərinin onu tərbiyə etmədiyini gördükdə isə, digər bir hərbi hissəyə köçürülməsinə qərar verilib.
Qeyd edilən hərbi hissə komandirinin döyüş hazırlığı üzrə sabiq müavini, polkovnik-leytenant Armen Qasparyanı isə tanıdığı yaxşı zabitlərdən biri kimi xarakterizə edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyanın dediyi zabitlərin səhlənkarlıq etməsi faktına gəldikdə isə şəhər rəhbəri qeyd edib ki, əslində problem daha dərindir. Bu problem 1-2 ilin məsələsi deyil. Hardasa boşluğa yol verilib və kirlə dolub.
Ermənistan Baş Prokurorluğunun ictimai əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryanın verdiyi məlumata görə, hərbi hissəni özbaşına tərketmə faktı ilə bağlı Gorus qarnizonu prokurorunun müavini Sergey Xaçatryan tərəfindən hərbi vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırması və hakimiyyət səlahiyyətindən sui-istifadə etmə və ya fəaliyyətsizliyi maddələri üzrə iki cinayət işi açılıb.
Yeri gəlmişkən Meğri alayının komandiri 3-4 aydır dəyişdirilib. Ermənistan MN-in mətbuat xidmətinin katibi Artsrun Hovhannisyanın sözlərinə görə, yeni komandanlıq bu hərbi qulluqçuların imtiyazlarına qarşı mübarizə aparmağa cəhd edib. Həmin hərbi qulluqçuya qarşı intizam cəzaları tətbiq edilib, fayda vermədikdə isə digər hərbi hissəyə köçürülməsinə dair qərar verilib. Hovhanisyan bildirib ki, həmin hərbi qulluqçuların oğru aləmindən himayədarları olması barədə məlumatlar olduğuna görə hadisə ilə bağlı araşdırmalar aparılır.
Alpər Mövludoğlu
Ordu.az