Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçu H. Laertə qarşı sürülən ittihamda aşağıdakılar qeyd edilib.
O, müddətli xidmət hərbi qulluqçu olmaqla 14-28 sentyabr 2018-ci il tarixləri arasında döyüş növbətçiliyinə cəlb edilən heyət arasında ön xəttdə olub. Döyüş növbətçiliyi qrafikinə əsasən, ötən il sentyabr 27-si saat 21:00-23:00 aralığında müşahidəçi qismində döyüş növbətçiliyi təkibində olub.
Həmin vaxt döyüş növbətçiliyi tələblərinə əməl etməyərək, döyüş növbətçiliyi qaydalarını pozub, silahı doldurub, səhlənkarlıq nümayiş etdirib və xidmət zamanı yatıb. İttihama görə, o, müşahidəçinin vəzifə borclarını yerinə yetirərkən müşahidə məntəqəsinin içərisində vedrənin üzərində oturaraq, ona təhkim edilmiş və əvvəlcədən doldurulmuş silahını dizlərinə çəkərək yatıb.
Saat 22:55 radələrində hərbi qulluqçu Laertlə bərabər eyni vaxtda müşahidəçi olan sıravi hərbi qulluqçu X.Edmond onu oyatmağa çalışsa da, yatan Laert adlı hərbi qulluqçu, dizlərinin arasında olan doldurulmuş silahından ehtiyatsızlıq edərək bir dəfə atəş açıb. Nəticədə X.Edmond adlı hərbi qulluqçu sol budun yuxarı 1/3 hissəsindən dəlib keçən odlu silah yarası alıb. Ehtiyatsızlıqdan ağır yaralanan erməni hərbi qulluqçu məhkəmədə şikayətinin olmadığını bildirib və məhkəmə hərbi qulluqçu H. Laertə qarşı amnistiya müddəalarını tətbiq etməklə cinayət işinə xitam verib.
Ona qarşı seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Alpər Mövludoğlu
Ordu.az