Tamazyanın ölümü hərbi xidmətlə əlaqəlidir: Ermənistan MN yalan məlumat yayıb

2019/03/13630-1553770083.jpg
Oxunub: 8442     17:01     28 Mart 2019    
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçuların ölüm faktının gizlədilməsini hərbi xidmətlə əlaqəli olmaması ilə izah edir.

Ordu.az xəbər verir ki, martın 3-də keçirilən mətbuat konfransı zamanı Ermənistan MN-nin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan KİV nümayəndələrinə xəbərdarlıq edib.

O, məlumat verməyi verməməklə, gizlətməyi gizlətməməklə qarışdırılmamasını, hərbi xidmətlə əlaqəli olmayan ölüm faktlarını açıqlamadıqlarını, lakin bu və ya digər şəkildə mətbuatda peyda olduqda onu təsdiqlədiklərini bildirib.

“Kim deyir ki, bu faktları ilk növbədə bizim saytda yerləşdirməliyik?”, - deyən sözçü belə bir öhdəliyinin olmadığını bildirib.

Tert.am saytı öz məlumatlarına əsaslanaraq 2 ay ərzində erməni ordusunda ölən hərbçilərin olduğu, lakin rəsmi qurumlar tərəfindən bu barədə məlumat verilmədiyinə dair məqalə dərc etdikdən sonra Artsrun Hovhannisyan iradlara cavab verməli olub.

Hadisələrdən biri fevralın 12-də işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan erməni ordusunun (33651 nömrəli hərbi hissə) hərbi hissəsində baş verib. Belə ki, Ağdərə şəhərində yerləşən hərbi hospitalda Ermənistanın Alaverdi şəhər sakini, müddətli xidmət hərbi qulluqçusu Frunzik Tamazyan ilkin məlumata görə, böyrək çatışmazılğı, ürək dayanması diaqnozu ilə ölüb.

Ölən hərbi qulluqçunun atası keçmiş döyüşçü Valeri Tamazyan hesab edir ki, oğlu hərbi xidmətə sağlam göndərildiyindən bir gün içərisində ölə bilməzdi. O qeyd edir ki, 19 yaşlı oğluna vaxtında tibbi yardım göstərilməyib. Yanvarın 28-də ad günü ilə bağlı ölən oğlu ilə hərbi hissədə görüşdüklərini, səhhətindən heç bir şikayətinin olmadığını bildirərək, hazırda məhkəmə tibbi ekspertizanın rəyini gözlədiklərini qeyd edib.

İstintaq komitəsindən bildirilib ki, xidmətə laqeyd münasibət bəsləmə maddəsi üzrə cinayət işi açılıb. İlkin araşdırma davam edir. Lakin irəli sürülən ittiham onu sübut edir ki, ölüm faktı birbaşa hərbi xidmətlə əlaqəli olub. Buna baxmayaraq, Ermənistan MN məlumatı açıqlamaq əvəzinə gizli saxlayıb.

Frunzik Tamazyanın ölüm faktının hərbi xidmətlə əlaqəsi olub-olmadığı necə müəyyən edilir? Ermənistan MN-in İnsan Haqları mərkəzinin rəisi, polkovnik-leytenant Alik Avetisyan məsələyə belə izahat verib: “Hesab edirəm ki, meyarlar barədə qeyri-müəyyənlik var. Əgər hadisə evə gedərkən, məzuniyyətdə, yaxud səhhəti ilə bağlı baş veribsə, bunun hərbi xidmətlə bağlılığı yoxdur. Bu sahədə qanunda boşluq var və qaydaya salınmalıdır”.

Faktiki olaraq Ermənistan MN-in hansı ölüm hallarının hərbi xidmətlə bağlı olduğuna, hansı hallarda isə bağlı olmadığına dair hər hansı bir dəqiq meyar tələbi yoxdur. Erməni ekspertlər hesab edir ki, cəzaçəkmə müəssisələri, hərbi xidmət sahələri birbaşa dövlət himayəsində olduğuna görə burada baş verənlərin hamısına görə dövlət məsuliyyət daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin